"Bəlkə də, millimizin məşqçiləri Azərbaycan pasportuna sahib olmağımdan xəbərsizdir"

14:17 - 27 Sentyabr 2023

Karyerasını "Eqnatiya"da davam etdirən Vüsal İsgəndərli Albaniya çempionatında geridə qalan 5 turda qol hesabını açmağı bacarıb. Komandasının aparıcı oyunçularından birinə çevrilən yarımmüdafiəçi Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin siyahısına düşə bilməməsinə münasibət bildirib.

Sportal.az saytına açıqlama verən futbolçu “Eqnatiya”da əsas heyət üzvü olmasına rəğmən, millidən dəvət gəlməməsi haqda bunları deyib:

"Milli komandamızın sonuncu toplanışından sonra mənə yığmamızın üzvlərindən, azarkeşlərdən, jurnalistlərdən çox mesaj gəldi. Əslində, əvvəllər millidən dəvət gəlməməsi mənə daha çox maraqlı gəlirdi ki, niyə belə olur? Türkiyədə oynayırdım, qollarımı vursam da millidən yenə dəvət gəlmirdi. Gəldim Azərbaycana, hər matçda start heyətində meydana çıxdım, ancaq yenə milliyə cəlb olunmadım. İndi isə Albaniya çempionatında lider komandada start heyətində oynayıram, qol vururam, məhsuldar ötürmə verirəm, milli komandadan dəvət gəlmir.

Məsələn, "Keşlə"də(indiki "Şamaxı") oynayanda ilk matçlarda mənə dəvət gəlmədi və baş məşqçiyə bununla bağlı sual verilmişdi. O isə demişdi ki, tribuna ilə çox danışır. Sonradan dəvət gəldi. İndi də, milliyə dəvət olunmamağımla bağlı sualı mənə yox, bir dəfə də Canni De Byaziyə verilsə, yaxşı olardı. Arada düşünürəm ki, bəlkə ölkə xaricində oynadığımı heç millidəkilər bilmir. Bəzən isə fikirləşirəm ki, bəlkə də millinin məşqçiləri Azərbaycan pasportuna sahib olmağımdan xəbərsizdir".

Mirbağırağa

Xəbər xətti