Bu dəfə ilk çempionları xatırlayacağıq
Bu mövsüm də belə başa çatdı və tarixin yaddaşına qovuşdu. İndi çempionluğun, qazanılan kubokun dadı damaqdadı. Amma illər sonra bu dad xoş bir xatirəyə çevriləcək. İllər sonra indiki qaliblər bəlkə də heç yada da düşməyəcək. Necə deyərlər, yeni ay çıxanda, köhnəni ulduz eləyərlər.
“Qarabağ”ın 21 il əvvəlki çempionluğundan sonra düzü, “Turan” haqqında material hazırlamaq istəyirdim. Bu il Tovuz komandasının yeganə çempionluğunun 20 yaşı tamam olur. Amma uyğun foto tapa bilmədim. Əvəzində əlimə “Neftçi”nin ilk çempionluğunu əks etdirən şəkil keçdi. Sağ olsun Arif Əsədovu, vaxtında dadıma çatdı. Bir neçə ay əvvəl Arif Əsədovla “Mən futbolçu olanda...” rubrikasında müsahibə götürərkən geniş arxivinin olduğundan xəbərdardım. Bu mənada müraciətimi cavabsız qoymadı. İlk çempionlar haradadır, nə işlə məşğuldurlar? Mən yazım, siz də xəbərdar olun.
Bu şəkilin 22 yaşı var – 1992-ci ildə çəkilib. İlk çempionatın son turundan əvvəl. Həmin tura kimi “Neftçi” artıq çempionluğu təmin etdiyindən bəzi futbolçular şəkildə yoxdur. Amma yazının sonunda onlar haqqında da söhbət açacağam. Əvvəlcə isə qısaca çempionat haqqında. İlk birincilikdə nə az, nə çox düz 26 komanda hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. Bəri başdan deyim ki, çempionluq uğrunda əsas mübarizə “Neftçi” və Sumqayıtın “Xəzər” komandaları arasında gedib. Qruplarda ilk iki yeri tutanlar final mərhələsinə vəsiqə qazanıblar. Reqlamentə görə final mərhələsində bir qrupun komandası digər qrupun ilk “altılığ”ı ilə qarşılaşmalı idi. Bu mərhələdə toplanan xallar qrup mərhələsində yığılan xallara əlavə edilib. Yekunda ilk “13-lük”də 46, final mərhələsində isə 16 xal toplayan “Neftçi” “Xəzər”i 5 xal qabaqlayaraq 62 xalla çempion olub. Bir məqama da toxunum – “Neftçi” 1992-ci il mövsümündə SSRİ çempionatının 1-ci dəstəsində mübarizə aparmaq üçün hazırlıq keçirdi. Bu mənada heyət güclü futbolçulardan təşkil olunmuşdu. Amma SSRİ-nin süqutundan sonra müstəqil Azərbaycan yarandı və bütün respublikalarda olduğu kimi bizdə də milli çempionat keçirilməyə başladı.
Keçim əsas məsələyə. Şəkildə ayaq üstə dayananlardan soldan birinci Emin Ağayevdir. Emin mülki geyimdədir. Son tur formal xarakter daşıdığından komandanın əsas heyət oyunçularına istirahət verilmişdi. Bu oyundan sonra Emin legioner həyatı yaşamağa başlayıb. 2010-cu ilə kimi Rusiyanın müxtəlif dəstələrində 8 komandanın şərəfini qoruyan Emini azarkeşlər millidəki çıxışından da yaxşı xatırlayırlar. O, yığmada ən çox oyun keçirən futbolçulardandır – 64 matç. Əslən Bakıdan olan Emin qonşu dövlətə getdikdən sonra Rusiya vətəndaşlığını da qəbul edib. Hazırda bu ölkənin aşağı dəstələrinin birində çıxış edən “Dağdizel”in (Kaspiysk) məşqçisidir.
Onun yanındakı “telli oğlan”ı çoxları tanımaya bilər. Zarafat deyil, üstündən bir igidin ömrü keçib. Həmin “tel”dən əsər-əlamət qalmayıb. Amma həmin futbolçu ilə tez-tez rastlaşırıq – Dmitri Kramarenko. Emin kimi Dima da “Neftçi”dən sonra Rusiyaya üz tutmuşdu. Özü də onun karyerası “qonşu”sundan xeyli uğurlu alınmışdı. Müxtəlif vaxtlarda Rusiyanın yüksək dəstəsində “Dinamo” (Moskva), “Torpedo”, “Alaniya”, ÇSKA kimi adlı-sanlı komandaların qapısını qorumuş Kramarenko vətənə 2005-ci ildə qayıdıb – “Karvan”a. Hazırda “Qəbələ”də qapıçılarla işləyən məşqçidir.
