"Mən həmin Tərlanam"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun Aut.az saytına müsahibəsini təqdim edirik:
- "Qarabağ" məğlubiyyətindən sonra komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır. Bir məğlubiyyət çempionatda faciə deyil. Biz "Sumqayıt"la oyuna köklənmişik. Çempionatda qalibiyyət də, məğlubiyyət də olacaq. Ancaq çalışmalıyıq ki, məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlarda qalib gələ bilək. Bizdə də yeni komandadır. Çalışırıq ki, qarşıdakı turlarda itirdiyimiz xalları geri qaytaraq.
- Bir oyununuz təxirə salındı. 4 oyunda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət aldınız. Bu nəticədən razısınız?
- Heç bir məşqçi deyə bilməz ki, mən nəticədən razıyam. Hər halda qələbə sayı çox olsa, daha yaxşı olar. Hələ qarşıda çox oyun var və nələrin olacağını qarşıdakı turlarda görəcəyik. Əvvəl təəssüflənirəm ki, bu oyunda qələbə qazanmalıydıq, amma məğlub olduq. Ancaq biz saydığımızı sayaq, görək fələk nə sayır. Pelenin bir sözü var. Deyir futbolu çoxu oynaya bilmir, ancaq hamı baş düşür, təhlil edə bilir. Yəni 90 yaşında bir insan oyunu təhlil edə bilər. Ancaq oynayamağa gələndə o yaşda heç nə bacarmaz. Şaşkini hamı oynayır. Amma bir nəfər mənə desin ki, şaşki nə məna verir? Bilmirsən ki, bu daşı niyə götürüb ora qoyursan. Bizim də işimiz budur ki, hər məğlubiyyətdən nəticə çıxaraq.
- Ancaq futbolu da, şaşkini də qalib gəlmək üçün oynayırlar...
- Bunu başa düşdüm, ancaq hər dəfə qələbə olmur axı. Bütün oyunlarda qələbə qazanmaq çətin məsələdir. Məğlubiyyət olmasa, qələbə də olmaz. İndi mən deyim ki, məğlub olduq, bunu faciə edək. O zaman qarşıdakı oyunlara necə köklənəcəyik?
- AZAL-ın yeni transferləri, xüsusi ilə də legionerləri hələ də komandaya tam uyğunlaşa bilmir... Bu futbolçulardan nəsə gözləyirsiniz?
- Açığını deyim, Kardoba, Ramos, Edudan çox şey gözləyirəm. Çünki onların oyun potensialı çox yüksəkdir. Edu artıq komandaya uyğunlaşır, ancaq Ramos və Kardoba da bir balaca problem var. Düşünürəm ki, oyundan-oyuna onlar da daha yaşı oyun göstərəcəklər. Xüsusilə də Azərbaycan mentalitetinə, süni ot örtüyünə öyrəşəcəklər. Zidan "Real"a keçəndə 1 il onu fitə basırdılar. Ancaq 1 ildən sonra Zidan nələr elədi.
- Vaqif Qasımov ötən mövsümdə bu il üçün komandanın büdcəsinin artırılacağını demişdi. Doğurdan da büdcə artırılıb?
- Xeyr, büdcə artırılmadı və necə var, elə də qaldı. Deyilmişdi artırılacaq, amma sonradan necə varsa, elə də qaldı.
- Bəzi klublar var ki, futbolçu transferini baş məşqçilər həyata keçirir. Bu sistem sizdə necədir?
- Mən bütün futbolçuların söhbətlərini özüm eləmişəm, oyunlarına baxmışam. Ancaq maliyyə məsələləri rəhbrəlik tərəfindən həll edilib. Mən maddi məsələlərə qarışmamışam. Məşqçi ancaq seçim edə bilər. Məncə məşqçi maliyyə işlərinə qarışmasa, daha yaxşı olar.
- Necə düşünürsünüz, AZAL-ın tam uğur əldə etməsi üçün nə çatmır?
- Komandada birlikdi. Birlik olmasa, uğur da olmaz. Futbolçular çalışır, amma istər-istəməz məğlubiyyətdən sonra söz-söhbətlər yaranır. Ancaq hamının fikri bir nöqtəyə yönəlir. Yəni məğlub olsaq da, qələbə qazansaq da burada AZAL-ın adı hallanır. Bizim komanda şəklində döyünən ürəyimiz yoxdur ki, biz bu uğuru qazanaq.
- Klublarımızın qarşısına hədəf qoyulduqda hamı legioner futbolçu axtarır. Ya da 1-2 üzdə olan yerli futbolçu. Ancaq o qədər gənc, potensiallı gənclərimiz var ki, onların adını belə çəkən yoxdur...
