Murad Musayev: "Sebalyosa görə bu gün 2 xal itirdik"

19:40 - 3 Dekabr 2022

"Sabah" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Demək olar ki, bu gün rəqibdən tamamilə üstün idik. "Şamaxı"nın təhlükəli epizodu yox idi. Təəssüf edirəm ki, bu gün qələbə qazana bilmədik. 10 nəfərlə qalmağımıza baxmayaraq matç bizim nəzarətimiz altında idi. Qələbə qazanmamışıqsa, günahı özümüzdə axtarmalıyıq. 25-ci dəqiqədə lazımsız hərəkətə görə qırmızı vərəqə gördük. Hazırda ikili hisslərim var. Komandaya ikinci hissədəki oyuna görə təşəkkür edirəm. Amma bu cür görüşlərdə 3 xal qazanmalıyıq.


- "Sabah" iddialı komandalarla daha baxımlı futbol oynayır, digər rəqiblərlə matçlarda sanki çətinlik çəkir. Bunun səbəbi nədir?

- Müdafiə olunan komandalara qarşı oynamaq çox çətindir. Belə matçlarda əlinə düşən fürsətləri dəyərləndirmirsənsə, günahkar özünsən.


- Sebalyos qol vurdu, sonra qırmızı vərəqə gördü. O, qəhrəmandır, yoxsa anti-qəhrəman?

- Qəhrəmanlıq barədə heç nə deyə bilmərəm. Əgər oyun epizodunda qırmızı vərəqə alsaydı, nəsə demək olardı. Nizam-intizamı pozub belə qırmızı vərəqə görürsənsə, qəhrəmanlıqdan söhbət gedə bilməz. Çünki, ona görə bu gün 2 xal itirdik.

 

- Dünən "Neftçi" "Qarabağ"a məğlub oldu. Bu, futbolçularda arxayınlıq yaradıb?

- Qələbə seriyalarından sonra peşəkarlıq ortaya çıxır. Əgər iddiamız varsa, avrokuboklara getmək uğrunda oynayırıqsa, peşəkarlığı heç vaxt unutmamalıyıq. Bu gün motivasiyanın çatmadığını deməzdim. Amma səhvlər etdik.


- Aleksey İsayevin durumu necədir?

- Heç nə deyə bilmərəm. Tibbi müayinədən sonra durumu aydın olacaq.

 

Elçin Əlixan

Xəbər xətti