Ehtiram Quliyevin hədəfi - Kurban Berdiyev "Turan Tovuz"u çempion etməlidir

17:17 - 9 Avqust 2025

İş adamlarının Azərbaycan futboluna maraq göstərmədiyini qətiləşdirmişdik artıq. Tam bu vaxtda səhnəyə o çıxdı, Ehtiram Quliyev. Tovuzlu biznesmenin "Turan Tovuz"u himayəyə götürməsi xəbəri bir anda gündəm oldu. Çoxdandır ki, torpaq bağlılığına görə hansısa iş adamının doğma yurdununun klubuna sahib çıxmasını görmürdük. Deyilənlərə görə, özündə turançılıq ideologiyasını daşıyan Ehtiram bəyin qərarına klubun adı da təsir edib. Yeri gəlmişkən, cənab prezident İlham Əliyev də bu barədə danışarkən mövqeyimizi açıqlayıb: “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Bizim ailəmiz Türk dünyasıdır".

Ehtiram Quliyevin bu sahəyə gəlişi yalnız futbol anlamında yox, həm də vətənpərvər bir adamın aramızda olması baxımından çox vacib məsələdir. Tanınmış futbol funksioneri Tahir Süleymanovun belə bir fikri var ki, Azərbaycan futbolunda ziyalılıq çatmır. Məncə, həm də vətənpərvərlik! Bu gün ölkə futbolunu geri salan əsas məqamlardan biri milli kadrların azlıq təşkil etməsidir. Bu başqa mövzudur, yazdıqca uzanacaq, əsas fikirdən uzaqlaşmalı olacağıq...

Ehtiram Quliyev növbəti mövsüm üçün "Turan Tovuz"un qarşısına qoyduğu tələbi açıqlayıb - "Hədəf çempionluqdur!"

Çox iddialı açıqlamadır. Hətta "Sabah" və "Neftçi" kimi illik büdcəsi 30 milyon manat civarında olan klubların rəhbərləri belə bu cür hədəflər açıqlamağı üzərinə götürmürlər. 
Açığı, çətin görünür. Çünki "Turan Tovuz" nəinki "Qarabağ", hətta bir neçə digər klubumuzdan da maddi imkanlarına görə geri qalır. Futbolda peşəkarlıqla yanaşı maliyyə də olmalıdır. Hər halda Ehtiram bəy belə bir iddiada bulunubsa, təcrübəli Kurban Berdiyev də bu işi üzərinə götürübsə, deməli, hesab-kitablarını aparıblar bu çətin yolda. 

"Turan Tovuz" çempion olmasa da, Ehtiram bəyin haqqını vermək lazımdır. Bir vaxtlar elitadan uzaq düşən, gününü aşağı liqada keçirən köklü kluba yenidən inam gətirib. O, uzun illərdən sonra Tovuz klubuna əvvəlki əzəmətini qaytarıb, iddialı komandaya çevirib. İnam olan yerdə nəticələr də gələcək. Necə deyərlər, niyyətin hara, mənzilin də oraya!

Emin Abbasov

Xəbər xətti