- Hər bir məşqçinin qarşısına hansısa nəticəni vermək tapşırığı qoyulur. Biz Eltonu, Asifi və başqalarını "Qarabağ"ın, "İnter"in əvəzedici heyətindən gətirmişik. Özümüzdə Aydın var. Digər tərəfdən təcrübəli futbolçular da olmalıdır ki, gənclərə nəsə verə bilsin. Gənc futbolçuların yanına təcrübəli futbolçu qoyanda daha yaxşı olur. Bu nöqteyi nəzərdən gənclərə üstünlük verilməlidir. Amma bəzi məşqçilərin qarşısına elə hədəflər qoyuluru ki, artıq buna məcbur olurlar.
- AZAL istədiyi nəticəni qazanmasa da, oyun baxımından irəliləyiş nəzərə çarpır. Tərlan Əhmədova uzun müddət şans verilsə, AZAL-ı avrokuboklarda görmək olar?
- İnşallah bu mümkün olar. Problem bundadır ki, azəri məşqçilərəçox da dəstək verilmir. Ancaq mənim qarşıma elə məqsəd qoyulmayıb. İyun ayında klub prezidenti ilə görüşəndə belə söhbətimiz oldu ki, bu il komandanı formalaşdırırıq, gəln ildən məticəyə oynayırıq. Amma bu o demək deyil ki, sonuncu yerdə olmalıyıq. Bu mövsüm sadəcə bacardığımız qədər yüksək nəticə əldə etməliyik. Amma gələn ildən nəticə tələb olunacaq. Komandada cavan uşaqlar çoxdur.
- Seleksioner məşqçilərdən razısınız?
- Aşağı yaş qruplarına baxanda bəli, razıyam.
- PFL prezidenti Ramin Musayev seleksionerlər məşqçilərdən şikayətlənmişdi...
- Biz divizionun və əvəzedici heyətlərin də oyunlarını izləyirik. Çalışırıq ki, oradan da yaxşı futbolçular tapaq. Əgər məşqimiz üst-üstə düşsə, mən vaxtı dəyişirdim ki, əvəzedici heyətində məşqini izləyim.
- "Neftçi"yə təşəkükr etmək istəyirsiniz?
- Niyə?
- Oradan ayrılmasanız, indi AZAL-da baş məşqçi olmazdınız. Ya Arif Əsədovun köməkçisi idiniz, ya da Böyükağa hacıyevlə birgə istefaya getmişdiniz...
- Mən ilk növbədə Allaha təşəkkürümü bildirirəm. "Neftçi"dən də ayrılanda Sadıq Sadıqovıa halallaşdıq və ayrıldım. AZAL-dan ayrılandan sonra hər hansı bir məşqçi mənə desə ki, gəl kömək elə, mən demərəm ki, yox. Nə olsun ki burada baş məşqçi işləmişəm. Vaxtı ilə təşəkkürüm etmişəm. Allah istəməsə idi, mən indi orada çaıışırdım.
- Sadıq Sadıqovla münasibətiniz necədi?
- Mənim heç kimlə problemim yoxdur. Ancaq ola bilər ki, kimsə məndən inciyb, küsüb. Mən səmimi adamam. Sadıq müəllimlə heç bir problemim yoxdur. Ümumiyyətlə nə şəxsi, nə də iş həyatımda heç kimlə problemim yoxdur.
- Amma Sadıq Sadıqov deyib ki, sizi "avtoqol Tərlan" kimi tanıyır...
- Canı sağ olsun (gülür). Hər futbolçunun həyatında yüksəliş və eniş dövrü var. Zaman vardı ki, kimlərsə sifarişlə pulla oyuna gedirdisə, mən millinin uğuru üçün çalışırdım. Mənə deyirdilər ki, çətin olacaq. Ancaq mən Azərbaycan adı üçün çalışıram. Mən həmin Tərlanam. Bugünkü cəmiyyətdə hər bir insanın yaxşı əməlini yox, səhvlərini deyirlər. Hamı çalışır ki, kiməsə irad bildirsin. Başqasının adında 7 avtoqol var, amma Tərlanın adı çəkilir. Deyirlərsə, canları sağ olsun. Mən bundan incimirəm. Allah hamıya bir ömür verib və çalışıram ki, bu həyatı şərəflə yaşayım. Kimlərsə fikirləşər ki, Sadıq müəllimilə Tərlanın arasında nəsə problem var, ancaq belə deyil.
- Siz Avropa çempionu olmusunuz. İndi bunu yada salan var?
- Azərbaycan futbol ictimaiyyətində 6 nəfər var ki, sovet dönəmində uğur qazanıb. Ancaq bugünkü gündə heç nə yada salınmır. Heç 100 illiklə bağlı keçirilən tədbirdə mənim adım siyahıdan çıxarılıb. Ancaq sonra eşitdim ki, orada mənim adım hallanıb. Lakin hər bir şey tarixdə qalır.
- Çempionatda 5 klubun baş məşqçisi yerli, 5-i isə əcnəbidir. Niyə yerli məşqçilərə inam yoxdur?
