"Hələ növbəti müddətə də baş məşqçi olacağımı deyə bilmərəm"
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” matçını izləyib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis oyundan sonra açıqlamasında oyunun ikinci hissəsindən razı qaldığını bildirib. O, hər iki komandadakı millimizin oyunçularından “Bakı”nın hücumçusu Rauf Əliyevi fərqləndirib:
“Əliyev ilk qolun ötürməsini verdi və ikinci qolu vurdu”.
Foqtsun AFFA ilə hazırkı müqaviləsi dekabrın 31-də başa çatır. AFFA İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclasında onunla müqavilənin daha 2 il müddətinə uzadılacağı gözlənilir. Lakin 67 yaşlı mütəxəssis bu məsələnin hələ rəsmiləşmədiyini açıqlayıb:
“Yox, hələ növbəti müddətə də baş məşqçi olacağımı deyə bilmərəm. Bura gəlməyimdə məqsəd dekabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi üçün Azərbaycan yığmasının ən yaxşı futbolçusunu seçməkdən ibarət idi”.
Lakin baş məşqçi konkret hansı futbolçuya səs verəcəyini açıqlamayıb.
Mənbə: Lent.az
saytlarin hazirlanmasi