Son olaraq Maldiv adalarında "Maziya" klubunda çempionluq yaşamış azərbaycanlı müdafiəçi aktiv futbolçu karyerasını başa vurub. O, "Zirə"də yeni yaradılmış skautinq departamentində çalışacaq. 25 yaşlı artıq veteran futbolçu qəsəbə klubunda keçidini Sportal.az saytına şərh edib:
"Xarici klublardan bəzi təkliflərim var idi. Amma artıq yorulmuşdum və xaricdə oynamaq istəmirdim. Evdə qalmaq istəyirdim. Bakıya gəldikdən sonra Eltun Yaqublu ilə görüşdüm. Mənə planlarından danışdı, çox maraqlı gəldi. Azərbaycanda az komandada olan skaut departamentində yer alacam. İnanıram ki, hər şey alınacaq. Futboldan sonra tez bir zamanda fokusu dəyişmək asan olmayacaq. Amma özümə inanıram. Çalışacam ki, komandaya tez bir zamanda fayda verim və kimlər ki, mənə inanıb, kluba dəvət edibsə, onların da etimadını doğruldum".
Məmmədzadə, xarici klublarda oynamasından danışıb: "Açığı, Premyer Liqamızdan təklif yox idi. Ona görə də xaricə yollanmışdım. Çünki bizim I Liqada da kifayət qədər pul yoxdur. Xaricdə oynamağın ən əsas və mənfi tərəfi evdən uzaq olmaq idi".
