Samir Abasov: "Azarkeşlərə şikayət maraqlı deyil"

17:49 - 8 Noyabr 2024

"Neftçi" Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəmdir ki, Azərbyacanın hər yerində qeyd olunur. Oyuna gəldikdə, çox çətindir nəsə demək. Birinci günlərlə müqaysiədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü. Bu gün biz "Neftçi" olaraq oyunların tempinə hələ ki, tab gətirə bilmirik. Bu, bizim görülən problemimizdir. Çalışacağıq. Milli fasilə var. Bəlkə bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, ikinci hissədə hücum qurmaqda nə qədər əziyyət çəkirik. İşləyəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Edə bilsək, təbii ki. Matçdan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsaz, aqressiv, templi oynasaz....Futboldur, rəqib standart vəziyyətlərdən qol vura bilər. Problemlər oyundan-oyuna daha da görünür. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk.

- İlk hissədə hesab 2:0 olanda, Dembo Darbo qapıya zərbə əvəzinə ötürmə etdi. Ofsayd vəziyyətindən sonra isə gülürdü. Bu, oyunun qırılma anı idi?

- Epizoda uzaqdan baxırıq. Analiz etməliyik ki, nəsə fikir bildirək. Bəzi hallarda futbolçunu pas vermədiyinə görə qınayırsan. Gülümsəməyinə gəldikdə, burada neqativ axtarmıram. Hesab da 2:0 idi. Rahatlıq var idi bir az. Çox əziyyət çəkdiyimiz məqamlar, kiminsə qol vurması yox, son nöqtələrdə futbolçuların verdiyi qərarlardır. Problemlər üzə çıxır. Bəlkə də Darbo vursaydı, daha rahat olardıq.

- "Neftçi" elə klubdur ki, hər uğursuzluqda nişangaha baş məşqçi gəlir. Hazırda komandada ən ciddi problem fiziki məsələdir. Deyirlər Samir Abasov da gəldi, dəyişən heç olmadı. Fiziki məsələ ilə bağlı planınız nədir?

- Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram. Situasiyadan çıxmaq istəyirik. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. Görəcək işlərimiz çoxdur. Nəsə deməyim düzgün çıxmaz. Etik deyil. Etik olsa da, "Neftçi" camiəsi üçün maraqlı deyil. Bunu anlayıram.

- Yeqor Boqomolskini aşağılamaq kimi çıxmasın, onda görmüsüz ki, şans verirsiz?

- Ümidləri doğrultmaqdan söhbət getmir. 90 dəqiqə oynasaydı da, məşqçi üçün göstərici deyil ki, onun haqda qərar verək. Ümumi analiz etsək, Boqomolski girdiyi təhlükəli epizodlar filan, ritmdən düşmüş Darbodan daha yaxşı idi. Bir-iki epizodda düzgün qərar versəydi, qol olardı. Biz nə istəyirik? Kimsə yorulubsa, tapşırıqları yerinə yetirmirsə, onu bir nəfərlə əvəzləməlisən. Boqomolski Darboya baxanda daha önə qaçan futbolçulardandır.

- Azarkeşlər komandanı alqışlamadılar. İlk oyundakı partlayışdan sonra sanki onların da ümidləri tükənib...

- Qatı azarkeşlər? Burada olanda, olmayanda da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Bizim situasiyamızda baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarımız var? Nə deyə bilərik? Hamısı özünə görə haqlıdır. Nə edirlərsə, düzgün edirlər.

- "Sumqayıt"da olarkən "Neftçi"ni analiz etmisiz. Bu komandaya gəldikdən sonra hansı durum daha dəhşətli gəlir sizin üçün?

- Çiynimizə yük olsun ki, o durumdan çıxaq. Uda bilmirik hələ ki. "Sumqayıt"da baş məşqçi olanda, "Neftçi"nin içində deyildim, oyunçular haqda informasiyam yox idi. Burada baş məşqçinin istəyilə yığılan futbolçulardır. Mən dediklərim heç kimə maraqlı deyil. Əsas odur ki, vəziyyətdən çıxa bilək.

- Sizcə, Murad Məmmədov gələcəkdə fərq yarada biləcək oyunçu ola bilər?

- Muradda öz yaşına görə ən yaxşı xüsusiyyət çox futbol istəyi var. Oynamaq istəyir, aqressivdir. Belə futbolçular tez inkişaf edir. Bu xüsusiyyət ona inkişaf etməkdə təkan olacaq. Heç nədən çəkinmir. Murad oynadığı birinci hissədə yaxşı işlər gördü. Onun tərəfdən qapımıza da hücumlar getdi. Murad oynaya-oynaya artırmalıdır. Akademiyamızın futbolçusudur. Heç olmasa indiki situasiyada o cür futbolçular qazanarıq.

Mirbağırağa

Xəbər xətti