Azərbaycanlı futbol məşqçisi, "Neftçi" və "Qarabağ" klublarında oynamış Eltay Aslanov Sportal.az saytına müsahibə verib. Futbol veteranı bu gün Misli Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi" və "Qarabağ" klubları arasında keçiriləcək oyundan gözləntilərini bölüşüb.
- "Qarabağ"ın son turda "Zirə"yə qalib gələ bilməməsi çox müzakirə edilir. Sizin həmin oyun haqda fikriniz necədir?
- Komandada yorğunluq hiss edilirdi. Bunun nəticəsi olaraq, oyun bərabər səviyyədə keçdi. Ola bilsin ki, "Qarabağ" ilk dövrədə "Zirə"yə böyük hesabla qalib gəlmişdi deyə, onlarda arxayınçılıq da var idi. Hər halda, yaxşı oyun alındı və sonda hər iki komanda bir xalla kifayətləndi.
- Amma bu, onlar üçün ardıcıl ikinci oyundakı xal itkisi idi. Hər halda, "Zirə" ilə matçdan əvvəl "Sabah"la da 0:0 oynamışdılar...
- Bunun səbəbləri var. Əsas səbəblərdən biri də odur ki, "Qarabağ"ın son iki turda qarşılaşdığı, Azərbaycan çempionatında qarşısına hədəf qoymuş klublardır. Özü də, "Qarabağ"a qarşı oyunlarda daha istəkli olurlar. Unutmayaq ki, "Sabah" da çempionluq uğrunda mübarizə aparır.
- Qurban Qurbanov "Zirə" ilə görüşdən sonra keçirilən mətbuat konfransında futbolçuların yorğun olduğunu bildirib. Necə düşünürsünüz, komanda olaraq bunu aradan qaldıra biləcəklər?
- "Qarabağ" böyük klubdur. Onlar bu işin öhdəsindən necə lazımdırsa, gələcək. Çünki qarşıda "Neftçi" ilə derbi oyunu var. Bu, futbolçular üçün böyük motivasiyadır.
- Bu gün "Neftçi" - "Qarabağ" derbisi oynanılacaq. Yorğunçuluq "Qarabağ"a maneçilik törədəcək?
- Öncə onu deyim ki, məncə, oyun çox maraqlı və gərgin keçəcək. Çünki söhbət derbidən gedirsə, demək ki, gərginlik daha da çox olacaq. Amma bu oyunda "Qarabağ"a heç nə maneçilik törətməyəcək. Çünki bu, böyük oyundur.
- İlk dövrədəki matçda "Qarabağ" rəqibinə qalib gəlməyi bacarmışdı...
- Oyun çox maraqlı alınacaq. "Neftçi" məğlubiyyətin əvəzini çıxmaq üçün oynayacaq. Revanş almaq istəyəcək. Amma mənim favoritim "Qarabağ"dır. Fikrimcə, onların qələbə qazanmaq şansı daha yüksəkdir.
- Yeri gəlmişkən, "Qarabağ"la çempionluq mübarizəsi aparan komanda "Sabah"dır. Bu klubun Ağdam təmsilçisindən üstün olacağını ehtimal edirsiniz?
- Qarşıda çox oyun var. İndidən bir söz demək olmur. Hər iki komandanın da xal itkisi olacaq. Məncə, çempionluq mübarizəsi "Sabah"la "Qarabağ"ın oyunlarında həll olunacaq. Hər şey də mümkündür. Mövsüm sonunda necə olacağını görəcəyik.
Mirbağırağa