"Biz təkcə Azərbaycanla kifayətlənməyəcəyik" – VİDEO+FOTOLAR

18:12 - 3 Fevral 2025

“QOLAT Sport Service” son vaxtlar Azərbaycan futbolunda daha çox adı hallanan, sosial şəbəkələrdə haqqında paylaşımlar edilən şirkətdir.

Biz də qərara gəldik ki, xüsusilə yerli gənc, istedadlı futbolçulara üstünlük verən şirkət rəhbərliyi ilə görüşüb söhbət edək.

Şirkətin həmtəsisçisi və direktoru Səid Bağırovdur. “QOLAT Sport Service” dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Səid Bağırov “Sportinfo TV”yə açıqlamasında bildirib ki, 2015-ci ildə kiçik bir komanda ilə hobbi kimi başlanılan iş 3 il sonra daha da genişlənməklə rəsmi şirkətə çevrilib:

“Bundan sonrakı periodda şirkət idman turnirlərinin təşkili işində ölkənin ən tanınan qurumuna çevrilib.

Bunlarla yanaşı, şirkət olaraq xaricdə futbol dərsləri və yaxud da ölkədən kənardan mütəxəssisləri Azərbaycana dəvət edərək, gənc futbolçulara dərslər keçirilməsi üçün proqramlar həyata keçiririk. Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir”.

“QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoru Səid Bağırov lisenziyalı FİFA agentləri siyahısında yer alır. O, imtahan dönəminə ekskursiya edərək, həmin prosesi növbəti dəfə bizimlə bölüşdü:

"İmtahan prosesi həyəcanlıdır. Bu, mənim ilk imtahanım idi və Türkiyədə yerli futbol federasiyası (TFF) tərəfindən təşkil olundu.

2023-cü ilin sentyabrında keçirilən imtahan üçün biz iyunda qeydiyyatdan keçərkən, AFFA FİFA-nın imtahan siyahısında yox idi.

Bu səbəbdən də Türkiyə variantını seçdim. Azərbaycanda imtahan verərək, lisenziya alan ilk şəxsəm. İmtahanı 3 dildə verə bilərsiz - ingilis , fransız və ispan.

Mən ingilis dilini seçmişdim. Təsəvvür edin ki, suallar daha çox analiz qabiliyyəti, hesablamalar, FİFA futbol və agent qaydaları haqqında idi.

Ən çətini isə 1 sualın birdən çox cavabı olmasıdır və hamısını düzgün seçməlisiz. Birini düz, digərini səhv seçsəz, cavab səhv olaraq qeydə alınır.

Mən universitetdə müəlliməm. Bəlkə də bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim”.

İş adamı onu qeyd edib ki, “QOLAT Sport Service” ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçirir:

“İdman idarəçiliyi bizim işimizdir. Rəsmi şəkildə agentlik fəaliyyətinə başlamışıq və artıq bir çox oyunçu ilə anlaşmalarımız var.

Bir çoxları da vasitəçilyimizlə müxtəlif klublara transfer olunublar. Biz təkcə Azərbaycanla kifayətlənməyəcəyik.

Çünki dil biliklərimiz sayəsində xarici futbol klubları ilə də əlaqələr qurmuşuq.

Düşünürəm ki, yaxın perspektivdə əcnəbi futbolçuların da Azərbaycan klublarına transferlərini həyata keçirəcəyik”.


Xəbər xətti