"Bizdə futbolçulara 200 mindən artıq pul verilmir" MÜSAHİBƏ

15:04 - 10 İyul 2014

"Asəf müəllim komandaya baş məşqçi gəldikdən sonra milliyə altı futbolçu verdi"

Nazim Süleymanov İran klubunda işləmək istəməyib Hazırda Braziliyada keçirilən dünya çempionatında iştirak edən komandalardan biri də İran millisi idi. Qrupdan çıxa bilməsələr də, cənub qonşularımızın əzmkar oyunları xoş təəssürat yaratdı. İran futbolu bizim üçün doğma olan «Traktorsazi»yə görə də maraqlıdı. Bir neçə gün əvvəl redaksiyamızın qonağı olan iranlı jurnalist Səməd Xanzadəylə söhbət də yetərincə maraqlı alındı. Cənubi Azərbaycandan olan Səməd bəylə İran futbolundan tutmuş, bizim futbola kimi bir çox mövzularda danışdıq. İdman jurnalisti olması onunla söhbətimizi xeyli asanlaşdırdı.

- Gəlin, əvvəlcə sizi oxucularımıza təqdim edək.
- Mən Səməd Xanzadə, 60 yaşım var. 25 ildi ki, jurnalistikayla məşğulam. Eyni zamanda, hərbçiyəm, müharibə döyüşçüsüyəm. 8 il müharibədə döyüşmüşəm, yaralanmışam. Bununla fəxr edirəm. Əvvəllər futbolçu olmuşam. İran millisinin aşağı yaş qrupları üzrə komandasında çıxış etmişəm. Həmçinin, klubların təhlükəsizlik xidmətində çalışmışam, 13 il vitse-prezident olmuşam. Əvvəldən jurnalistikaya maraq göstərdiyim üçün bu sahəyə gəlməyimdə çətinlik yaşamamışam. Ümumi idmandan yazsam da, futbola daha meylliyəm. Bu da mənim qısa hekayəm.

- Bizi maraqlandıran əsas məqamlardan biri İranın idman mətbuatının hazırki durumudu. Orda idman mətbuatının vəziyyəti necədi? Hardan dəstək var? Oxucu kütləsi hansı səviyyədədi?
 - İdman mətbuatı İranda genişdi. İranda ümumi 52 qəzet, təkcə Təbrizdə isə beş qəzet işıq üzü görür. Mən ümumi İran üzrə fəaliyyət göstərən «Futbolista» qəzetində Azərbaycan bölməsi üzrə çalışıram. İranda hər şey bahadı. Mətbuat nazirliyi bizə dəstək olur. Məsələn, adi bazarda kağız 10 dollaradısa, nazirlik bizə bir dollara verir. Bəzi qəzetlər hökumətlə birgə çalışır. Amma idarələrini itirmirlər. Bir adam ki, qələmi əlinə götürdü, gərək şərəfli ola.

- Qəzetlərlə futbol klublarının münasibəti nə yerdədi?
- Biz klublara müraciət edirik ki, sizinlə işləmək istəyirik. Bu o demək deyil ki, ancaq onları tərifləyək. Klubda vəzifəli şəxslə görüşüb, şərtlərimizi irəli sürürük. Klub rəhbərlərinin, futbolçuların müsahibələrini yerləşdiririk. Klub haqqında məlumatları dərc edirik. Onlar da bunun müqabilində bizə maddi köməklik edirlər. Onlar bilirlər ki, biz bunu qəzetin fəaliyyət göstərməsi üçün edirik. Çünki bu işdə heç bir gəlir, xeyir yoxdu. Bizdə yenə yaxşı nəsə var, amma sizdə gördüyüm qədəriylə heç nə yoxdu. Bizdə nəsə qazanc gəlir. Ancaq sizin işiniz eşqdi, sevgidi. Kimsə deyə bilər ki, siz filan qədər qazanırsız. Onu bir mən bilirəm ki, ola bilməz, yalan deyir. Yəni sizin bu işdən qazandığınızla dolanmaq olmaz. Yenə də deyirəm, sizin məqsədiniz, səbəbiniz bu sənətə olan sevginiz, bağlılığınızdı. Ayrı bir şey yoxdu. Bu ölkədə prezident daxil olmaqla hər kəs idmanı sevir. İnşallah, vaxt gələr, hər şey yaxşı olar.

