"Hansısa futbolçu ilə müqavilə imzalamamışıq, danışıqlar gedir"

13:48 - 18 İyun 2025

"Karvan"ın Premyer Liqaya hazırlıqları davam edir. İndiki durumda əsas məqsəd yeni komanda formalaşdırmaqdır. Həm yerli, həm də xarici futbolçularla danışıqlar gedir. Lakin hansısa futbolçu ilə müqavilə imzalamamışıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.

O, seleksiya xarakterli məşqin olacağını da bildirib: "Kollektivi formalaşdırmaq üçün seleksiya xarakterli məşqimiz olacaq. Həm yerli, həm xarici futbolçulara da baxacağıq. Birinci Liqada komandanın 3-cü yeri tutmasında əməyi olan oyunçular da orada iştirak edəcək. Rəqabətdən qalib ayrılanlarla müqavilə imzalayacağıq".

"Karvan" Premyer Liqada ev oyunlarını doğma stadionunda keçirəcək. Kərimovun sözlərinə görə, klub rəhbərliyi də bunun üçün lazımi addımları atır:

"Çox güman ki, yaxın günlərdə meydançamızın təmiri ilə bağlı işlərə start veriləcək. Klub prezidenti Şahmar Vəliyevin də göstərişi odur ki, əsas meydançamızın örtüyü təbii ot olsun. Köməkçi meydançamızda da işlər gedəcək. Orada süni örtüklü meydança olacaq. İşlər paralel aparılacaq. Çalışacağıq ki, meydançamız hazır olsun və Premyer Liqada ev oyunlarımızı Yevlax şəhər stadionunda keçirək. Bizim möhtəşəm azarkeşlərimiz var. Onların dəstəyinə ehtiyac duyacağıq".

Mirbağırağa

Xəbər xətti