QALAsı TAlan SARAY YAZI

13:47 - 21 Sentyabr 2013

"İmperator" deyə çağırıldıqda sanki uğurların dairəsi kiçilir

 

Təxminən 12 il əvvəl, 2002-ci il noyabrın 6-da “Qalatasaray” prinsipial rəqibi “Fənərbaxça” ilə oyunda acınacaqlı məğlubiyyətlə (0:6) üzləşdi. Azərbaycanda xeyli azarkeşi olan bu klubların mücadiləsi, onlarla bağlı xəbərlər bizim medianın da daim diqqət mərkəzindədir və həmin tarixi qarşılaşmaya aid qeydlərimi o vaxt “Bizim ƏSR” qəzetində elə bu sərlövhə ilə dərc elətdirdim.

 

Çempionlar Liqasında Madrid “Real”ına 1:6 hesablı məğlubiyyətdən sonra işlətdiyim başlığa qayıtmaq yeni sərlövhə tapmaq çətinliyindən irəli gəlmir, sadəcə, düşünürəm ki, məhz bu variant hazırkı real vəziyyətin ən dolğun və ən obrazlı ifadəsidir.

 

Sanki hər şeyin qaydasında getdiyi bir zamanda “Qalatasaray”ın belə aciz duruma düşməsinin səbəbi nədir? Bəziləri əsas səbəb kimi səviyyə fərqini göstərir. Söz yox ki, səviyyə fərqi mühüm faktdır, amma onun bu dərəcədə böyük olmasını iddia etmək heç də baş verənlərin tam obyektiv qiyməti deyil.

 

Çat verən “imperatorluq”

 

Türkiyə futbolunda məsələlərə yanaşmada pafos həmişə öndə gedir. İstər futbolçu olsun, istər məşqçi, istərsə də klub, reallıqlar əksər halda hədsiz dərəcədə şişirdilir, elə formada təqdim edilir ki, ondan o yanası yoxdur. Məsələn, neçə illərdir Fateh Terim “imperator” ləqəbini daşıyır. Bir mütəxəssis kimi onun xidmətləri danılmazdır – milli komandanı ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmaqla, “Qalatasaray”a UEFA Kubokunu qazandırmaqla adını Türkiyə futbolunun tarixinə yazıb.

 

Bu, eləcə də sadalamadığımız xeyli fakt bacarığın göstəricisidir. Ancaq “imperator” deyə çağırıldıqda sanki uğurların dairəsi kiçilir, müvəffəqiyyətin yerini bəsitlik tutur, mahiyyət, məğz dəyişir, sadələşir, adiləşir. Çünki böyük nailiyyətlər əldə etmiş insanların adı hər cür tituldan, təltifdən daha sanballı səslənir və çəkisi də daha ağırdır.

 

2010-cu il dünya, 2012-ci il Avropa çempionatından kənar qalmış Türkiyə milli komandasının gələn il keçiriləcək Braziliya mundialına da düşməsi böyük sual altındadır. Bu təhlükəni aradan qaldırmaqla özünə ünvanlanmış azarkeş tənqidlərini səngitməyi düşünən federasiya rəhbərliyi çıxış yolunu Fateh Terimə müraciətdə gördü – o Fateh Terimə ki, addımbaşı ən adi hərəkətlərinə görə cəzalandırırdı.

TFF-nin səlahiyyət sahibləri bu addımı atmaqla bir neçə niyyəti reallaşdırdı: əvvəla, DÇ-2014-ə vəsiqə qazanmaq üçün son şans işə salındı, digər tərəfdən, iki ildir ölkə çempionu olan klubun zəfər yürüşünə zərbə vuruldu, nəhayət, Ünal Aysalın gəlişindən sonra “Qalatasaray”da bərpa olunmuş monolit birlik yenidən zədələndi.

