Elşad Xudadatov: "Ağlıma da gəlməzdi ki, Ağdamı sonuncu dəfə görürəm"

14:10 - 28 May 2014

"Iki adamın oması çoxlarını karıxdırır"
 
Ötən həftə “Qarabağ”ın 21 il əvvəlki çempionğulu ilə bağlı yazı hazırlamışdım və “Het-trik news”da dərc olunmaqla yanaşı, bir neçə saytda da yerləşdirilmişdi. Həmin məqalənin ərsəyə gəlməsində “Qarabağ”ın keçmiş futbolçusu Elçin Xudadatovun böyük əməyi var idi. Elçinin vaxtilə yaxşı futbol oynadığını bilirdim, amma maraqlı həmsöhbət olduğunu yox. Məhz həmin “kömək”dən sonra “Mən futbolçu olanda...” rubrikasında Elçin haqqında yazmaq qərarına gəldim. Görüşdük, çay süfrəsi arxasında bir qədər uşaqlıq illəri, futbola gəlişi, “Qarabağ”, Ağdam, müharibə və s. haqqında danışdı. Təbii ki, “İmarət”i də yada saldıq. Bu zaman məlum oldu ki, Elçində “İmarət”in indiyə kimi heç yerdə dərc olunmayan fotoları var. Təəssüf ki, nə qədər axtarış aparsa da, Elçin şəkillərin olduğu diski tapa bilmədi. Heyf. Amma tapılan kimi saytlarda yerləşdirəcəyinə söz verdi.
 
Elçinlə söhbətə nə qədər qəribə görünsə də, adından başladım. Sənəddə adı Elşaddı, amma hamımız onu Elçin kimi tanıyırıq. İkiadlı olmasının səbəbini desin, biz də bilək. 
 
Elçin Xudadatov 1965-ci il iyulun 3-də Ağdamda dünyaya gəlib. Yaşadığı ünvan hələ də yadındadı – Voroşilov küçəsi, ev 22. Sonradan həmin küçəyə Xudu Məmmədovun adını veriblər. Ağdamlılar yaxşı bilər, bu küçə şəhərin düz mərkəzində yerləşirdi. Elçingil ailədə 4 qardaş 1 bacı olublar. Müsahibim ailənin sonbeşiyidi.  Atası Fəxrəddin kişi ticarətlə məşğul olub. 1975-ci ildə Fəxrəddin dayı 40 yaşında dünyasını dəyişib. Anası evdar qadın olmasına baxmayaraq, 5 uşağı təkbaşına, zülmlə boya-başa çatdırıb. Zivər xala 2007-ci ildə, 72 yaşında vəfat edib. Allah hər ikisinə rəhmət eləsin! Mətləbdən uzaq düşməyim – həmsöhbətim anadan olanda adını Elşad qoyublar, hətta “metrika” da alıblarmış. Həmin vaxt onun böyük qardaşı Sahib Şuşada imiş. Orada pioner düşərgəsində dincəlirmiş və Elçin adlı bir uşaqla dostluq edirmiş. Ağdama dönəndə əl çəkməyib ki, qardaşımın adını dəyişin, Elçin qoyun. Elə o vaxtdan Elşadı hamı Elçin deyə çağırır. 
 
Həmsöhbətimin eyni vaxtda iki ada sahib olması bəzi insanlara problem yaradır. 3-cü sinifdə oxuyanda müəllim sinif jurnalını doldurarkan sənədə uyğun olaraq Elşad əvəzinə Elçin yazıb. Sonradan bu səhvə görə müəllimin başı çox ağrıyıb. Axı, jurnala “qara” salmaq olmazmış. Ad məsələsi bununla qurtarmır. Xarici pasport alanda adını dəyişib Elçin  qoymaq istəyən Elşad bir neçə dəfə buna cəhd göstərib. Sonuncu dəfə bu məqsədlə Quzanlıya gedərkən başına gələn bir hadisə onu bu istəkdən birdəfəlik əl çəkməyə məcbur edib: “2 adımın olması çoxlarını karıxdırır. 2005-ci ildə İtaliyaya getməli idim. Xarici pasport alarkən adımı da dəyişmək qərarına gəldim. Bir neçə dəfə Quzanlıya gedib-gəldim. Həmin vaxt köhnə “011” im vardı, “tormoz”u düz-əməlli tutmurdu. Axırıncı dəfə sənəd dalınca gedəndə “4 yol” deyilən yerdə az qala maşınla bir uşağı vuracaqdım. Allah saxladı. Ondan sonra fikrimdən vaz keçdim, xarici pasportu da elə Elşad adı ilə aldım”.
 
