"Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü komandadır" - "Vestri"nin baş məşqçisi

19:13 - 8 İyul 2026

İslandiyanın "Vestri" klubu UEFA Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"la üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Daniel Osafo-Badu: matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə güclü bir komandaya qarşı oynamaq çox həyəcanvericidir. Komandam üçün çətin oyun olacaq. Lakin öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik.

​- Ötən mövsümlə müqayisədə “Qarabağ”da dəyişikliklər olub. Hazırlıq zamanı bunu nəzərə almısınız?

- Oyunçular dəyişsə də, baş məşqçi eynidir. Əminəm ki, onlar baş məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun üslubu baxımından dəyişiklik yoxdur. Bu, Çempionlar Liqasında izlədiyimiz eyni oyundur.

- Püşkatmadan əvvəl bu komanda haqqında məlumatınız var idi?

- Mən futbolu sevirəm və “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar haqqında məlumatlı idim.

- Püşkatmadan sonra oyunçularınız “Qarabağ”ın rəqibləri olduqlarına görə sevinmişdilər. Bunun səbəbi nə idi?

- Azərbaycan gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü komandadır.

- Bəs, hansı amillərin sayəsində mərhələni adlaya bilərsiniz?

- Planlarımı açıqlamaq istəmirəm. “Qarabağ” topla fəal oynayır, hücum edir və texnikalıdır. Bəlkə də əks-hücumlara üstünlük verəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm.

Xəbər xətti