“Real”ın sabiq hücumçusu Mariano Dias Kriştiano Ronaldodan nə öyrəndiyini danışıb.
Sportal.az xəbər verir ki, futbolçu 2016/17 mövsümündə Madrid klubunun əsas heyətinə düşmüşdü. Həmin vaxt klub La Liqanı və Çempionlar Liqasını Kərim Benzema, Qaret Beyl və Ronaldo üçlüyü ilə qazanıb. Mariano 14 oyunda 5 qol vurub.
“Həmin il inanılmaz idi. Hər Çempionlar Liqası oyununu qazanacağımıza inanırdıq. Biz çox, çox cəlbedici futbol oynayırdıq. Kriştiano hücumda əla çıxış edirdi, hamı yüksək səviyyədə idi.
Mən Kriştianodan çox şey öyrəndim. Düzgün gün rejimini, məşqə erkən gəlməyi, necə müalicə olunmağı, məşq etməyi, bərpa olmağı, oyuna hazırlaşmağı və s.
Bu, mənim oynadığım ən yaxşı komandalardan biri idi. Burada yalnız əsas heyət oyunçuları yox, həm də mətbuatın “Plan B” adlandırdığı futbolçular çıxış edirdi. Bir az qəribə səslənsə də, açığı, Plan B demək olar ki, Plan A ilə eyni idi.
Komanda məşqdə qazanmayınca oyunlar bitmirdi. Bəzən əlavə vaxta keçirdik və o zaman “qızıl qol” vurulurdu. Biz geridönüşlər üçün məşq edirdik və elə bil “Real” nəhayətində həmişə qalib gəlirdi”. – deyə hazırda “Alaves”də çıxış edən Mariano bildirib.
saytlarin hazirlanmasi
