Hamı Kaşkilyanı qınayır, o da Ayxan Abbasovu - "İmişli"nin qələbəsizlik seriyası 11-ə çatdı

22:05 - 8 Mart 2026

"Şamaxı" rahat nəfəs ala bilər. Ayxan Abbasov böyük ölçüdə onun qarşısına qoyulan tapşırığı yerinə yetirib. Çətin ki daha aşağıda olanlar "Şamaxı"nı haqlaya bilsənlər. Məsələ heç də yalnız yığılan xallardan getmir. Ayxan Abbasovun komandası möhkəm təsir bağışlayır, bundan sonra da xallarını toplayacağına şübhə yoxdur. 

"İmişli" ilə bağlı vəziyyət isə bir qədər mürəkkəbdir. Jorj Kaşkilyanın komandası 11 turdur qələbəyə həsrətdir. Yeganə təsəllisi odur ki, heç-heçələri məğlubiyyətlərindən daha çoxdur. Lakin çempionatın əvvəli ilə müqayisədə "İmişli"nin oyunları daha çətin alınır. 3-cü dövrənin yekununda "Qəbələ" və "Kəpəz"in 6 xallıq fərqi əridib "İmişli"ni 11-ci pilləyə salması da istisna deyil. 

"İmişli"ylə bağlı daha bir maraqlı məqam Kaşkilyanın "Şamaxı"ya münasibətidir. Qubada bərabərə qalan bərabərsəviyyəli oyundan sonra iki xal itirdiklərini deyən portuqaliyalı mütəxəssis bu dəfə də "Şamaxı"nın "bostanına daş atıb". Kaşkilya rəqibin tez-tez qayda pozuntusu etməklə tempi bilərəkdən aşağı saldığını deyib. Bir növ "Şamaxı"nı anti-futbol oynamaqda suçlayıb. 

Ayxan Abbasovun cavabı gecikməyib. Az qala bütün oyunlarda meydana heç-heçə üçün çıxan, dərin müdafiədə oturan "İmişli"nin nə özü oynadığını, nə də rəqiblərə oynamaq imkanı verdiyini vurğalayıb. Qəribə mənzərədir. Hamı Kaşkilyanı qınayır, o da Ayxan Abbasovu. 

Fikrət

Xəbər xətti