Ehtiram Quliyev üzünü çevirib futboldan getsə... - AFFA ilə iş adamı arasındakı soyuq münasibət

14:28 - 24 Fevral 2025

Uzun illərdir ki, Azərbaycan klublarına yaxın duran iş adamları yox idi. Klub rəhbərlərinin əksəriyyəti ya məmurlar, ya da onlara yaxın adamlardır.

"Turan Tovuz" bu mənada fərqlilik gətirdi durğunlaşmış futbol reallıqlarımıza. Nəhayət, bir iş adamı bölgəsinə bağlılıq göstərərək arxa çıxdı torpağının komandasına. Ehtiram Quliyev bu işə elə həvəslə girişdi ki, həm komanda qurur, həm də klub. "Turan Tovuz" avrokuboklar uğrunda mübarizə aparır, klub üçün infrastruktur qurulur. 

Gələcəyə ümid verən layihədir. Lakin hadisələrin gedişatı onu göstərir ki, hər şey yarıda qala bilər. Səbəb Ehtiram Quliyevlə AFFA arasındakı gərgin münasibətlərdir. Ötən gün "Turan Tovuz" "Şamaxı" ilə oyundan əvvəl bəyanat yayıb, AFFA cavab bəyanatı ilə "barmaq silkələyib". 

Azərbaycan futbolu adına xoşagəlməz durumdur. Bir tərəfdə futbol təsərrüfatına yeni nəfəslə gələn federasiya rəhbərliyi, o biri tərəfdə futbola böyük yatırımlar edən iş adamı... 

Məncə, "Turan Tovuz"la AFFA arasındakı soyuq münasibətin kökləri daha dərindədir. Tək yanlış hakim qərarları olsaydı, nə var idi ki... Yeni AFFA rəhbərliyi gəldiyi ilk vaxtlardan Ehtiram Quliyevə laqeyd münasibət sərgilədi. Klub rəhbərinin federasiyaya dəfələrlə müraciət eləməsinə baxmayaraq, meydançanın qazonunu dəyişdirmək məsələsində heç bir dəstək vermədi. 

AFFA rəhbərliyi qəbul eləmək istəmir ki, belə davam edəcəyi halda itirən Azərbaycan futbolu olacaq. Günlərin bir günü hər şeydən bezən Ehtiram Quliyev üzünü çevirib futboldan gedəcək. Və uzun illər divizionlarda vaxt keçirən Tovuz təmsilçisi yenə əvvəlki halına düşəcək. 

Əgər AFFA SOCAR xəttiylə gətirilən sponsorlara ümid edirsə... Bu şirkətin əli olan klubların durumu göz qabağındadır. 

Federasiya rəhbərliyi iş adamlarına daha isti münasibət göstərməli, onlarla işləməyi bacarmalıdır. İstər iş, istərsə də məişət həyatında bəzən imkanlı adamlarla danışmaq çətin olur. Əksəriyyəti tanrılıq iddiasına düşür, ayağının altını görmək istəmir. Amma Ehtiram Quliyevi yaxından tanıyanlar onun çox sadə, xoşxasiyyətli biri olduğunu deyirlər. Belə adamla dil tapmaq mümkündür. Sadəcə federasiya rəhbərliyi indiki halda eqoyla davranmalı deyil, dağıtmaq yox, qurmaq, küsmək yox, barışıq etmək təfəkkürüylə yanaşmalıdır yaranmış duruma.

Həmid

Xəbər xətti