Xarici klubların Addaiyə olan marağı - SƏBƏBİ VAR

14:06 - 7 Mart 2026

Emmanuel Addai "Qarabağ"a gəlib-getmiş ən sirli futbolçulardan biri hesab olunur. Nə əminliklə yaxşı demək olmur, nə də ki barəsində pis futbolçu demək doğru deyil. Amma bir şeyi mütləq vurğulamaq lazımdır ki, gəldiyi ilk mövsümlə müqayisədə indi daha yaxşı təsir bağışlayır. 

Təzə gəldiyi vaxtlar o qədər tərs-məzhəb oyun sərgiləyirdi ki, ötürmə yerinə zərbə, zərbə əvəzinə ötürmə verməyi adiləşmişdi. Lakin Qurban Qurbanov zamanla qanalı futbolçuya necə doğru oynamağı öyrədə bildi. Əslində, heç hazırda da ideal görünmür. Lakin müqayisədə xeyli fərq var. 

Xarici mətbuatda yayılan xəbərlərə görə, Addai "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi olmuş iki komandanın diqqət mərkəzindədir - "Napoli" və "Ayntraxt". 24 yaşlı futbolçu ÇL-də 1 qol vurub, Premyer Liqada isə 3 qol. O gün ölkə kubokunda "Şamaxı"nın qapısından da iki qol keçirdi. 

Hücuma meyilli oyunçu üçün 38 oyuna 6 qol çox deyil. Addai "Qarabağ"ın əsas heyət oyunçusu da sayılmır. Bəs, xarici klubların ona maraq göstərməsinə səbəb nədir? 

İlk baxışdan qəribə gələ bilər. Lakin adıçəkilən klubların skautları bu futbolçuya göz qoyublarda, bu, səbəbsiz deyil. Məsələ burasındadır ki, Avropa futbolunda sürətli, fiziki gücü olan futbolçulara tələbat və maraq böyükdür. Addaidə bu keyfiyyətlər var. "Qarabağ"ın ağır keçən  və məğlubiyyətlə yekunlaşan "Napoli" ilə səfər matçında ən yaxşı Addai idi. Qanalı sürəti və gücü hesabına dəfələrlə uzun məsafələrə top daşımaqla "Napoli" müdafiəsinə çətin anlar yaşatmışdı. 24 yaşlı futbolçunun məhz bu bacarığı xarici klubların ona olan marağını artırır.

Yəqin taktiki geriliyi arada qaldıra biləcəyi düşüncəsindədilər. "Napoli", "Ayntraxt" olmasa da, Addaiyə görə "Qarabağ"ın yaxşı təklif alacağı dəqiqdir. 

Həmid

Xəbər xətti