 

Bütün proseslər milli komanda, onun mənafeyi, şərəfi, adı ilə, yəni, çox incə və son dərəcə həssas məqamı qabartmaqla həyata keçirildi. Lakin Türkiyə millisində vəziyyətin çıxılmaz həddə gəlməsinin baiskarları, elə müraciətdə özlərini ölkənin əsas komandasının ən cəfakeş təəsssübkeşi kimi göstərənlərdir. Bu incə manevri dəqiq anlayan “Qalatasaray”ın prezidenti məsələyə “müraciət Fateh hocaya ünvanlanıb, ona görə qərarı da o verməlidir” şəklində münasibət bildirdi.

 

Fateh hoca isə “o yerdə ki, söhbət millətdən, bayraqdan gedir, orada başqa yanaşma ola bilməz” deyərək, təklifi qəbul etdi. Düşərgəni ən azı ikiyə bölmüş hadisə məşqçinin “Qalatasaray”ı milliyə dəyişəcəyi fikrini yaratdı. Bu qənaəti hiddətlə qarşılayan mütəxəssis dedi ki, “hər kəs getsin, öz işi ilə məşğul olsun”.

 

Bütün nigarançılığa Ü.Aysalın müqavilə müddətini iki il uzatmaq təklifinə müsbət yanaşmaqla son qoyula bilərdi, ancaq F.Terim heç bir əsaslı səbəb göstərmədən “30 il də burada işləsəm, müqaviləni bir il-bir il artıracağam” kimi inadkar mövqe nümayiş etdirdi, özünü əsl “İmperiya” başçısı kimi apardı. Bu özündənrazılıq və təkəbbürlük Türkiyə millisinin onun rəhbərliyi altında ardıcıl iki qələbəsindən, xüsusilə, Rumıniya zəfərindən sonra pik nöqtəyə çatdı.

 

Yığmanın sözügedən iki oyunu “Qalatasaray”ın ÇL-in qrup mərhələsində “Real”la mühüm qarşılaşma ərəfəsində keçirildi və “imperator” bütün diqqətini, enerjisini təbii olaraq milliyə yönəltdi. Dünya nəhəngi ilə matça isə komanda köməkçi məşqçilərin rəhbərliyi altında hazırlaşdı. Nəticədə “Qalatasaray” superliqanın iki oyununda 4 xal itirdi, “Real”a isə rüsvayçı hesabla uduzdu.

 

“Mən Taffareli istəyirəm... Köməkçilərim filankəslər olsun... Fiziki hazırlıq üzrə dünyanın ən tanınmış mütəxəssisi var, onu gətirək, böyük hədəflərə çataq... Droqba gəlsin... Sneyder gəlsin... 12 milyon çox olsa da, portuqaliyalı filan ulduz futbolçunu alaq...” – bunlar “imperator”un “Qalatasaray” prezidenti qarşısında irəli sürdüyü tələblərin az qismidir. İstəklərinin heç birinə “yox” deyilməyən, özünə də illik 4,5 milyon avro əməkhaqqı müəyyənləşdirilən Fatih Terim canını “1:6-lıq “Real” fiaskosu” ilə qurtarsa, Allaha şükür eləsin.

 

Niyə az yazırıq?

 

Oxuculardan biri Türkiyə futboluna az yer ayırmağımızdan gileyləndi. Təbii ki, yersiz gileydir, çünki bizim başlıca vəzifəmiz və borcumuz Azərbaycan idmanını təbliğ etməkdir. İkincisi, o cür düşünənlərdən soruşuram: niyə bizi həmişə belə “çatışmazlığa” görə tənqid edirsiz, amma Türkiyə mediasının Azərbaycan idmanına gözlərinin ucu ilə baxmamasına lazımi reaksiya vermirsiz? Fərid Mansurov Türkiyə güləşçisini məğlub edib Olimpiya çempionu olanda, əksəriyyətimizin qardaş dediyi ölkənin jurnalistlərinin aşağılayıcı yanaşması niyə heysiyyatımıza toxunmur? İki ölkənin milli komandalarının görüşündə futbolçularımızın layiqli müqavimət göstərməsini az qala xəyanət kimi dəyərləndirən türkiyəli icmalçılara artan sevgimizin adı nədir? “NTV spor”un qaçan sətirində Məğribdən Məşriqəcən az qala bütün milli futbol çempionatlarının oyunlarının nəticəsi tamaşaçılara çatdırılır, amma qardaş Azərbaycan o siyahıda yoxdur. Niyəsi ilə niyə maraqlanmırıq?

