Qurban Qurbanovun rəhbərliyi altında müxtəlif dönəmlərdə demək olar ki, hər mövqeyə yaxşı futbolçular tapıb gətirən "Qarabağ" qapıçılarla bağlı həmişə problemlər yaşayıb. Müqayisədə götürəndə, İbrahim Şehiçi digərlərindən daha üstün hesab etmək mümkündür.
Ötən mövsümün əvvəllərində iki əcnəbi qapıçı gətirilsə də, nə Koxalski, nə də Buntiç ümidləri doğrultdu. Çoxsaylı qapıçı səhvləri ilə müşayiət olunan mövsümdə "Qarabağ" bu sarıdan da xeyli əziyyət çəkdi.
Lakin bu mövsüm Mateuş Koxalski çərçivədə inamlı görünür. Polşalı əlcək sahibinin çıxışını dəyərləndirmək üçün qapıçılar üzrə məşqçi Etibar Tarverdiyevə müraciət etdik. Sportal.az saytına açıqlama verən təcrübəli mütəxəssis Koxalskinin çıxışındakı irəliləyiş barədə danışdı:
"Polşalı qapıçı ötən mövsüm ümidləri doğrultmurdu. Hiss olunurdu ki, uyğunlaşmaqda çətinlik çəkir. Lakin bu mövsüm "Qarabağ"da tam fərqli Koxalski görürük. Həm liqamıza uyğunlaşıb, həm də ən əsası Çempionlar Liqasının ab-havasına düşə bilib.
Onun "Borussiya" Dortmund klubunun maraq dairəsində olub-olmadığına dair məlumatım yoxdur. Amma bilirsiz ki, Polşada dünya səviyyəli qapıçılar yetişir. Avropanın aparıcı klublarında polşalıların potensialına güvənirlər. Buna görə, Koxalskinin də gələcəkdə Avropanın aparıcı çempionatlara transfer olunacağını istisna etmirəm".
saytlarin hazirlanmasi
