Sevilyada sabah baş tutmalı olan İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşması gözlənilən “Real” oyunda iştirak etməyə bilər.
Sportal.az xəbər verir ki, İspaniyanın məşhur idman proqramı "El Chiringuito"nun məlumatına görə, “Real” klubunun hüquqşünasları hazırda matçın hakim heyətindən rəsmi üzr tələb edən bəyanat üzərində işləyirlər. Madrid klubunun rəhbərliyi qarşıdakı saatlarda oyunda iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərar verəcək. Klub daxilində yaranmış vəziyyət gərgin hesab olunur.
Klub prezidenti Florentino Peres baş verənlərdən dərin narahatlıq keçirdiyini bildirib. O, final matçı öncəsi hakimlər tərəfindən səsləndirilmiş bəyanatlara görə təəccüb və narazılıq ifadə edib.
Xatırladaq ki, hakimlərin emosional çıxışı qalmaqala səbəb olub
Final oyununun baş hakimi təyin edilmiş Rikardo de Burqos Benqoetxea mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib. O, klub televiziyası “Real TV”nin tənqidlərinə toxunaraq deyib:
“Uşağım evə ağlayaraq gəldi. Məktəbdə ona dedilər ki, atası oğrudur. Bu, insan üçün çox ağır hissdir.”
VAR sistemi üzrə təyin olunmuş hakim Pablo Qonsales Fuertes isə klub televiziyasında yayımlanan materiala görə “ciddi nəticələr” olacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, “Real Madrid TV” daha əvvəl yayımladığı videoda de Burqosun “Real”ın əvvəlki oyunlarında yol verdiyi hakim səhvlərini qabardıb və onun finala təyin edilməsini ədalətsiz hesab edib.
Hazırda finalın təyin olunmuş vaxtda keçirilməsi planlaşdırılır. Lakin “Real”ın bu gərginlik fonunda oyuna çıxmaqdan imtina etməsi ehtimalı gündəmdədir.
saytlarin hazirlanmasi