Valdas Dambrauskas: "Böyük həyəcanla oyunu gözləyirik"

18:51 - 6 İyul 2026

"Sabah" iyulun 7-də UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ümid edirəm ki, yeni mövsüm bizim üçün uğurlu olacaq. Qarşımızda böyük bir məsuliyyət var. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcəyik. İnanıram ki, çıxışımız uğurlu olacaq. Böyük həyəcanla oyunu gözləyirik. Avstriyada iki həftəlik təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, oyuna hazırıq. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onların hər zaman bizim yanımızda olmalarını istəyirəm. Sabah meydanda əlimizdən gələni edəcəyik.

- Avstriyada keçirdiyiniz yoxlama oyunlarında komandanın göstərdiyi performans sizi qane etdi?

- Təlim-məşq toplanışında bizim üçün yaxşı şərait yaradılmışdı. Güclü rəqiblərlə qarşılaşdıq. 21 məşqimiz olub. İstərdim ki, məşqlərin sayı daha çox olsun. Oyunçular istədiyimiz formaya yaxındırlar. Yeni gələn futbolçularla bağlantılar qurmaq lazımdır. Təlim-məşq toplanışında bunun üzərində çalışdıq. Çox yaxşı hazırlaşmışıq. Ötən ilin bu vaxtı ilə müqayisə etsək, klub olaraq bir addım öndəyik.

- "Sabah" rəqibin hansı üstünlüklərindən çəkinə bilər?

- İndi detallara varmaq istəməzdim. Bununla bağlı oyunçulara kifayət qədər məlumat vermişəm. TNS çox təcrübəli komandadır. Uzun müddətdir komandada çıxış edən futbolçuları var. İkinci yerdə gedən rəqiblərini 20 xal qabaqlayaraq çempion olublar. Hər oyunda meydana qələbə üçün çıxırlar. Rəqibin hücum xəttində elə oyunçuları var ki, yarım qol fürsətini dəyərləndirə bilirlər. Biz daha çox öz oyunumuzu düşünməliyik. Belə turnirlərdə yüz faizdən daha çoxunu etmək lazımdır.

Elçin Əlixan

Xəbər xətti