"Məhəllədə futbol oynayanda atam əsəbiləşirdi, "boşuna futbol oynayırsan, vaxtın gedir" deyirdi" MÜSAHİBƏ

11:30 - 26 Sentyabr 2014

 "İlk dəfə atam məni güləşə aparıb, amma bu idman növünü sevmirdim"

 

Nərmin Kazımovanın müəllifi olduğu "Oyundan kənar" rubrikasının bu dəfəki qonağı "Neftçi"nin gənc müdafiəçisi Məqsəd İsayev olub. Oxu.az saytına istinadən həmin müsahibəni təqdim edirik. 

 

 - Ailənin deyəsən məqsədi olub ki, “oğlumuz olsun, adını Məqsəd qoyaq”?  Necə ailədə böyümüsən?

- Ziyalı ailədə böyümüşəm, ailədə dörd nəfərik: atam, anam, qardaşım və mən. Anam müəllimədir, atam və qardaşım şirkətdə çalışırlar, mən isə futboldayam. Adımı nənəm qoyub. O vaxtı həyətdə kimsə uşaqlarının adını çağırırmış, 3 nəfər oğlan uşağının adını çağırıblar. Nənəm də tənbəllik etməyib, hər nəvəyə bir adı qoyub. Mənə də Məqsədi yaraşdırıb (gülür). Amma dostlarım məni həmişə Maks deyə çağırırdılar.
 

 

- Niyə futbol?
- Niyə futbol? Çünki futbol mənim üçün başqa dünyadır. İlk dəfə atam məni güləşə aparıb, amma bu idman növünü  sevmirdim, fikrimdə ancaq futbol idi. Məhəllədə futbol oynayanda atam əsəbiləşirdi, “boşuna futbol oynayırsan, vaxtın gedir” deyirdi, amma gördülər ki, bu idmanı sevirəm, marağım bunadır, ona görə də güləşdən ayrılıb futbola başladım. İlk məşqçim Əli Abuzərov olub, futbolda ilk addımlarım onun yanında, onun sayəsində olub. Ümumiyyətlə, ilk müəllim insanın həyatında önəmlidir, həyatın axışı onun başlanğıcından asılıdır, ona görə də ilk addımı hər zaman diqqətli atmaq lazımdır.

 

 

- “Xəzər Lənkaran”də oynaya bilərsən?
- Bunu gələcək göstərəcək,  amma həmişə sevdiyim klub “Neftçi” olub. Bu klubun azarkeşi olmuşam, indi də özüm burdayam. İstəyərəm gələcəkdə də bu klubda olum. “Neftçi” kimi bir klubda başlamaq, inkişaf etmək, irəliyə getmək özü bir uğurdur.

 

 

- Valideynlərinin narazılığı olubmu heç?
- Əvvəllər narazı idilər, amma gördülər ki, həvəsim var, öz seçimimdi, həm də seçimimə hörmət etdilər.

 

 

- Niyə biz uduzuruq?
- İstəməsək də uduzuruq. Onlar bizdən güclüdür, bəli, qəbul edirik. Onların məktəbləri daha güclüdür, texnikası da həmçinin, inkişaf edir. Uşaq məktəbi önəmlidir.

 

 

- Beş il əvvəl nə istəyirdin, indi nə istəyirsən və beş il sonra özünü harda görürsən?
- Beş il əvvəl futbolda olmaq istəyirdim. İndi “Neftçi”dəyəm, beş il sonra isə artıq xarici klubların birində oynamaq istəyirəm. Bu, mənim inkişafım üçün önəmlidir, futbolda özümü inkişaf etdirmək istəyirəm.

 

 

- Xarakterində qəbul etmədiyin cəhətin?
- Əsəbi olmağımı qəbul etmirəm, tez əsəbiləşirəm, istəməzdim bu olsun. Özüm isə çox bezdirən, çox danışan birini sevmirəm.

 

 

- Bəyəndiyin futbolçu kimdir?
- Braziliyalı oyunçu Karlos Kardosonu çox bəyənirəm. Həm bir insan kimi, həm də oyunçu kimi hər zaman çalışır ki, bildiklərini desin, öyrətsin. Oyunçu kimi də güclüdü. Daha sonra Araz Abdullayevi, Elvin Yunuszadəni, Elşən Abdullayevi,  Emil Balayevi bəyənirəm.

 

 

- Hansı sözdən acığın gəlir?
- “Ala” sözündən acığım gəlir. Oğlanların bir-birinə ən çox dedikləri sözdü, amma mən sevmirəm, heç kəsə də demirəm.

 

 

- Hansı vərdişlərin var?
- Oturanda ayağımı həmişə əsdirirəm, bir də qaçanda boynum əyri qaçıram. Bunları mütləq düzəltməliyəm (gülür).

 

 

- İnsan ideal deyil və hansısa hərəkətinə görə mütləq bir şəkildə peşman olur. Sən nəyə görə peşman olmusan?
- Düzdü, insan bəzən nəyəsə görə təəssüflənir, heyfsilənir. Bir dəfə anamla boş yerə mübahisə etmişdim, sonra üzr istədim, amma yenə də bunu özümə keçə bilmirəm, ayıb bildim, etməməliydim.

 

 

- Hansı ixtisas üzrə təhsil almaq istəyərdin?
- İndi təhsil alıram, amma futbol ilə çətindi. Buna baxmayaraq gələcəyim üçün futbol menecerliyini oxumaq istəyərəm. Bunun üzərində işləmək, inkişaf etmək istəyirəm (oxu.az).

 

 

Nərmin Kazımova

Xəbər xətti