- Bizdə mətbuatın klublarla əməkdaşlığına pis baxırlar. Klublar pulu verib deyirlər ki, bizdən heç nə yazma, tənqid eləmə. Sizdə də belədi?
 - Mən az öncə də dedim ki, qələmi əlinə götürən şərəfini əlinə götürür. Bu qələmlə şərəfini yazır. Burda (qarşısındakı qəzeti göstərir) yalan yazsa, gecə gözünə necə yuxu gedəcək? Yata bilməz! Nə var, o yazılır. Bir dəfə, iki dəfə, üç dəfə yalan yazdınsa, qələmi apar qoy qırağa. Əsas odu ki, haqqı yazasan.

- Klublar sizə deyirlər ki, yalan yazırsız?
- Yox, elə şey olmur.

- Sizdə klublar necə maliyyələşir? Məsələn, Təbrizi təmsil edən “Traktorsazi” hardan maliyyələşir?
 - Klublarımızın hamısı olmasa da, böyük hissəsi dövlətə tabedi. Çox az hissəsi özünü maliyyələşdirir.

 - Azarkeşlər stadiona gəldiyi zaman bilet pulu ödəyirmi?
 - Əlbəttə. İranda ən çox azarkeşi olan komanda “Traktorsazi”di. Bir oyuna 70-80 min azarkeş gəlir. Onların hamısı da stadiona ödəniş edib daxil olurlar. Başqa cür ola bilməz.

 - Sizin iş təcrübəniz böyükdü. Xatırlayırsızsa, Azərbaycan yeni müstəqillik qazananda bəzi mütəxəssislərimiz İrana getdi. Vaqif Sadıqov, Böyükağa Hacıyev və başqaları. Onlarla tanış idizmi?
- Hə, bilirəm, sizdən bizə çoxları gəlib.

 - Sizcə, həmin məşqçilər indi niyə İrana getmirlər?
- Əvvəllər ölkənizdə klubların sayı az idi. Eyni zamanda, maaşlar da xeyli aşağı idi. Məşqçilərinizin çoxu bizdə aşağı dəstədə çalışıb. Futbolçularınız da İranda çıxış edib. Ramiz Məmmədov, Müşfiq Hüseynov - bu ikisi İranın Superliqasında oynayıb. Hər ikisi indi də İranda xatırlanır. Xüsusilə Ramiz. O, çox yaxşı insan idi. Yaxşı xarakteri vardı. Zəhmətkeş futbolçu idi. Uduzanda ağlayardı. Vurduğu qollar indi də gözümün qabağındadı. Müşfiq də yaxşı oyunçuydu. Asəf Namazovu da xatırlayıram. Həmin vaxt «Maşinsazi» Superliqada mübarizə aparırdı. Asəf müəllim komandaya baş məşqçi gəldikdən sonra milliyə altı futbolçu verdi. Bu isə çox yaxşı hal idi. Nazim Süleymanov da yaxşı məşqçidi.

 
- Nazim Süleymanov İranda işləməyib axı...
 - Bəli, işləməyib. Amma onun yaxşı məşqçi olduğunu bilirik. Futbolçu kimi də uğurlarını eşitmişik. Onu İrana işləməyə dəvət etmişdim, razı olmadı. İranda işləmək istəmədi.

- Nə vaxt dəvət etmişdiz?
 - İki ay olar. Yaxşı məşqçidi. Baba, mən sizin məmləkətdəki hadisələrdən heyrətə gəlmişəm. Çempionatda xarici məşqçilər çalışır. Bizdə fərqlidi. Bütün klublarda aşağı yaş qrupları üzrə komandalar, futbol akademiyası olmalıdı. Ora futbol oynamış insanlar baş məşqçi təyin edilir. Ancaq onlar öncə üç ay təlimdə olurlar. Daha sonra isə lisenziya almalıdılar. Bunlar olmasa, həmin adam məşqçilik edə bilməz. Bizdə məşqçilər karyeralarını belə qururlar.