Sırada 3-cü dayanan Nurəli Əsədovdur. Əslən Cəlilabaddan olan Nurəli “Neftçi”yə “Ümid”dən gəlmişdi. Orta sahə oyunçusu, yəni pleymeyker funksiyasını yerinə yetirirdi. Onun haqqında yalnız “Neftçi”dən sonra doğma rayonuna qayıtdığını öyrənə bildim. Nə işlə məşğul olduğundan heç komanda yoldaşlarının da xəbəri yoxdur.
Nurəlinin yanında dayanan çəlimsiz oğlan Bəxtiyar Musayevdir. Bəxtiyar indi də “Neftçi”dədir. Böyükağa Hacıyevin köməkçisidir. Uzun müddət “Neftçi”də, daha sonra “Qarabağ”da çıxış edən “Biləcəri uşağı” millinin heyətində də az oyuna çıxmayıb.
Yaxın keçmişimizin daha bir tanınmış futbolçusu İqor Getman. Emin və Dima kimi o da “Neftçi”dən sonra futbolçu karyerasını Rusiyada davam etdirib. 4 il “Anji”nin şərəfini qoruyan İqor 1997-ci ildə doğma komandasına qayıdıb və düz on il – 2007-ci ilə kimi “flaqman”ın uğurları üçün çalışıb. Karyerasına da elə həmin il son qoyub. 24 dəfə millinin formasını geyinən Getman bu gün “Simurq”da məşqçi işləyir.
Daha bir Bakı rusu – Yuri Nosenko. Müdafiəçi olan Nosenko stajlı azarkeşlərin yaddaşında başla inamlı oyunu ilə yadda qala bilər. “Neftçi”dən sonra karyerasını Ukraynada davam etdirib. Onu bu ölkəyə səhv etmirəmsə, bir vaxtlar Ujqorod şəhərinin futbol komandasını çalışdıran rəhmətlik Bruxti aparmışdı. Bildiyimə görə, ora gedəndən bir müddət sonra ailə həyatı qurub və hazırda Ujqorodda yaşayır.
Sırada 7-ci dayanan qarayanız gənc gəngəlidir. “Neftçi”yə 1991-ci ildə dəvət olunmuşdu. Söhbət Faiq Cabbarovdan gedir. Cabbarov dövrünün keçilməz müdafiəçilərindən biri olub. 1993-98-ci illər aralığında millinin heyətində 21 dəfə meydana çıxan Faiq karyerasını 2005-ci ildə doğma “Kəpəz”də bitirib. Hazırda məşqçiliklə məşğuldur. Bildiyimə görə işsizdir.
Qapıçı formasında olan futbolçu Dimanın əvəzləyicisi Etibar Tarverdiyevdir. Əslən Sumqayıtdan olan Etibarı çoxları tanımaya bilər. Çünki o qədər də parlaq karyeraya malik olmayıb. Hazırda Sumqayıtda yaşayır, “Sumqayıt”ın ya əvəzedici, ya da 19 yaşlı futbolçulardan ibarət komandasında qapıçılara dərs keçir.
Növbə gəldi aşağı sıradakılara. Yenə də soldan başlayım. Birinci futbolçu İlham Qəmbərovdur. Çox istedadlı birisi olub. Dövrünün mütəxəssisləri onu “ikinci Nazim Süleymanov” kimi xarakterizə edirdilər. Təəssüf ki, İlham aramızda yoxdur. 1998-ci ildə Bakı-Sumqayıt yolunda, Ceyranbatan qəsəbəsi ərazisində avtomobil qəzasında dünyasını dəyişib. Həmin qəzada daha bir futbolçumuzu da itirmişdik – hamının “Baxa” deyə çağırdığı Bəxtiyar Hüseynovu. Qəmbərov sumqayıtlı idi. “Neftçi”dən sonra bir müddət “Xəzər”də oynamışdı. Qəzaya düşdüyü vaxt da Sumqayıt komandasının şərəfini qoruyurdu. Allah hər ikisinə rəhmət eləsin!
