Samir Abasov üçün sinifdənxaric oxu - bundan sonra çətin ki, böyük klubda işləsin

14:31 - 24 Noyabr 2025

Azərbaycan futbolunda yerlilərin potensial səbəbilə “ikinci sort” olması “ənənəsi” əzəldən olub. Bu mövzuda dönüş nöqtəsində isə Qurban Qurbanovun xidməti böyükdür.

Ən çox o bu klişeni dağıtdı.

Ancaq hər şeydən çox yerli amilinə dəstək məhz idman mediasından gəlib. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Samir Abasov da bu məsələdən kamını almış yerli məşqçilərdəndir.

Bəli, özünün rolu hər şeydən əhəmiyyətli olub, ancaq Abasov son illər “o deyildi”. Sadəcə, dəstək, dəstək və dəstək…

Məhz buna görə o, yenidən “Neftçi”yə qaytarıldı. Yoxsa arxalandıqları da onu “ağ-qaralar”ın sükanı arxasına gətirə bilməzdi.

Buna idman mediasının müstəqil qismi zəmin yaratdı.

Və onun ikinci “Neftçi” dönəmi bitirici/tükəndirici təsirlə yadda qaldı.

Abasov artıq əvvəlki nüfuzda olmayacaq. Buna haqqı qalmayıb.

Təəssüf ki, o, bu dönəmdə sabit xarakterli olmaması haqda təxminləri doğrultdu…

Samirin ən pis şakəri komandasına böyüklük etməməsi, şəxsi mənafesini üstün tutması oldu. O, qələbənin memarı kimi önə çıxır, məğlubiyyətdə isə min cür bəhanə uydururdu.

Manipulyativ cəhdləri daha çox inkişaf etdi. Samiri müasir futbol trendlərindən uzaq tutan məqamlardan biri də onun məşqçi komandası idi. O komandanı da səhv yığmışdı…

Samir bundan sonra çətin ki, böyük klubda işləsin. İslah olunacağına, ciddi inkişafa nail olacağına ümid vermir.

Və ən pisi, Samirə dəstəyi ən çox müstəqil fikirli, ədalətli olmasına görə verənlər indi əksini düşünür. Rza Cəfərov kimi gənc, Emil Balayev kimi təcrübəli yerli qapıçıları inkişaf etdirmədi, geri atdı, onlardan ciddi üstünlüyü olmayan Piriç üçün daha çox imkan yaratdı. Transfer əməliyyatlarından sonra Abasovun ədalətli və müstəqil olmadığını iddia etməyə ciddi səbəblər yarandı.

Bilinən və bilinməyən səbəbləri də boxçana yığıb, mənfəətli dəstəkçilərinin yanına getməyin vaxtıdır, Abasov. Yaxşı yol…

Elçin Cəlilov, Futbolpress.az

Xəbər xətti