- Bizi maraqlandıran elə bunlardı. İranda klubların şəraiti necədi? Bizdə klubların stadionları, məşq etməyə yerləri yoxdu.
- Bizdə hamısının hər şeyi var. Olmasa, onlar çempionata buraxılmırlar. İndi üç ay yay tətilidi. Uşaqlar klubların akademiyalarında futbolun sirlərini öyrənməyə gedirlər. Bayaq dediyim kimi, onlara ancaq təhsil almış, lisenziyası olan məşqçilər dərs deyə bilər. Yadınıza gəlirsə, Almaniya millisi əvvəllər dünya çempionatlarında heç də yaxşı çıxış etmirdi. Yığışıb, dedilər ki, daha yaxşısını edək. Beləcə futbolun təməlini qurdular. Necə? Uşaqlara diqqət ayırdılar. Və nəticəsini gördülər. İndi həmin uşaqlar dünya çempionatında oynayır. İran da belə edir. Siz isə istəsəz də belə edə bilməzsiz. Çünki binanın təməli yoxdu. Bir evin bünövrəsini qurmadan tikə bilməzsən.

- İranda olduğu kimi Azərbaycanda da klublar dövlətdən maliyyələşirlər. Ancaq bizim klublar maliyyə hesabatı vermirlər. Bəs orda bu sarıdan vəziyyət necədi?
 - İranda “Persepolis” və “İstiqlal” ən böyük klublarımızdı. İndi onlar da daxil olmaqla bütün klublara deyiblər ki, bundan artıq pul xərcləyə bilməzsən. Klublar legioner gətirməyə maraqlı deyillər. İranda hamıya hər şey məlumdu. Menecer deyilən şey yoxdu. Hər oyunçunun katibi var. Diqqətli olun, menecer yox, katib. Həmin adamlar oyunçuların rəsmi işlərini görürlər. Mən o gün eşitdim ki, avrokuboklara gedən “Qəbələ” 17 oyunçunu komandadan göndərib. Bu necə ola bilər? Çox təəccübləndim. Bundan səhv hərəkət olar? Vacib oyunlardan əvvəl hər yerdən oyunçu gətirirlər. Menecerlər 20 minə oyunçu gətirib, 200 minə satırlar. Onlar bu pulu necə yeyəcəklər? Uşaqlarının boğazından necə keçəcək?

- Bizdə 20 minə oyunçu almırlar. Gedib 200 min manata oyunçu gətirirlər. Həm də azad agent kimi gətirirlər. O, heç kimə lazım deyil, amma bura gətirilir, 300-400 min verirlər. Yəqin ki, sizdə belə bir şey ola bilməz.
 - Bəli, bizdə hər şeyə nəzarət var. İmkan verməzlər ki, belə şey olsun. Hesab-kitab deyilən şey var. Hər kəs elədiyi işin hesabını verir.

- Amma bizim klub prezidentləri gördükləri işlərin hesabını vermirlər, cəzasız qalırlar. Onlara cəza verilmir.
- Bizdə oyunçulara 200 mindən artıq pul verilmir. Mümkün deyil ki, daha çox pul verilsin. Daha çox pul verən klub prezidenti gərək o pulu öz cibindən verə. Oyunçuların maaşına da nəzarət var. Futbolçulara maaş müxtəlif cür verilir. Məsələn, müqavilə imzalayarkən beh verilir. Sonra pulun bir hissəsi 12 aya bölünür. Hər ay maaş alır. İlin axırında da qalan pul verilir. Bəzi oyunçulara oyunbaşı pul verilir. Futbolçularla iki ildən aşağı müqavilə imzalanmır. Akademiyalarda təhsil alan futbolçulara da əməkhaqqı verilir. Eyni zamanda, müqavilənin detalları xırdalığına qədər mətbuatda dərc olunur, hamı da bundan xəbərdar olur. Heç nə gizlədilmir. Bizim Superliqada legionerlər demək olar ki, yoxdu. Superliqada 16 komanda mübarizə aparır. Birinci dəstədə 24, ikinci dəstədə 56, 3-cü dəstədə 104 klub var. Ondan sonra həvəskarlar gəlir. Orda da qaydalar başqa cürdü. Həvəskarlarda hər şəhərin daxili çempionatı keçirilir. Ordan da klubların yuxarı dəstələrə yüksəlmək şansları var. Superliqanın qaydalarına əsasən, 23 yaşdan yuxarı 17, 20 yaşdan yuxarı 7, 18-20 yaş arası 5 futbolçu komandada yer almalıdı. Bu futbolçuların hamısı oynadılmalıdı. Elə buna görə də, İran futbolu inkişaf edir. Legionerlərlə bağlı rüsumlar çox olduğundan, klublar bu variantdan qaçırlar.

- İranlı futboçular niyə Azərbaycana oynamağa gəlmirlər?
 - İmkan vermirlər.