İlhamın yanındakı haqqında danışdığımış şəklin sahibi Arif Əsədovdur. Arif müəllim barəsində geniş danışmağı lazım bilmirəm. Çünki, üzdə olan mütəxəssislərdəndir. Qısaca onu deyə bilərəm ki, Bakıda yaşayır, məşqçidir.
Oturanlar arasında 3-cü adam da Bakıda yaşayır. Düzü, şəkilə ilk dəfə baxanda onu tanımadım. “Neftçi” kimi adlı-sanlı komandada oynasa da, zahiri görünüşünə görə xatırlaya bilmədim. Arif müəllim Ərani Beydiyevi yadıma saldı. Əraninin atası rəhmətlik Müseyib Beydiyev o vaxt komandanın sponsorlarından biri olub. Bu haqda bir qədər ətraflı danışım. Həmin il komandanın prezidenti Aydın İbrahimov idi. Hər ikisinin türk iş adamları ilə ticarət əlaqələri olub. Şəkildən də göründüyü kimi komandanın formasında “Çaphas” yazısı var. Bu Loqo Beydiyevin türk dostlarının sahib olduğu şirkətə ya firmaya məxsus idi. Yəni, komandanın sporsorlarından biri idi. Komandanı əsasən forma və idman geyimləri ilə təmin edirdi. Əraniyə gəlincə, çempionluqdan bir qədər sonra karyerasını başa vurub. Bu yaxınlarda anasını da itirən Ərani ticarətlə məşğuldur.
Növbəti tanış edəcəyim futbolçu Elşən Qəmbərovdur. Elşən “Neftçi”dən sonra istər ölkəmizdə, istərsə də xaricdə, əsasən də Özbəkistanda xeyli komandada çıxış edib. Üst-üstə hesablasam, 20-ə yaxın. Yığma komandanın şərəfini də qoruyub – 12 dəfə. Arif müəllimin dediyinə görə bir neçə il əvvəl ABŞ-a gedib, deyəsən, indi orada yaşayır.
Samir Ələkbərov haqqında da oxuculara geniş informasiya verməyə ehtiyac duymuram. Fuad Musayevin dövründə “Neftçi”yə görə karyerasını “oda atan” “sonuncu mogikan”la bir neçə buraxılış əvvəl geniş müsahibə götürmüşdüm. Yalnız onu xatırladım ki, hazırda Bakıda yaşayır, AFFA-da elit məşqçidir. Həm də 1-ci Divizionda çıxış edən “Şuşa”da baş məşqçi Nadir Qasımova kömək edir.
Samirin yanındakı komandanın o vaxtkı ağsaqqalı Rasim Abuşovdur. Abuşov haqqında bəlkə də çoxlarınızın bilmədiyi maraqlı bir məlumat verim – bu insan peşəkar futbolçu karyerasına çox gec başlayıb. Hərbi xidmətə yollanana kimi Sabirabadda həvəskar kimi futbol oynayan Rasim müəllim əsgərlikdən qayıdandan sonra da rayon komandasında “qurdunu öldürüb”. Sonradan futbol mütəxəssislərinin diqqətini çəkən Abuşov çox keçmədən respublikanın əsas komandasına keçmək imkanı qazanır. “Neftçi”dən sonra Stavropola yollanan veteran futbolçu yerli “Dinamo”nun şərəfini qoruyub. Qurban Qurbanovun bu komandaya gəlişinin səbəbkarı da odur. Hazırda Stavropolda yaşayır, məşqçiliklə məşğuldur. Daha bir maraqlı faktı nəzərinizə çatdırım. Rusiyada yaşamasına baxmayaraq, yaşı 50-ni keçmiş veteran bu gün də Azərbaycan futbolu üçün çalışır. Soruşa bilərsiniz necə? Məsələ burasındadır ki, qonşu dövlətdə yaşayan bir neçə istedadlı azərbaycanlı məhz onun sayəsində üzə çıxıb. Onlardan biri də indiki “Neftçi”nin gənc istedadı, Olimpiya yığmamızın üzvü Ruslan Qurbanovdur. Ruslanı Azərbaycana göndərən də Abuşov olub. Əhsən!