Yazının gedişində həmsöhbətimi həm Elçin, həm də Elşad kimi qələmə versəm, məni qınamayan. İlham Namiq Kamalın sözü olmasın, adam lap çaş-baş düşür. Bəlkə də bezdirici alınacaq, amma qısaca Xudadatov soyadına da aydınlıq gətirim. Çünki, bu soyada Azərbaycanda nadir hallarda rast gəlinir. Xudadat qədimi addır. Məşhur şairəmiz Nigar Rəfibəylinin atasının adı da Xudadat olub. Özü də Xudadat Rəfibəyli həm dövrünün məşhur cərrahı, həm də Gəncənin qubernatoru imiş. “Xuda” “Allah”, “dat” isə “verdi” mənasını daşıyır. Yəni, Xudadatov Allahverdiyev soyadının sinonimidir.
 
Ad və soyad haqqında bu qədər. Keçək  Elçinin uşaqlığına. Elçin məktəbdə oxuyan şagird olub. Məhz yaxşı oxuması onu bir dəfə futboldan uzaq salıb. Deməli, 1976-cı ildə ilk ustadı Fəxrəddin müəllim istedadlı uşaqları seçmək üçün Elçinin oxuduğu 8 saylı məktəbə gəlir. Kimin futbol oynamaq istədiynin soruşanda ilk cavab verənlərdən biri Xudadatov olur. Bir müddət “İmarət”də Fəxrəddin müəllimin yanında futbolla məşğul olan Elçin sonradan dərslərində “axsadığına” görə məşqlərə getmir. Bir ildən sonra bu hadisə yenidən təkrarlanır. Amma bu dəfə “uşaq dalınca” məktəbə rəhmətlik Allahverdi Bağırovun qardaşı rəhmətlik Eldar müəllim gəlir. Və yenə də “əl qaldıranlar”ın arasında qəhrəmanımız da olur. Beləcə, Elçinin futbol həyatı başlayır. 1978-ci ildə Astarada keçirilən “Sevinc Kuboku”nda ilk oyununa çıxan Elçin daha bir il sonra həbsxanadan qayıdan və Ağdamın “Şəfəq” komandasını götürən Allahverdi Bağırovun diqqətini çəkir: “Həmin vaxt 13 yaşım var idi. İlk dəfə oyunumu görəndə bəyənmişdi. Mardakertdəki (indiki Ağdərə – red.) yarışdan qayıdandan sonra məni, Cəmil Haqverdiyevi, Yalçın Əsədovu (Xocalı soyqırımı zamanı həlak olub – red.), Yaşar Hüseynovu, Elgiz Məmmədovu əsas komanda ilə məşqə cəlb elədi. 13 yaşında böyüklərlə bir yerdə məşq eləmək özü bir nailiyyət idi”. 
 
1979-cu ildə Cəlilabadın Prişib qəsəbəsində keçirilən oyunda baş verən dava-dalaşdan sonra “Şəfəq” 1 il respublika birinciliyindən çıxarılır. Yarışlara qoşulanda isə artıq 15 yaşlı Elçin komandanın heyətində meydana çıxmağa başlayır. Həmin günləri xatırlayan həmsöhbətim maraqlı bir əhvalat da danışdı: “1981-ci ildə 16 yaşım tamam olmamışdı. Birinciliyin ilk oyununda “Viləş”lə qarşılaşırdıq. Allahverdi müəllim məni də meydana buraxdı. Cinahdan bir neçə dəfə təhlükəli keçid elədim və etdiyim ötürmədən sonra Cavanşir Novruzov qol vurdu. Onda komandamızda Kamil adında bir müdafiəçimiz vardı. Rəhmətlik hündürboy və çox cüssəli idi. Ağdamın işğalından az sonra vəfat etmişdi. Mənim isə 160 sm boyum, 57 kq çəkim vardı. Qoldan sonra gəlib məni qucağına götürüb körpə aparırmış kimi öpə-öpə mərkəzə kimi gətirdi. Elə həmin oyundan əvvəl bir neçə nəfər Allahverdi müəllimdən yarızarafat, yarıciddi soruşmuşdu ki, bu uşağın beşiyi hanı? Tədricən sübut elədim ki, yerim beşik yox, elə meydançadı. Az sonra oyunumla azarkeşlərin sevimlisinə çevrilə bildim”.
 
