Millimizin baş məşqçisi ilə maraqlı süjet hazırlanıb
Almaniyanın "Deutch Welle" kanalı millimizin baş məşqçisi Berti Foqtsla bağlı maraqlı sujet hazırlayıb.
Sportal.az xəbər verir ki, sujetdə alman məşqçinin son seçmə mərhələdə qazandığı nəticələrdən və qarşıdakı planlarından söz açılıb:
"Azərbaycan millisi seçmə mərhələnin son oyunlarını yüksək səviyyədə keçirdi. Şimali İrlandiya üzərində parlaq qələbədən sonra Berti Foqtsun komandası az qala Rusiyanı məğlub edəcəkdi. Azərbaycan futbolçularında inkişaf göz qabağındadır. Əvvəllər normal mübarizə aparmağı bacarmayan komanda, indi 90 dəqiqə topla mübarizə göstərir, hətta hücum da edir. İlin sonunda federasiyanın Berti Foqtsla müqaviləsi başa çatır. 6 il Azərbaycanda çalışan alman hələ Vətənə qayıtmaq barədə düşünmür. Berti Foqts hələlik taleyi barədə danışmaq fikrində deyil. Əldə etdiyimiz məlumata görə Bakıya son səfəri zamanı ona yeni müqavilə təklif olunub. Müqavilə şərtləri iki tərəf arasında müzakirə olunub, lakin yekun qərar qəbul edilməyib. Güman ki, həftəsonu federasiya rəhbərliyi (İcraiyyə Komitəsi nəzərdə tutulur- red.) yeni müqaviləni müzakirə edərək onu təsdiqləyəcək. Azərbaycan Futbol Federasiyası onun işindən razıdır. Azərbaycan yığması tarixində ilk dəfə seçmə mərhələdə 9 xal toplayıb. Komandada yeni adlar meydana çıxıb. Bu mənada, Foqtsa işini davam etdirməyə şans verilməsi normaldır. Digər tərəfdən, son aylar zamanı mətbuatda Azərbaycan yığmasının baş məşqçisi postuna digər real namizədin adı hallanmayıb. Əgər Azərbaycan Foqtsu saxlamaq istəməsə, digər namizədlərin olduğu açıqlanardı.
İndiki halda Foqts daha yaxşı namizəddir. Çünki, bu ölkənin futbol yığmasına başçılıq etmək asan deyil. Azərbaycan futbolçuları ancaq yerli çempionatda çıxış edir. Digər xarici çempionatlarda oynamır. Belə halda futbolçuların səviyyəsi yüksək deyil. Azərbaycan çempionatını Avropa birincilikləriylə müqayisə etmək olmaz. Klublar yalnız təsnifat mərhələsində çıxış edir, avrokuboklarda uzağa gedə bilmir. Ona görə millini tez bir zamanda dəyişmək çətindir.
Berti Foqts Azərbaycan yığmasında ən çox çalışan məşqçidir. Onun müqaviləsi 2 dəfə artırılıb və 6 il milliyə rəhbərlik edib. Ona qədər məşqçilər ən yaxşı halda 1 il çalışıb".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iclası dekabrın 18-nə təyin olunub. Həmin iclasda millinin yeni baş məşqçisinin taleyinə aydınlıq gələcək.
saytlarin hazirlanmasi