"Rəvan"ın 5 üzvü oynasa da...

11:20 - 14 İyul 2013

Millimiz Omana məğlub oldu
 
Azərbaycanda keçirilən hərbçilər arasında ilk dünya çempionatının yarımfinal oyunları keçirilib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətində "Rəvan”ın 6 futbolçusunun olduğu Azərbaycan yığması "Dalğa Arena”da Oman milli komandası ilə qarşılaşıb. Yığma komandamız hesabda önə keçməsinə baxmayaraq, sonradan qapısından 2 top buraxıb və turnirdə ilk yenilgisini alıb.
 
Bu oyunda "Rəvan”ın 5 üzvü iştirak edib. Belə ki, baş məşqçi Nazim Süleymanov Nodar Məmmədov, Novruz Məmmədov və Hüseyn Axundova ilk dəqiqələrdən şans verib. Müdafiəçilər bütün 90 dəqiqəni oynayıbsa, Hüseyn Axundov 79-cu dəqiqədə qırmızı vərəqə alaraq millini azlıqda qoyub. Tofiq Mikayılovla Ramazan Abbasov isə oyunun sonlarında meydana çıxıb (uyğun olaraq, 86 və 90+5-ci dəqiqədə). "Rəvan"ın üzvlərindən yalnız Bəxtiyar Soltanov bu matçda forma geyməyib.
 
İndi millini bu gün keçiriləcək 3-cü yer uğrunda oyun gözləyir. "Hərbçilər”imiz "Dalğa Arena”da keçiriləcək və saat 17:00-da başlayacaq oyunda Kot d`İvuar millisi ilə qarşılaşacaq. Elə həmin gün saat 20:30-da isə İraq və Oman milliləri arasında final oyunu keçiriləcək.

Xəbər xətti