1982-ci ildə artıq “Şəfəq”in əsas heyət oyunçusu olan  Elşad avqust ayında yaşıdlarından ibarət Azərbaycan yığma komandasından dəvət alır və “Ümid Kuboku”nda çıxış edir. Bu arada Xudadatov maraqlı bir məqama toxundu. Demə, o vaxtlar rayon uşaqlarının yığma komandaya düşməsi çox çətin imiş. Belə uşaqlara şəhərlilər “çuşka” kimi  baxırmışlar. Gərək həddən artıq istedadlı olaydın ki, səni komandaya götürərdilər: “Bakıya tək gəlmişdim. Özü də plaskart vaqonun 3-cü mərtəbəsində. Nadir hallarda rayon uşaqlarını heyətə götürürdülər. Bizə, rus dilini bilməyənlərə geridəqalmış kimi baxırdılar. Öz gücümə bunu bacardım. Komandamız həmin yarışın qalibi oldu. Bu da mənim futbol həyatımda bir səhifə idi”. 
 
Yarışdan sonra peşəkarlardan ibarət komandaların diqqətini cəlb edən həmin futbolçuların hərəsini bir yerə çağırılır. Elşada isə Mingəçevirdən dəvət gəlir. Həmin vaxt “Avtomobilçi” 9-cu zonada çıxış edirmiş və ətraf rayonlardan təlim-məşq toplanışına xeyli gənc futbolçu cəlb olunubmuş. Komandanın baş məşqçisi Şamil Heydərov Elçinin oyununu daha əvvəl bəyənmişdi və onu komandasına götürməkdə tərəddüd etmir. Bir il sonra Şamil müəllimin başqa işə keçməsi ilə əlaqədar komandaya yeni baş məşqçi gətirilir. Bu adam  hamımızın tanıdığı, futbolumuzun əfsanəsi Anatoli Banişevski idi. Mingəçevirə xüsusi avtobusda (dövlət nömrə nişanının son iki rəqəmi 09 idi. Banişevski “Neftçi”də 9 nömrəli formanı geyirdi – red.) gələn Banişevskini azarkeşlər “Kosmos” kinoteatrında təmtəraqla qarşılaylar. İlk günlərdən Anatloli Andreyeviçin “gözünə girməyi” bacaran Elşaddan onun haqqında maraqlı bir əhvalat danışmasını istədim. Etiraz etmədi: “Hirsli olanda gərək onun qarşısına çıxmayaydın. Komandaya təzə gələndə futbolçuları ikitərəfli oyunda sınadı. Çıxışım pis alınmamışdı. Qaldığımız bazada cəmi 1 televizor var idi – o da dəhlizin başında. Həmin məşqdən sonra gecə televizora baxarkən bir də gördüm ki, Anatoli Andreyeviç gəlib oturdu yanımda. Bir qədər sonra məndən burada nə etdiyimi soruşdu. Dedim ki, bəs, televizora baxıram. Məni tərifləyəcəfini, öyüd-nəsihət verəcəyini düşünürdüm. Birdən hirslə üstümə qışqırdı: “Sən Pelesen, Maradonasan ya Banişevskisən? Dur get yat!”. Yatmaq olardı? Bütün gecəni gözümə yuxu getmədi. Amma sonradan onun etimadını qazana bildim. 2-3 gün sonra yenə də ikitərəfli oyun keçirirdik. Həmin oyunda Pyatiqorska təlim-məşq toplanışına aparılacaq futbolçuların adları bəlli olmalı idi. Yağış yağdığından meydançada su topuğa kimi idi. Buna baxmayaraq, 90 dəqiqə dayanmadım. Oyundan sonra əlini kürəyimə vuraraq “toplanışa hazırlaş” dedi. Elə bil bir neçə gün əvvəl üstümə qışqıran həmin adam deyildi”. 
 