- Onun səbəbini demək çətindir. İşləyəndə də böyük çətinliklər olur. Artıq yerli məşqçilərə önəm vermək istəyirlər. Çünki son illər yalnız yerlilər nəticə verir. Qurban Qurbanov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov, Yunis Hüseynov.. Kaxaber Sxadadze də uzun müddətdir ki, Azərbaycandadır. Görünür bəzi klublarda fikirləşirlər ki, əcnəbi məşqçilər böyük işlər görəcək. Ancaq tanınmış məşqçilər də gəldi və uğur qazana bilmədi. İlk növbədə futbolçularımızın psixologiyasını bilmək lazımdır. Biz o vaxtı 4 məşq keçirdik. İndi isə futbolçu ağır qrafikə dözə bilmir. Bu da problem yaradır.
- Yığmanın baş məşqçisi olmağı düşünürsünüz?
- Xeyr, hələ bir müddət də tam təkmilləşməliyəm. Futbolda inkişaf daha sürətlə gedir. Hələ ki, Foqts var və Azərbaycanda bu psta yetərincə layiqli namizədlər var. Bunlara Qurbanovu, Vaqif Sadıqovu, Yunisi misal göstərmək olar. Foqtsun hər zaman məğlubiyyətə bəhanəsi var. Ancaq yerli məşqçi futbolçuları daha yaxşı tanıyır və onların nəyə qadir olduğunu, hazırlığını daha yaxşı bilir. Klubların fiziki məşqçiləri ilə işləmək lazımdır ki, futbolçuları nə qədər yükləyəcəyini biləsən. Bolqarıstanla oyun göstərdi ki, millidə fiziki göstərici aşağıdır.
- 6+5 limiti futbolun inkişafına kömək edəcək?
- əvvəl hamı daha çox yaşı olan futbolçulara üstünlük verirdi. 19-20 yaşlı futbolçular isə kənarda qalırdı. Adicə "Bakı"nı götürün, görün nə qədər futbolçular var. Və ya "Neftçi"nin, AZAL-ın əvəzedici heyətinə baxın. Gənc perspektivli futbolçular çoxdur. Bu gün gənc futbolçuların əsas liqada oynamağı, onlara dəstək olmağımızın futbolun inkişafı deməkdir.
- Bu qərar gənclərin qiymətinin süni şəkildə artırmadı?
- Açığını deyim yoxdur. Əvvəl belə söz-söhbətlər vardı, amma indi yoxdur. Mən demişdim ki, cavan futbolçunun qiyməti nə qədər qaldırılsa da, onu 3 mərhələyə bölsünlər. Məsələn, ilkmərhələ qışa qədər verilsin. Əgər futbolçuda inkişaf olsa, qışda məbləğin bir hissəsi də futbolçuya verilsin. Əgər daha irəliləyiş olmasa, mövsüm sonunda həmin pul verilməsin.
- Potensiallı gənclərimiz var. Ancaq gələcəyin Tərlan Əhmədovu, Emin Quliyevi, Zaur Tağızadəsi, Nazim Süleymanovu, Vidadi Rzayevi yetişəcək?
- Bu gün valideyn uşağını futbola gətirir. Bir müddətdən sonra aşağı yaş qruplarında çempionat başlayır. Məşqçi qıraqda qalıb, valideyn uşağa göstəriş verir. Oda nədən irəli gəlir? Bəzi uşaq futbolundakı məşqçilər valideynlərlə əlaqədə olurlar və bu səbəbdən valideynə etiraz edə bilmirlər. Mən oğlumu futboldan uzaqlaşdırdım. 13 yaşı var. Sırf bu səbəbdən onun futbolçu olmağını istəmədim. Çünki valideynlər məşqçilərin işinə qarışır. Valideyn uşağını məşqə gətirdi, sonra çəkilməlidi kənara və məşq keçilməlidir.
- Millidə legionerlərin milliləşdirilməsi haqda nə deyərdiniz?
- 1, 2 səviyyəli futbolçuları milliləşdirmək olar. Əgər Almaniyanın 3-4-cü liqasında oynayan futbolçunu milliləşdiririksə, buna ehtiyac yoxdur. Bizim futbolçular həmin o legionerlərdən daha yaxşı oynayır. AMma reynaldonun milliləşdirilməsi yaxşıdır.
- Nazarov, Dadaşov, Ufuk Budak və s. Bu futbolçularla uğur qazanmaq olar?
- Məncə yox. Milliləşmə olsun, amma səviyyəli futbolçular gətirilsin. Reynaldonun, Almeydanın bizim yığmaya köməyi dəyir. Ancaq hamını gətirib milliyə salmaq olmaz.
- Bunun günahı kimdədir?
- günah Foqtsdadır. AFFA rəhbrəliyinə deyir uğur olacaq, filan işləri etmək lazımdır. Rəhbrəlik edir, ancaq nəticə yoxdur. Foqtsa hər şərait yaradılır.
Rövşən Əhlimanoğlu
saytlarin hazirlanmasi