 

Türkiyə voleybol klublarının biri ilə görüşən Azərbaycan təmsilçisinin azarkeşləri iri planda göstərilərkən, türk şərhçinin “Çarşı bazara gəlmiş azəriləri görürsünüz” deməsi içimi didib-parçalayırdı. İş elə gətirdi ki, həmin hadisədən az keçmiş “Qalatasaray”ın xanım voleybolçuları “İqtisadçı” ilə görüşmək üçün Bakıya gəldi. “Qalatasaray TV” əməkdaşları da onlarla idi. TV-dən olan həmkarıma məsələ ilə bağlı iradımı bildirib dedim ki, baxın, Bakı İdman Sarayında nə qədər türkiyəli azarkeş var, onları “Bakıda dönər satanlar” kimi təqdim etsək, necə olar?

 

Bütün bunlar, zənnimizcə, “Türkiyə futbolundan niyə az yazırıq”ın sualına qəti cavabdır.

 

ÇL-in ilk turu

 

16 görüşün 8-də “ev”də çıxış edənlər, 7-də qonaqlar üstün olub, yalnız bir oyunda qalib müəyyənləşməyib: topların nisbəti meydan sahiblərinin xeyrinədir – 28:25. 6 matç irihesabla başa çatıb ki, onların da yarısı səfərdəkilərin payına düşür.

 

“Barselona”lı Lionel Messi “Ayaks”la, “Real”ın hücumçusu Kriştianu Ronaldu isə “Qalatasaray”la görüşdə “het-trik” edib. Amma ən məhsuldar futbolçuların siyahısında 5 qolla Roman Şirokov (“Zenit”) və Marian Çişovski (“Viktoriya”) öndədir. Ancaq onlar, müvafiq olaraq, 3 və 6 oyun keçiriblər.

 

Nəticələr və II turun anonsu:

 

“A” qrupu. “M.Yunayted” - “Bayer-Leverkuzen” 4:2, “Real Sosyedad” - “Şaxtyor” 0:2.

 

2 oktyabr. “Şaxtyor” - “M.Yunayted”, “Bayer” - “R.Sosyedad”.

 

“B” qrupu. “Qalatasaray” - “Real” 1:6, “Kopenhagen” - “Yuventus” 1:1.

 

2 oktyabr. “Yuventus” - “Qalatasaray”, “Real” - “Kopenhagen”.

 

“C” qrupu. “Benfika” - “Anderlext” 2:0, “Olimpiakos” - PSJ 1:4.

 

2 oktyabr. PSJ - “Benfika”, “Anderlext” - “Olimpiakos”.

 

“D” qrupu. “Bayern-Münhen” - ÇSKA 3:0, “Viktoriya” - “M.Siti” 0:3.

 

2 oktyabr. ÇSKA - “Viktoriya”, “M.Siti” - “Bayern”.

 

“E” qrupu. “Çelsi” - “Bazel” 1:2, “Şalke” - “Styaua” 3:0.

 

1 oktyabr. “Bazel” - “Şalke”, “Styaua” - “Çelsi”.

 

“F” qrupu. “Olimpik” - “Arsenal” 1:2, “Napoli” - “Borussiya-Dortmund” 2:1.

 

1 oktyabr. “Arsenal” - “Napoli”, “Borussiya” - “Olimpik”.

 

“G” qrupu. “Atletiko” - “Zenit” 3:1, “Austriya” - “Portu” 0:1.

 

1 oktyabr. “Portu” - “Atletiko”, “Zenit” - “Austriya”.

 

“H” qrupu. “Milan” - “Seltik” 2:0, “Barselona” - “Ayaks” 4:0.

 

1 oktyabr. “Seltik” - “Barselona”, “Ayaks” - “Milan”.

 

Rövşən BİNNƏTLİ/Bakupost qəzeti

Xəbər xətti