1984-cü ildə əsgərliyə yollanan Elşad hərbi xidməti OİK-də keçir. Onun bura düşməsində məhz Banişevski və veteran futbolçu Telman Əzimovun çox köməyi dəyir. Heç Xudadatovun “lipa” olduğunu bilirsiniz? 2 illik “slujba”dan sonra yenidən Mingəçevirə qayıdan Elşad “Spartak” cəmiyyətinin yarışlarında özündən 3 yaş kiçiklərlə oynayıb. Baş verənləri özü danışsa yaxşıdır: “Mingəçevirə qayıdanda çempionat yarıda idi. Adım sifariş ərizəsinə salınmamışdı deyə, fərdi məşqlərlə kifayətlənməli olurdum. “Spartak” cəmiyyətinin məşqçisi Ənvər müəllim mənə dedi ki, gəl, yaşını azaldıb səni Anapadakı yarışa aparaq. Məndən 3 yaş kiçik əmim oğlu ilə çox oxşayırdıq. Həm də boydan balaca olduğuma görə yaşımı vermirdim. Xudadatov Sədrəddin Zirəddin oğlu adı ilə yollandım Anapaya. Komissiya sədri Filippov məni dərhal tanıdı. Amma Elşad olduğumu boynuma almadım. Oyunumu izləyəndən sonra anladılar ki, Elşad Xudadatovam. Nə olsun, sübut edə bilmədilər. Əmioğlu ilə çox oxşayırdıq”. 
 
Həmin turnirdən bir qədər sonra “lipa”ya teleqram gəlir ki, “Spartak” cəmiyyətinin yığma komandasına seçilibsən. Amma rəhmətlik Banişevski “əməliyyat”ın üstünün açılacağından çəkinərək icazə vermir.
 
1987-cı il mövsümündə Banişevski  komandanı tərk edir və işləmək üçün Burkino-Fasoya gedir. Komandanın yeni baş məşqçisi isə Trofimov olur.  Amma mövsüm uğursuz alınır və 9-cu zonada yerini “Göyəzən”ə verən “Avtomobilçi” respublika birinciliyində mübarizə aparmalı olur. Bu üzdən 1988-ci ildə yenidən Ağdama qayıdan Elşad “Qarabağ”a qoşulur. Ta ki, futbolçu karyerasını bitirənə – 1997-ci ilə kimi bu komandanın şərəfini qoruyur. 
 
İlk maaşı 1986-cı ildə alan Elşadın aylıq qazancı 130 manat imiş. Mükafat da verirlərmiş. Haradasa, 45 manat. Heç vaxt pula görə futbol oynamadığı deyən həmsöhbətim “Şəfəq”dəki vaxtlar pul üzü görmədiyini deyir: “O vaxta kimi qara qəpik də almamışdım. Ümumiyyətlə, pulu heç ağlıma da gətirmirdim. Hələ “Şəfəq”də olarkən, Xankəndinin “Qarabağ”ında oynayan Oqanesyana 35 rubla buts gətirtmişdim. Bir də anam 30 rubla bir top almışdı. Başqa heç nə. Komanda ancaq səfər xərclərimi qarşılayırdı. Fikrim-zikrim ancaq futboluydu. Ən böyük arzum da “Neftçi”də oynamaq idi. Qismət olmadı”.
 
Ağdama qayıdanda artıq “Şəfəq” yox idi. Əvəzində “Qarabağ” yaradılmışdı. Komanda respublika birinciliyinin qalibi kimi 9-cu zonada mübarizə aparmaq imkanı qazanmışdı. 1991-ci ilə – SSRİ dağılana kimi bu zonada çıxış edən “Qarabağ” müstəqillik qazanandan sonra 1992-ci ildə keçirilən ilk milli çempionata qoşulur. Növbəti il isə ağdamlılar həm kuboku qazanırlar, həm də çempion olurlar. Amma ilk çempionluq sevinc yox, təsəlli xarakteri daşıyır. Cəmi bir neçə gün əvvəl işğal olunmuş Ağdamsız necə sevinmək olardı? Elşaddan sonuncu dəfə Ağdamda nə vaxt olduğunu soruşdum: “Mayın 5-də “Turan”la kubokun yarımfinal oyununda qarşılaşdıq və qalib gələrək finala çıxdıq. Müharibə gedirdi deyə, komanda oyunlara Mingəçevirdə hazırlaşırdı. Amma ev oyunlarını “İmarət”də keçirirdik. Həmin matçdan sonra yenidən Mingəçevirə qayıtdıq. Ağlıma da gəlməzdi ki, Ağdamı sonuncu dəfə görürəm. Fikirləşirdik ki, kuboku alarıq, Ağdama gətirərik. Qismət olmadı. Yada salmaq belə çox ağırdı”.
 
Cəbhədə yerləşməsinə baxmayaraq, “Qarabağ”ın ev oyunlarında “İmarət” azarkeşlərlə dolu olurdu. Düzdür, onların xeyli hissəsini hərbçilər təşkil edirdi. Amma çətinliklərə baxmayaraq, azarkeşlər heç vaxt “Qarabağ”ı tək buraxmayıblar. 
 
