"Qarabağ" - "Sabah" matçındakı azarkeşliyi şişirtmək "tupoy”luqdur" - Samir Abasov

14:34 - 4 Mart 2026

"Neftçi"nin sabiq baş  məşqçisi Samir Abasov qalmaqallı açıqlama ilə diqqət çəkib.

Sportal.az Sportnet.az-a istinadən xəbər verir ki, o, Misli Premyer Liqasında keçirilən “Qarabağ” – “Sabah” (3:3) görüşündən danışıb. 

S.Abasov matça gələn azarkeş sayının çox olmasının müzakirə edilməsini “tupoy”luq adlandırıb: “Sabah” komandası geridönüşlə qələbəni əldən verən nə ilk, nə də sonuncu komandadır. Çempionlar Liqasının pley-off mərhələsində “Borussiya” (Dortmund) Almaniyada “Atalanta”nı 2:0 hesabı ilə udduğu halda, cavab görüşündə 1:4 hesabı ilə uduzdu. Belə şeylər olur da... Normaldır. “Sabah”a afərin, çox yaxşı oynadı. Xüsusən, ilk yarıdakı çıxışı çox xoşuma gəldi. “Qarabağ”a da afərin. Çünki çox yorğun vəziyyətdə, zədəli və cəzalı oyunçularının olmasına baxmayaraq, xarakter göstərdi və hesabı 3:3 etdi.

Hər iki komandaya təşəkkür edirəm. Sadəcə, azarkeşləri “ay bu qədər idilər” deyə şişirtmək mənə çatmadı. Bu sözlərimin qış, yay bilmədən daim sevimli komandalarının yanında olan, oyunlarına gələn azarkeşlərə aidiyyəti yoxdur. Çünki “Sabah” da, “Qarabağ” da, məsələn, “Karvan-Yevlax”la oynasaydı, onlar gələcəkdilər. Əksinə, məncə, çempionluğa oynayan iki komandanı böyük hissəsi boş tribunalar önündə görmək üzücüdür. Bu, azarkeşlik baxımından bizim futbolumuzdur, reallığımızdır. Ona görə də azarkeş məsələsini şişirtmək absurddur. Kim deyirsə, bu, “tupoy”luqdan başqa bir şey deyil. Əksinə, tribunaların dolmasını gözləyirdim. Görünən budur ki, bizim futbola maraq yoxdur ki, yoxdur”.

Xəbər xətti