"Fernandu Santuşun Azərbaycan millisində böyük uğurlar qazanacağı inandırıcı gəlmir" - MÜSAHİBƏ

14:39 - 5 Sentyabr 2024

Azərbaycan milli komandasının sabiq kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandasını bu gün İsveçə qarşı oyun gözləyir. Millimizin hazırkı heyəti bu oyunda uğur qazanmağa qadirdir?

- Bəli, bu gün millimizin ağır oyunu var. Çətin olacaq. İsveç yığmasını son matçda 3:0 udmuşuq. Ona görə millimizi ciddi və çətin oyun gözləyir. Aşağı-yuxarı eyni heyətdir. Yəqin ki, məşqçimiz çempionat oyunlarını izləyib, götür-qoy edərək heyəti müəyyənləşdirib. Bizim millidə futbol oynaya bilən oyunçularımız var. Heyət baxımından pis deyilik. Həmişəki kimi, ümidliyik ki, yaxşı nəticə olacaq.

- Heyətdə sizin üçün gözlənilməz kimsə var idi? Ümumiyyətlə, gözlədiyiniz, ancaq dəvət edilməyən kim qaldı?

Eyni heyətdir. Düzdür, Şahruddin Məhəmmədəliyev zədə səbəbindən yoxdur. Bu da millimiz üçün böyük itkidir. Mahir Emreli də yoxdur. O, hansı səbəbdən yoxdur, bilmirəm. Hər halda, Fernandu Santuş oyunları izləyib və heyəti seçib. Nəsə artıq bir şey deməyə ehtiyac yoxdur. 

- Fernandu Santuşun Azərbaycan millisində ilk rəsmi oyunu olacaq. Hazırlıq üçün az vaxt var idi. Səncə, bu müddətdə Santuş futbolçulara nə tapşırıq verəcək?

Baş məşqçimiz yeni gəlib. Oyunçuları yaxından tanımır. Düzdür, oyunlarını yəqin ki, izləyib. Hamısının nəyə qadir olduğunu bilir. Sadəcə taktiki, futbol baxımdan hər şeyi izah edə bilməsə də, müəyyən şeylər az da olsa, oyunda görünməlidir.

- Portuqaliyalının Azərbaycan millisindəki debütünü necə ehtimal edirsən? Səncə, İsveçlə matçda uğurlu nəticə mümkündür? 

İstəyərik ki, millimiz qələbə qazansın, yaxşı oynasın. Ona ümidliyik. Baş məşqçi yenidir. Bütün oyunçuların hamısını yaxşı tanımır. Ancaq istənilən halda, inam var, yenə inanıram. Layiqli oyun göstərəcəklərinə inanıram. Qələbəyə də inanıram.

- Canni De Byazinin vaxtında İsveçi Bakıda 3:0 məğlub etmişdik. Yəqin ki, İsveç millisi həmin nəticənin təsadüfi olduğunu sübut etmək istəyəcək?

- Doğrudur, Canni De Byazinin vaxtında İsveçi 3:0 məğlub etmişdik. Bu tarixi qələbə idi. Ancaq hər oyun fərqli olur. Həmin görüşdə İsveçdə elə də yüksək motivasiya yox idi. İndi isə birinci oyundur, İsveç üçün də vacib oyundur, motivasiya başqa olacaq. Üstəlik, İsveç 3:0 hesablı məğlubiyyətini yaddan çıxarmayıblar, revanş almaq istəyəcəklər. Bu matç 3:0 olan oyuna oxşamayacaq, tam başqa cür olacaq. Ancaq yenə də inanırıq ki, millimiz qalib gələcək. 

- Ümumiyyətlə, Santuşun Azərbaycan millisində uğurlu nəticələr qazanacağına inamın var? 

İstəyərdik ki, millimizdə Santuş uğur qazansın. Hər bir Azərbaycan vətəndaşının arzusu, istəyidir. Ancaq Santuşun Azərbaycan millisində böyük uğurlar qazanacağı inandırıcı gəlmir. Onun əvəzinə yerli gənc məşqçini təyin edib, şans, zaman verilsə, nəticələr də yaxşı olacaq. Bu mənim fikrimdir. Təki, fikrimdə yanılım, Santuş nəticə versin. Biz də sevinək.

Mirbağırağa

Xəbər xətti