Serbiya Superliqasını 11-ci sırada bitirən komanda "Rəvan"a rəqib oldu

11:31 - 19 İyul 2013

Komanda sabah yoxlama oyununa çıxacaq
 
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” çalışmalarına ara vermir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gündə 2 dəfə məşq edən komandada bu qrafik yalnız oyun günləri pozulur. Artıq ilk yoxlama oyununda "Aluminiy” ilə 1:1 oynayan "Rəvan” sabah ikinci hazırlıq matçını keçirəcək. Komandanın 3 rəqibi məlum idi.  Dördüncü görüş üçün isə danışıqlar gedirdi. Artıq danışıqlar uğurla nəticələnib və komanda sabah Sloveniya toplanışı ərzində ikinci oyununu keçirəcək. Rəqib isə Serbiya Superliqasının təmsilçisi "Donyi Srem” olacaq.
 
1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donyi Srem” həm də feyr-pley mükafatının sahibi olub.
 
Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.

Xəbər xətti