"Əsassız iddialara baxmayaraq, Türkiyənin hüquq-mühafizə orqanları işimizi araşdırdı və günahsız olduğumuzu sübuta yetirdi".
Sportal.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Türkiyədə həbs olunan muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov deyib.
O bildirib ki, Araz Musayev onların tanımadıqları adamları şahid kimi istifadə edirmiş:
"Amma şahidlər bizi tanımırdılar. Adam federasiyanı ələ keçirmək üçün bizi ölkədən kənarda həbs etdirməyə cəhd göstərirdi. Qanun öz dili ilə danışdı. 9 ay əziyyət çəkdik. Araz Musayevin 9 qat dünya çempionu olmasıyla bağlı iddiasına görə nazirliyə şikayət edəcəm ki, araşdırılsın. 24 yaşında 16 yaşlı idmançılar arasında dünya çempionu olub. Kimin hesabına? Haqq öz yerini tapacaq".
Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular. Məhkəmə istintaqı dövründə onların barəsindəki həbs qəti imkan tədbiri ev dustaqlığı qəti imkan tədbiri ilə əvəz edilmişdi.
Ötən gün Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Türkiyənin Antalya şəhərində keçirilən məhkəmə prosesində adı çəkilən şəxslərin təqsiri sübuta yetirilməyib və cinayət işinə xitam verilib.
saytlarin hazirlanmasi
