Samir Abasov: "Hər şey ürəyimizcə oldu"

23:22 - 16 Yanvar 2024

"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün Özbəkistanın "Soqdiana" klubunu 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. O, təlim-məşq toplanışının yaxşı keçdiyini bildirib:

"Plana uyğun olaraq bu gün Antalyada son yoxlama oyunumuzu keçirdik. Hava şəraitinə görə matçın təxirə salınacağından narahat idik, amma, şükürlər olsun ki, oyun baş tutdu və proqramımızdan kənara çıxmadıq. Bu gün bəzi oyunçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq görüşlərinin özəlliklərindən biridir. Uşaqlar da oyuna tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin, toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldır.

Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq sabah Vətənə yola düşürük. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var".

Xəbər xətti