Qurban Qurbanov: "FKSB-nin prezidentinin bu cür açıqlama verməsini normal hesab edirəm"

13:37 - 22 Yanvar 2025

UEFA Avropa Liqasının VII turunda keçiriləcək "Qarabağ" - FKSB matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Qurbanov daha sonra jurnalistlərin suallarını da cavablandırıb:

"İlin ilk Avroliqa oyunudur. Bu oyuna tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. FKSB çox yaxşı nəticələr göstərmiş komandadır. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq. Hazırıq da. Vacib qələbə əldə etmək istəyirik".

- Heyətdə itkilər var. Bu itkilərdən çıxış edərək, sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiz?

- Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər, hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.

- FKSB-nin prezidentinin Gigi Bekali deyib ki, komandası "Qarabağ"ı məğlub edəcək. Bununla bağlı fikriniz necədir?

- Normal. Bu idmandır. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdur. Normal yanaşıram.

- Rəqiblər açıqlananda FKSB ilə bağlı nə düşünürdüz? Onları turnir cədvəlinin üst pillələrində görmək sizin üçün gözlənilməzdir?

- Rəqiblər açıqlananda elə bir ciddi fikrim olmadı. Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. Sadəcə hazırlıq zamanı dəyişiklik olur. Amma FKSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var.

- FKSB-nin ən güclü tərəfi hansıdır?

- Futbol kollektiv oyundur. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir.

- "Qarabağ"ın sahibi Abdulbari Gözəl bəy bir neçə gün əvvəl vəfat etdi. Onun dünyasını dəyişməsi klub daxilində hansı ab-havanı yaradıb? Onunla bağlı düşüncələriniz necədir?

Ağır itkidir. Həm klub, həm də Azərbyacan futbolu üçün belədir. Onun "Qarabağ" və mənim üzərimdə, həmiçin Azərbaycan futbolu üzərində böyük haqqı var. Atdığı addımı düşünərək edən biri idi. "Qarabağ" klubunun uğuru üçün ürəkdən və sevərək addımlar atıb. Onun kimi insanın bizi tərk etməsi hər birimiz üçün böyük itkidir. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə qədər etsək də, hələ biz bunu yadımızdan tezliklə çıxara bilməyəcəyik. Allah rəhmət etsin.

- Avropa Liqasında 24-lüyə düşmək üçün bu matçda qələbə qazanmalısız. Bu məqam komandada psixoloji təsir edir?

Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Etdiyimiz kiçik uğurlardır. Onları etmək asan deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə rəqibi də nəzərə almaq lazımdır. Asan komanda deyil

- Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Bununla bağlı komandaya tapşırıqlar vermisiz?

Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçulara hansı hakimin hansı məqama önəm verdiyi barədə məlumatlandırırıq. 

- Baş məşqçi kimi Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsio Regekampfın komandalarına qarşı oynamısız. Hansı məşqçini daha güclü sayırsız?

Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Futbolda böyük imzaları var. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, hər birinin futbolda böyük imzası var. Onlara uğurlar arzulayıram. 

- Uzun illərdir ki, "Qarabağ"a rəhbərlik edirsiz. Rumıniyada isə klublar tez-tez baş məşqçini dəyişirlər. Adətən maksimum 2 il işləyir məşqçilər. Rumın məşqçilərə məsləhətiniz nə olardı?

Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacam(gülür).

Mirbağırağa

Xəbər xətti