Sağdan ikinci bığlı cavan oğlun Mais Əzimovdur. O da Rasim Abuşov kimi rayon uşağı olub. Əslən Bərdədəndir. Hazırda Bakıda yaşayır. Bir müddət əvvələ kimi AZAL-ın aşağı yaş qruplarında məşqçi kimi işlədiyini dəqiq bilirəm. Deyəsən, indi də oradadır.
Nə qədər fikirləşsəm də, oturanlar arasında sonuncu futbolçunu xatırlaya bilmədim. Həmin adam heç Arif müəllimin də yadında düz-əməlli qalmayıb. Bildiyi isə bunlardır – adı Zaur idi. Atası həmin vaxt “Neftçi”də adminstrator işləyib. Karyerasını tez bitirib. Sonradan atası ilə birlikdə Moskvaya yollanıb. Bu qədər.
Nəhəyət, şəkildə gördüyümüz topu qucaqlayaraq “çəmən”ə uzanmış sonuncu futbolçu, komandanın yeganə legioneri haqqında. Əsgər Abdullayev hələ SSRİ dövründə “Neftçi”dəki çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilmişdi. Üzdə olduğuna görə onun barəsində geniş məlumat verməyəcəm. Hazırda “Araz Naxçıvan”ın baş məşqçisidir və bu mövsüm komandasını Premyer Liqaya çıxarı bildi. Təbrik edirik. Hə, birdən legioner sözü sizi çaşdıra bilər. Bunu zarafatla yazdım. Axı, Əsgər müəllim əslən Gürcüstandandır.
Haqqında söhbət açdıqlarım şəkildəkilərdir. Amma çempion heyətin bir neçə üzvü burada yoxdur. Bununda səbəbi daha əvvəl qeyd etdiyim kimi “Neftçi”nin çempionatın bitiminə bir neçə tur qalmış çempionluğu elan etməsi idi. Həmin vaxt komandada Yunis Hüseynov və Vidadi Rzayev də olublar. Hər ikisini yaxşı tanıyırsınız. Yunis gəncəli, Vidadi isə Göygöldəndir. Hər ikisi məşqçidirlər və işsizdirlər. Hüseynov hazırda Bakıda, “Vidoş” isə Göygöldə yaşayır.
Bir qədər də komandanın texniki heyəti barədə. Komandanın prezidenti Aydın İbrahimovun şəxsi həyatında bir ara problemlər yaranmışdı. Bir qədər ABŞ-da yaşadıqdan sonra Bakıya qayıtdı (Bu haqda ətraflı yazmağı lazım bilmədim – red.) Onun haqqında ən maraqlı fakt gəncliyində güləşlə məşğul olmasıdır. İbrahimov hətta dünya çempionu da olub. Hazırda paytaxtda yaşayır. Komandanın baş məşqçisi isə Əhməd Ələsgərov idi. Əhməd müəllim də sağ və salamatdır. Odessadadır. 1991-ci ildə komandanı SSRİ birinciliyinə hazırlaşdırmaq məqsədilə “Neftçi”yə dəvət edilmişdi. Amma komanda milli çempionatda çıxış etdi və birincilik başa çatmamış Ələsgərov Ukraynaya döndü. Onun köməkçiləri isə Sergey Kramarenko və Böyükağa Ağayev idilər. Əhməd Ələsgərovun gedişindən sonra komandanın sükanı arxasına keçən Kramarenko uzun müddət Moskvada yaşadı. 2005-ci il martın 25-də vəfat edib. Allah rəhmət eləsin! Böyükağa müəllim isə indi “Qəbələ”dədir. Adminstrator Semyaninkov da Kramarenko kimi Rusiyanın paytaxtına köç edib. Hazırda orada yaşayır. Digər məsul şəxs isə Bakıdadır. Rəis Çingiz İsmayılovu nəzərdə tuturam. Komandanın sağlamlığına cavabdeh şəxs olan Boris Xetaqurov bu gündə “Neftçi” üçün çalışır. Massajist Faiq Hüseynov isə Dubaydadır. 22 il əvvəlki çempionlar haqqında bildiklərim bu qədər. Yaddan çıxardıqlarım varsa, türklər demişkən “kusura bakmasınlar”. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaşayanlara isə uzun ömür arzusu ilə,
İlqar TAĞIYEV “Het-trik news”
saytlarin hazirlanmasi