Premyer Liqanın ən çox assist edən futbolçusu: "Hələ ki, ölkə xaricinə yollanmağı düşünmürəm" - MÜSAHİBƏ

11:53 - 6 Dekabr 2022

"Şamaxı"nın futbolçusu, bu mövsüm performansı ilə diqqətləri üzərinə çəkən Fuad Bayramov Sportal.az saytına müsahibə verib. Misli Premyer Liqasının 16-cı turunun "Sabah"la görüşündə baxımlı qola imza atan Bayramov bu mövsüm ölkə çempionatında ən çox assist edən futbolçu ünvanına da sahibdir.  

- "Şamaxı"nın "Sabah"la heç-heçə oynaması çoxları üçün gözlənilməz oldu.  Onlarla səfərdə 1:1 oynamağınızı necə şərh edərdin?
-
Ola bilər ki, bizim "Sabah"la 1:1 oynamağımız çoxları üçün gözlənilməz idi. Amma biz hər oyuna olduğu kimi, bu matça da qələbə üçün çıxmışdıq. Həftəiçi hazırlığımız da buna hesablanmışdı. Qələbə qazana bilməsək də, aktivimizə bir xal yazdırdıq.

- Yəni, oyundan əvvəl çempionluq mübarizəsi aparan "Sabah"a qalib gələcəyinizə inanırdınız...
-
Əlbəttə ki, inanırdıq. Oyundan əvvəl komandada əhval-ruhiyyə çox yaxşı idi. Qələbə və ya xal qazanacağımıza inanırdıq. Sona qədər də, istəyimizdən dönmədik və bir xalı qazandıq.

- "Sabah"ın meydanda azlıqda qalması işinizə nə dərəcədə müsbət təsir etdi? 
-
"Sabah" keyfiyyətli heyətə malikdir. Buna baxmayaraq, komandamız meydanın hər qarışı uğrunda mübarizə apardı. Qolumuz da, meydanda eyni sayda olanda vurduq. Yəni, biz də 10 nəfər idik, "Sabah" da.

- Son turlarda "Şamaxı"nın əzmlar mübarizə aparıb uduzmamasını nə ilə əlaqələndirirsən? Növbəti turdakı rəqib isə "Zirə"dir. Həmin oyunda necə, uğurlu nəticəyə ümid edirsiz?
-
Əvvəlki oyunlara nəzər yetirsək, biz hər oyunda əzmkarlıq nümayiş etdirmişik. Ancaq son dəqiqələrdə ani diqqətsizlikdən qol buraxırdıq. Ruhdan düşmədik, məşqçilər korpusunun verdiyi tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdıq. Bunun da nəticəsidir ki, son 4 turdur ki, meydanı məğlub olmadan tərk edirik, xallarımızı qazanırıq. "Zirə" ilə oyunda bu seriyanı davam etdirməyə çalışacağıq.

- "Sabah"la matçda baxımlı qola imza atdın. Necə alındı ki, o cür qol vurdun? Öncədən qapıya zərbə vurmağı düşünürdün, yoxsa asma edirdin?
-
Epizodun əvvəlində ötürmə verməyi fikirləşirdim. Ancaq qapıçının əlverişsiz mövqedə olduğunu gördüm və ötürməyəbənzər zərbə vurdum. Şadam ki, qolla nəticələndi.

- Ölkə çempionatında bu mövsümün tapıntılarından hesab etmək olar səni. Yeddi assistlə hamıdan öndəsən. Bu mövsümə qədər bəlkə də, çox adamın sənin haqda məlumatsız idi...
-
Bəli, bu mövsüm assist sayında birinci yerdəyəm. Ancaq bu, məni qane etmir. Hələ qarşımızda marafon var. Bu birinciliyi davam etdirməyə çalışacam. İnanırdım ki, nə vaxtsa mənə də belə şans gələcək. "Şamaxı" klubuna və məşqçilər korpusuna təşəkkürümü bildirirəm ki, gənclərə güvənib, şans yaratdılar. Mənə verilən şansı yaxşı dəyərləndirməyə çalışıram. Oyunlarda mənə motivasiya verən isə ailəm və dəstək olan insanlardır. 

- Artıq adın Premyer Liqanın bir neçə klubu ilə hallanır. Qışda "Neftçi", "Zirə" və ya başqa iddialı klublardan birində səni görə bilərik, yoxsa bu, yayda baş verəcək? Ölkə xaricinə yollanmaq niyyətindəsən?
-
Hələ ki, bu haqda düşünmürəm. Qarşımızda olan iki turu uğurlu çıxış etməyə köklənmişəm. Qış fasiləsində bu haqda düşünməyə zamanım olacaq. Hələ ki, ölkə xaricinə yollanmağı düşünmürəm. Daha çox işləməliyəm, təcrübə toplayıb hazır formada xaricə getmək məqsədəuyğundur.

Mirbağırağa

Xəbər xətti