Elşad ermənilərlə müharibənin olacağını ilk dəfə yaxın qohumundan eştidiyi deyir. 1987-ci ilin oktyabrında rayondakı yas məclisinə gələn anasının dayısı oğlu, coğrafiya elmləri doktoru Maqbet Məmmədzadə 2-3 aya ermənilərin Qarabağı tələb edəcəkləri ilə bağlı xəbəri onlara çatdıranda buna heç kimi inanmırmış: “Ağlımıza da gəlməzdi ki, ermənilərlə savaşa bilərik. Maqbet dayı bizə hazır olmağımızı məsləhət görmüşdü. Onun dedikləri doğru çıxdı – bir də eşitdik ki ermənilər Qarabağın onlara verilməsi tələbi ilə Xankəndində mitinqlər keçirirlər. 1988-ci ilin yanvarı idi. Ağdamlılar yığışıb əliyalın Xankəndinə hücum çəkdilər. Əsgərana çatanda ermənilər güllə atdı, iki nəfəri öldürdülər. Əli və Bəxtiyar ilk şəhidlərimiz oldu. Ondan sonra münaqişə getdikcə dərinləşməyə başladı. Şuşaya gedəndə yolüstü ermənilərin bizə necə nifrətlə baxdığını görürdük. Bir müddət sonra isə nifrət silahlı hücuma çevrildi. Ermənilərin kimisə öldürməsi adi hal almışdı”. 
 
1992-ci il fevralın 26-ı da hamımız kimi Elşadın yadından heç vaxt çıxmayıb. Xocalının işğal olunduğu tarixi nəzərdə tuturam. Həmin hadisələrdən sonra milli orduya yazılıb döyüşmək istəyən bir neçə futbolçunun arasında Xudadatov da var idi: “Hamımız şokda idik. Mən, Səttar Əliyev və Mahir Əliyev stadionun bazasında məskunlaşan Fred Asifə (Milli Qəhrəman  Asif Məhərrəmov – red.) batalyonuna yazılmaq üçün müraciət etdik. Razı olmadı. “Bilsəm ki, 18 futbolçuyla müharibəni udacağıq, hamınızı apararam. İndi siz bizə meydançada lazımsız” deyə, etiraz etdi.
 
Bir hadisəni də danışım – məşqçimiz, Milli Qəhrəman Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi...”
 
Mərmi demişkən, Ağdama atılan ilk “qrad” ağdamlılar kimi Elşad üçün də gözlənilməz olub: “1992-ci ilin yanvarı idi. Bizim evin yanından ermənilərə “qard” atdılar. Səsi o qədər vahiməli idi ki, insanda sanki dünyanın sonu olması təəssüratı yaradırdı. Bir neçə gün sonra isə ermənilər atmağa başladılar. Ağdama ilk mərmi düşəndə əhali təşviş içində idi. Hamı ailəsinə, arvad-uşağına görə qorxurdu. Məhz ondan sonra camaat ailəsini Ağdamdan çıxarmağa başladı. Uşaqlar və qadınları daha təhlükəsiz yerlərə apardıq. Amma özümüz Ağdamda qaldıq”.
 
Futbolu bitirəndən sonra 1998-ci ildə məşqçiliyə başlayan Elşad Xudadatov heç hara getməyib, yenə də “Qarabağ”dadı. 1990-cı ilin dekabrında ailə həyatı qurub. 3 oğul atası olan Xudadatov bu yaxınlarda baba olub. Gözünüz aydın olsun! Sonbeşiyin sonbeşiyi Elton Elçinin yolunu davam etdirir, hazırda “Qəbələ” futbol akademiyasında təhsil alır. Bir vaxtlar böyük oğlu Elvin də  futbolçu olmaq istəyirmiş. Amma alınmayıb. Hazırda hakimlik edir. Əksər mühasiblərimdən söhbətin sonunda futbolçu olduqları dövrdə başlarına gələn maraqlı hadisələrdən danışmasını istəyirəm ki, müsahibə bir qədər “duzlu” alınsın, oxucuların da dodaqları “qaçsın”. Elşaddan istəmədim. Ağdam haqqında bu qədər dərdli danışandan sonra doğrudan da yeri yox idi. Qalsın başqa vaxta və başqa məkana – Ağdama. 
 
İlqar TAĞIYEV “Het-trik news”

Xəbər xətti