- Niyə?
- İndi deyəcəm niyə. Baxın (əlindəki flaşkartı göstərir), burda “İstiqlal”ın oyunçusu haqqında məlumatlar var. O, 22 yaşından millidə oynayır. İndi bunu kimə deyək?

- Bizimkilər pul istəyirlər sizdən?
- Deyirlər ki, xarici ölkələrdən o qədər legioner gətiririk ki, nəyimizə lazımdı. Məsələn, Fərzad Hatəmini mən gətirmişdim bura. “Qəbələ”də oynadı. Bir gün mənə zəng vurdu ki, qayıtmaq istəyirəm. Dedim ki, Azərbaycanda nə desən var, ölkəmizdi, hamı türkdü, sənə rahat olar. Cavab verdi ki, sən bilmədiyin şeylər var, bunların içində deyilsən, burda oynamaq olmaz. Onunla 80 min dollarlıq müqavilə imzalamışdılar, cəmi 50 min dollar vermişdilər.

- Bizim “Xəzər Lənkəran” İran millisinin qapıçısı Alireza Həqiqiylə maraqlanmışdı bir müddət əvvəl. Bundan xəbəriniz var?
 - Bəli, o, yaxşı qapıçıdı. Rusiya klublarında çıxış edib. O, Avropada çıxış etmək istəyir. Bizim sizdən fərqimiz budu ki, oyunçularımızın çoxu Avropada oynayır. Cavad Nekunam 15 yaşında Asəf Namazovun rəhbərliyi altında çıxış edirdi. Asif bəy dedi ki, bu uşaq millidə oynayacaq, adından söz etdirəcək. Elə də oldu. Cavad İran millisinin kapitanıdı, “Osasuna”da oynadı. Bu uşağı yetişdirən, onun bu uğurlara imza atacağını söyləyən adamsa bu məmləkətdə işsizdi. Niyə işsizdi? Bu məmləkətə xeyir verəcək adamlara iş vermək lazımdı. Asəfi indi də İranda sevirlər. Nə vaxt gəlsə, gözümüz üstə yeri var. Berti Foqts millinizə baş məşqçi gəlib. Futbolçuluğuna, məşqçiliyinə söz yoxdu. Amma burda nə edib axı? Özüylə hər yaş qrupuna bir məşqçi gətirib. Balaca uşaqlar onlardan nə öyrənsin, nə eşitsin? Balacalara öz dilində nə etmək lazım olduğunu öyrətmək lazımdı. Yoxsa o nə öyrənəcək?

- Azərbaycanda elə futbolçu varmı ki, sizin çempionatda oynaya bilər?
- Bilmirəm, fikrimdə elə biri yoxdu.

 - Bizdə yeni qayda tətbiq ediləcək. Azərbaycanda türkiyəli futbolçular, Türkiyədə də azərbaycanlı futbolçular legioner sayılmayacaq. Biz bunu Cənubi Azərbaycandan olan futbolçular üçün də edə bilərikmi? Düzdü, İranda bunu etməzlər. Amma birtərəfli olaraq onlar üçün etsək, necə olar?
 - Çox yaxşı olar. Həm sizə yaxşı olar, həm də bizə. Bizdən gələnlər sizin milliyə də kömək edə bilərlər. Biz bir xalqıq, hamımız türkük. Türklərin bir yerdə olmasından yaxşı nə ola bilər ki

- Bax, o türklər bizim millidə oynamaq istəmirlər, qaçırlar...
- Fərzad Hatəmi gəlmişdi, millidə də oynamaq istəyirdi. Onun başına gələnləri dedim. Bu məmləkətdə o işlər olur. Olmasa, hər şey yaxşı olar. Azərbaycana İrandan elə gənc oyunçular gətirmək olar ki... Legionerlərdən güclü oynayarlar. Mən onların transferindən pul güdmürəm. Şükür Allaha, dolanıram. Sadəcə, istəyimiz budu ki, futbolçular gəlsinlər, oynasınlar. Bu oyunçular da azəridi. Dil eyni, xarakter eyni. Özünüzküdü də, xeyrini görün də. Mənə də şərait yaratsalar, gəlib işləyərəm. Hansısa işin qulpundan tutub, bacardığım qədər köməklik edərəm. Təki istəsinlər, hər şey də düz olsun.
 
("Komanda" qəzeti)

Xəbər xətti