"Qurban Qurbanov böyük məşqçidir" - "Dinamo"nun BƏƏ-dəki məktəbinin rəhbəri

19:37 - 13 Avqust 2026

"Qarabağ"ın sabiq forvardı, “Metallurq”(Donetsk), “Vorskla”, “Panionios”, “Obolon”, “Krivbas”, “Qarabağ” kimi klublarda oynamış Denis Sokolovski "since1951" saytına müsahibə verib. Sportal.az xəbər verir ki, hazırda BƏƏ-də "Dinamo" futbol məktəbinin sahibi olan ukraynalı bu gün keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü haqda da danışıb. 

- Denis, ilk növbədə sizi salamlayırıq. Futbol karyeranızı başa vurduqdan sonra nə işlə məşğulsunuz?

- Çox sağ olun. Mən də sizi salamlayıram. Son 10 ildə Dubayda "Dinamo" (Kiyev) uşaq futbol məktəbini qurmuşam. Noyabrda 10 ili tamam olur. Məşq keçirəm burada. 2 il öncə çempion olduq. Son mövsüm isə 4-cü. Özüm arada həvəskar futbol oynayıram. Ümumi götürəndə heç nə dəyişməyib. Futbolun içindəyəm,futbolla yaşayıram.

- Aradan uzun illər keçməsinə baxmayaraq, “Qarabağ” adı sizin üçün nə ifadə edir? Azərbaycanda və “Qarabağ” klubunda keçirdiyiniz illəri necə xatırlayırsınız?

- Xatırlayıram. 2005-ci ildə "Qarabağ" mənə təklif göndərdi. O vaxt heyətimiz az idi. 18 futbolçu var idi. İqor Ponomaryov yaxşı işlər görürdü.

- "Qarabağ"da oynadığınız dövrlə indiki komandanı müqayisə etsəniz, ən böyük fərqi nədə görürsünüz? O vaxt xəyal etdiyiniz “Qarabağ” bu gün gördüyümüz kluba çevrilibmi?

- "Qarabağ" mənim sevimli klubumdur. Avropada gözəl oyun oynayır. Mənim ətrafım da bunu təsdiqləyir. Onlar da "Qarabağ"ı izləyir. O vaxt da "Qarabağ" üçün hər şərait yaradılırdı.

- Gəlin, indiki "Qarabağ" haqqında danışaq. UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Dinamo"ya (Kiyev) qarşı ilk oyunu izləmisinizmi? Bu matçla bağlı ümumi təəssüratlarınız necə oldu?

- Bəli, izləmişəm. Dostlarımla birlikdə izlədik. Düzdür "Qarabağ" ilk oyunda uduzdu. Bu birinci hissə idi. "Sabah" isə ikinci hissə olacaq. Bugünkü oyun hər iki komanda üçün çətin və maraqlı oyun olacaq.

- "Qarabağ" ilk oyunda 0:1 hesabı ilə məğlub oldu. Sizcə, bu hesab oyunun real gedişatını əks etdirir, yoxsa “Qarabağ” daha yaxşı nəticə əldə edə bilərdi?

- Qarabağın epizodları oldu.Amma istifadə edə bilmədi. Topu özündə yaxşı saxladı. Bu mənim xoşuma gəlir. Futbol bir az dəyişib.Yenə deyirəm epizodlar oldu,amma istifadə edə bilmədi. İkinci oyuna baxacağıq.

- Sizcə, ilk oyunda "Qarabağ"a ən çox nə çatmadı - son ötürmə, hücumların tamamlanması, yaradıcılıq, sürət, fiziki güc, yoxsa psixoloji inam?

- Hər bir futbolçu anlayır ki,qalib gəlmək üçün qol vurmaq lazımdır. Nəticə qazanmaq üçün çalışıb maksimum iş görməlisən. Sən bunu başa düşməlisən. Alınacaq, ya alınmayacaq bu başqa məsələdir.

- "Qarabağ" topa nəzarət etdiyi kifayət qədər epizodlar yaratdı. Sizcə, komanda niyə topa sahib olmaq üstünlüyünü təhlükəli hücumlara və qollara çevirə bilmədi?

- Ya birbaşa hücuma keçməlisən,ya da rəqibin səhvini gözləməlisən.Qurban Qurbanov böyük məşqçidir. O, komandasını nə edəcəyini yaxşı bilir. Düşünürəm ki, bu gün maraqlı oyun olacaq.

- Sizcə, “Qarabağ” üçün ilk 15–20 dəqiqədə qol vurmaq nə dərəcədə vacibdir? Erkən qol komandanın oyun planını tamamilə dəyişə bilərmi?

- Yadımdadır mən "Qarabağ"da oynayanda kubok matçında hesab açılmamışdı. Ponomaryov bizə psixoloji hazırlıq keçərək dedi ki, ilk 15 dəqiqədə qol vurmalıyıq. Amma biz qol vura bildik? Xeyr. Epizodlar oldu, ancaq istifadə edə bilmədik. Bu futboldur, hər şey ola bilir. Təzyiq olduğu vaxtda qol vurmalısan. Futbolçu sakit olarsa, nəticə də gəlir. 

- Sizcə, cavab matçının Bakıda, “Qarabağ”ın öz azarkeşləri qarşısında keçirilməsi nə qədər böyük üstünlükdür? Stadiondakı atmosfer futbolçulara real olaraq nə dərəcədə təsir edə bilər?

- Hər zaman ev sahibi olmaq üstünlükdür. Azarkeşlər kömək olur. Düşünürəm ki, Bakıdakı oyunda ilk dəqiqələrdən azarkeşlər özlərini göstərəcək.

- İndi isə proqnozunuzu eşitmək istərdik: “Qarabağ” — "Dinamo"(Kiyev) cavab matçı hansı hesabla başa çatacaq və sizcə, hansı komanda növbəti mərhələyə yüksələcək?

- Hər hansı nəticə demək olmur. Hər iki komanda qələbə qazanmaq əzmindədir. Güclü olan qalib gəlsin.

- Sonda isə keçmiş “Qarabağ” futbolçusu kimi, “Dinamo" ilə cavab matçı öncəsi hazırkı komandaya və Ağdam klubunun azarkeşlərinə nə arzulamaq istərdiniz?

- Nəticədən asılı olmayaraq "Qarabağ"a uğurlar arzulayıram. "Qarabağ"da oynamağımdan 20 il ötür. Düzdür indiki heyətdə tanışım azdı. Onlara avrokuboklarda və daxili oyunlarda uğurlar arzu edirəm. Həmçinin azarkeşləri də salamlayıram.

Xəbər xətti