"Araz-Naxçıvan" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, bizi bu matçda nə gözləyir. Ağır oyun alındı. Hər iki komanda meydançada çoxlu mübarizə apardı. Bu gün meydanda istədiyimizi etməyə çalışırdıq. İstədiyim komandanı gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə, hücum və müdafiə planında daha da yaxşı komanda olacağıq.
- Mövsümə tez başlamağınız üstünlükdür, yoxsa "Omoniya"ya məğlubiyyətlər psixoloji cəhətdən təsir edib?
- Bu gün yaxşı mübarizəli oyun getdi. Futbolçular bu tempə, dinamikaya öyrəşirsə, təqdirə layiqdir. Düşünmürəm ki, avrokuboklar bizə müsbət və ya mənfi təsir edə bilər. İlk dəfə ölkəmizi avrokubokda təmsil edirik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, amma alınmadı. Təzyiqə gəldikdə, 5 ildir ki, mövsümün əvvəli məni göndərirlər. Şayiələr normaldır. Onu da hansısa insanlar yaradır. Şayiələrə fikir verib, işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olacağıq. Tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam o geridönüşü etməyi bacarır. Kollektiv bərkdir, onlara inanıram. Turlar getdikcə daha da yaxşı "Araz-Naxçıvan" görəcəksiz.
- Penalti epizodu haqda nə düşünürsüz?
- Mənim fikrimi soruşursuz... Mən də planşetdən baxıram. Ucuz penaltini heç öz lehimizə də istəmərəm. Penalti qərarı səhv idi.
- Niyə mərhələ adlamağı başınızdan yuxarı tullanmaq kimi dəyərləndirirsiz?
- Ona başqa prizmadan yanaşmaq olar. Siz fikirləşirsiz ki, heyətimizə 4-5 oyunçu qatdıqca, mütləq qruplarda olacağıq? Avrokuboklar təcrübə tələb edir. Gözümüzün qabağında "Qarabağ" nümunəsi var. İllərdir addım-addım qruplara gəliblər. İstəklə bağlı olan bir şey deyil. Komanda özü formalaşmalıdır ki, avrokuboklarda da ardını gətirsin. Biz də bilirdik ki, yeniyik. Elə nüanslar olur ki, tək meydançaya yox, hər şeyə təsir edir. Ona görə komanda olaraq, biz də çalışdıq. Alınmadısa, tək "Araz-Naxçıvan"ı nümunə kimi göstərməyə ehtiyac yoxdur. Bizdən başqa komandaların da oyunları alınmadı.
- İqor Ribeyronun gedişindən sonra müdafiədə sıxıntı çəkirsiz?
- "Barselona"nın baş məşqçisindən Messinin çatışmadığını soruşsalar, o da sual olaraq qalacaq. İqor mövzusu qapanıb. Sərəncamımda olanlar inanıram ki, onun yerini layiqli şəkildə dolduracaqlar.
Mirbağırağa
saytlarin hazirlanmasi