"Göründü ki, "Neftçi"yə çempionluq qazandıracaq məşqçi Mutu deyil" - MÜSAHİBƏ

13:34 - 29 Dekabr 2023

"Neftçi"nin sabiq qolkiperi Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib. 

- "Neftçi" Adrian Mutu ilə yollarını ayırdı. Səncə, rumıniyalı mütəxəssis "Neftçi"yə nəsə qazandırdı, yoxsa qalsaydı da heç nə verməyəcəkdi?

- Adrian Mutudan gözlənti o idi ki, "Neftçi" çempionatda iddialı olacaq. Komanda çempionluq uğrunda mübarizə aparmalıydı. Ancaq göründü ki, artıq elə ehtimal qalmayıb. Ona görə də, yəqin ki, rəhbərlik Mutunun fikirləri dinləyiblər. Rəhbərlik ona şərait də yaratmışdı. Amma qarşılığını verə bilmədi. Hər şey göz qabağındadır. "Neftçi"nin çempionluq şansı azdır. Klub rəhbərliyi götür-qoy etdikdən sonra Mutu ilə ayrılığa qərar verdi. Nəticələrdə dəyişikliyin olması mümkün deyildi. Adlı-sanlı olmaq rol oynamır, iş başqadır. Mutu tanınmış futbolçulardan idi, amma işini gördük. Göründü ki, "Neftçi"yə çempionluq qazandıracaq məşqçi Mutu deyil. 

- Hər halda, çempionatın ikinci yarısı qarşıda idi. Səncə, mövsümün sonunu gözləmək olardı, yoxsa vaxt itkisi idi?

- "Neftçi" rəhbərliyi Mutudakı potensialı gördü və gözləməyə ehtiyac duymadı. Ondan gözləntilər başqa idi. Komandanı yaxşı səviyyəyə çatdırmalı, çempionluq mübarizəsində olmalı idi. Mövsümün sonunu gözləməkdənsə, Mutu da işinin öhdəsindən gələ bilməyəcəyi göründüyü üçün yollar ayrıldı. 

- "Neftçi" baş məşqçi postuna Miodraq Bojoviç gətirildi. Onun bu komandaya nəsə qazandıracağına ümidin var?

- Yaxın dostum var, Rusiya Premyer Liqasında futbolçuları, məşqçiləri var, futbol agentidir. "Neftçi" mənim komandamdır, orada illərlə əziyyət çəkmiş biriyəm. Mənim üçün də Bojoviçin nə edə biləcəyi maraqlıdər. Bojoviç Rusiyada "Dinamo", "Amkar" kimi komandalarda çalışıb. Agent Bojoviçə 10 ballıq şkalada 5 qiymətini verdi, pis də məşqçi olmadığını söylədi. Amma indidən haqqında ümumi nəsə söyləmək düzgün deyil. "Neftçi"nin məsuliyyətini başa düşən məşqçi, anlamalıdır ki, burada nəticə olmalıdır, komanda çempionluq uğrunda yer almalıdır. Yəqin ki, Miodraq bunu başa düşür və dəyişiklik üçün ən yaxşısını etməyə çalışacaq. Gözləmək lazımdır. İndidən demək olmaz ki, Bojoviç 100 faiz nəsə edə bilər və ya 100 faiz nəsə edə bilməz. Zamana ehtiyac var. Qış fasiləsindən sonra keçiriləcək 2-3 turdan sonra məlum olacaq ki, Bojoviç “Neftçi”də oyunla bağlı nəsə dəyişiklik edib, ya yox. Gözləmək lazımdır.

- Bojoviçin Rusiyada işlədiyi vaxtlarda Emin Mahmudov, Azər Əliyev və Rezuan Mirzov da ona rəqib olublar. Onun həmin futbolçuları tanımasının "Neftçi" üçün hər hansı üstünlüyü var?

- Ola bilər ki, tanıdığı oyunçulardır. Amma bəlkə futbolçu o vaxtı başqa formada olub, indi başqa formadadır. Tanıdığı futbolçulardırsa, bəlkə də onlarla işləmək, tələb etmək daha asan olacaq. Lakin inanmıram ki, məşqçi hansısa futbolçu ilə hansısa ölkədə işləyibsə, ona daha çox güvənsin, daha çox inansın. Bu da ola bilər, olmamağı da mümkündür.

- Miodraqın "Neftçi"yə qışda yeni futbolçular gətirəcəyini necə, ehtimal edirsən?

- O, yeni baş məşqçidir, futbolçularla bağlı qərarlar verə bilər, təbii ki, yeni futbolçuların olmasını istəyər. Amma inanmıram ki, çox dəyişiklik etsin. Mutunun vaxtında nə qədər legioner gətirmişdilər. Rəhbərlik bu qədər pul xərclədi ki, hər şey yaxşı olsun. Hər halda, qışda da transfer edərlər, amma o dərəcədə çox olacağına inanmıram. Bojoviç bu yükün altına girirsə, məsuliyyəti dərk edir, nəsə addımlar atacaq. Amma düşünmürəm ki, legionerləri yola salıb, yenə o qədər gətirsinlər. Bir komandaya baş məşqçi gəlirsə, istədiyi futbolçuları cəlb etməlidir. Daha çox futbolçu transfer etmək çətin olacaq. Bir məsələ də var ki, qısa zamanda nəsə etmək asan deyil. Yüksək səviyyədə dəyişiklik olacağını düşünmürəm. “Qarabağ”la xal fərqi çoxdur. Onlarda çempionluq şansı daha çoxdur. Bojoviç qısa zamanda yaxşı nəticələrə doğru nəsə etməyə çalışacaq. Zamana ehtiyacı var. Qışdan sonrakı 1-2 turdan sonra biləcəyik ki, Bojoviç "Neftçi"də dəyişiklik edə biləcək ya, yox.

Mirbağırağa

Xəbər xətti