"Foqtsu məcburi saxlayan deyilik"

23:40 - 12 Noyabr 2013

Elxan Məmmədov:"Bu barədə dekabrdan sonra düşünməyə başlayacağıq"
 
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yığmadakı gələcək taleyinə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, qurum rəsmisi almaniyalı çalışdırıcı ilə bağlı belə danışıb:
 
“Berti Foqtsun Azərbaycan millisi ilə bu ilin sonuna qədər müqaviləsi var və qarşıdakı iki oyunla onun işi bitmiş olur. Biz müqavilə şərtlərinə qarşılıqlı olaraq peşəkar səviyyədə əməl etmişik. 
 
Foqtsun millidə qalıb-qalmayacağına isə AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında aydınlıq gələcək. Konkret olaraq deyim ki, AFFA rəhbərliyi də bu barədə ancaq dekabr ayının əvvəlindən sonra düşünməyə başlayacaq. 
 
Foqtsun Almaniya mətbuatına burada qalmayacağıyla bağlı nə dediyi bizi maraqlandırmır. Heç kimi burada məcbur saxlayan deyilik, eləcə də Berti Foqtsu”. 
 
Məmmədov Foqtsun yerinə kimin gətiriləcəyi ilə bağlı verilən sualı belə cavablandırıb: "Bu günə qədər namizədlər müzakirə olunmayıb. Düşünürük ki, əvvəlcə təhlil aparaq. Hazırkı müqaviləni uzadırıq, ya yox. Bu məsələdə Berti Foqtsun da fikri öyrəniləcək. İK qərarı olandan sonra namizədlərə baxa bilərik".

Xəbər xətti