"İnter"in çempionluğu və çempionları haqqında YAZI

10:20 - 15 Oktyabr 2014

Sentyabrın 26-da “İnter” 10 yaşını qeyd etdi. “Hilton” otelində təşkil olunan mərasim təmtəraqlı yox, xudmani təsir bağışlayırdı. Düzü, klub rəhbərliyinin, futbolçuların, futbol ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri “İnter”in adına və qazandığı uğurlara yaraşdırmadım. Amma əsas odur ki, yubiley yaddan çıxmamışdı və gec də olsa təşkil olundu. Bu yazıda “Qarabağ”, “Neftçi”, “Turan”, “Kəpəz”, “Şəmkir”, “Bakı” və “Xəzər Lənkəran”ın ardından 8-ci çempion olan “İnter”in ilk çempionluqdan, bu zəfərdə zəhməti olanlardan bəhs edəcəyəm. Bu da mənim “İnter”ə ad günü hədiyyəm.

 

Tam adı “İnter” Peşəkar İdman Klubu olan yubilyar 2004-cü ilin yayında “Xəzər Universiteti” klubunun bazası əsasında yaradılıb və “İnter Bakı” PFK adlandırılıb. Bir müddət sonra “Bakı” sözü ixtisar olunub və “İnter” qalıb. Komanda yüksək dəstədə ilk dəfə yarandığı 2004-cü ildə debüt edib və 7-ci yeri tutub. Növbəti 2 mövsüm 4-cü yerlə kifayətlənən “İnter” 2007/08-ci illər mövsümündə ilk dəfə çempion olub. Komanda çempionatda keçirdiyi 26 oyunun 18-də qələbə qazanıb, 4-də məğlub olub, bir o qədər də meydandan sülhlə ayrılıb. Topların fərqi isə 55-18 idi. Yekunda “Olimpik”lə eyni xal toplayaraq məhz top fərqinə görə qızıl medallara sahib çıxıb. Maraq üçün “Olimpik”in nəticəsini də nəzərinizə çatdırıram – 17 qələbə, 7 heç-heçə, 2 məğlubiyyət, topların fərqi – 42-18. Bu iki komandanın öz aralarında keçirdikləri oyunlarda isə 2:0 və 0:1 nəticələri qeydə alınıb. Yəni, hərəyə 1 qələbə.

 

“İnter” 2008/09-cu illər mövsümündə “Bakı”dan cəmi 1 xal geri qaldığından titulu əldən vermişdi. 2009/10-cu illər mövsümündə isə bu dəfə “Bakı”nı 1 xal qabaqlayaraq qəniməti geri ala bildi. Bundan sonra cəmi 1 il medalsız qalan komanda bunun əvəzini 2011-ci ildə “Birlik Kuboku”nu qazanması ilə sığortalaya bilib. Son 3 mövsümü isə komanda 2-ci pillədə tamamlayıb. 10 yaşlı “körpə”nin 2 “qızıl”, 4 “gümüş” və bir kuboku var ki, bunu da əla nəticə saymaq olar.

 

“İnter” haqqında bu qədər. Keçid alım 2007/08-ci illər mövsümündə komandanın heyətində 1 oyunda belə meydanda olmuş futbolçularla tanışğıla. Həmin il 29 futbolçu “İnter”in çempionluğu üçün əziyyət çəkib. Onlardan 15-i yerli, 14-ü isə əcnəbi olub. Əcnəbilərdən 2-i – Volodimir Levin və Daniel Axtyamov milliləşdirildiklərindən onları da birtəhər yerli saymaq olar.

 

Başlayaq komandanın ağsaqqallarından. Hər dəfə Mahmud Qurbanov haqqında məlumat verməkdən “yoruldum”.  Bu dəfə yalnız Azərbaycan birincilikləri tarixində rekord sayda – 11 dəfə çempion olan Mahmud haqqında maraqlı bir faktı qeyd etməklə kifayətlənəcəm. “Professor” “İnter”ə 2007/08-ci illər mövsümündə son çempion “Xəzər Lənkəran”dan gəlmişdi. “İnter”lə 10-cu dəfə çempion olduqdan sonra 2008/09-cu illər mövsümünün ikinci yarısında “Bakı”ya keçdi və... “Bakı”da çempion oldu. “Mahmud harada, çempionluq orada”. Mahmud Qurbanov haqqında qalan informasiyaları, o cümlədən statistik məlumatları əvvəlki çempionlar haqqında yazılarda vermişəm. Hazırda yığma komandada Berti Foqtsun köməkçisi işləyir.

 

Digər yaşlı futbolçu Xaqani Məmmədovun Mahmud qədər titullu olmasa da, muzeyində xeyli medal var. Xaqani futbolçu karyerasına 1993-cü ildə “Neftçi”də başlayıb. 4 il “flaqman”ın şərəfini qoruduqdan sonra “Sumqayıt”a keçib və növbəti mövsüm yenidən köhnə komandasına qayıdıb. 5 mövsüm ərzində “Neftçi”də 1 qızıl,  2 bürünc və 2 kubok qazanıb. Ümumiyyətdə, karyerası ərzində adıçəkilən iki komandadan başqa növbə ilə OİK, “ANS Pivani”, “Şəmkir” (1 qızıl), “Xəzər Lənkəran” (1 gümüş), “Olimpik”,  “İnter” (1 qızıl, 1 gümüş) və “Karvan”da  çıxış edib. Futbolla 2011-ci ildə “Xəzər Lənkəran”da vidalaşıb. Özü də major notda. Həmin il Lənkəran klubu ilə ikinci olan Məmmədov həm də Azərbaycan Kubokunun qalibi olub. Xaqani “İnter”lə çempionluq ilində 19 qolla birinciliyin ən məhsuldar futbolçusu adını qazanıb. Hüçumçu qısa müddətə legioner həyatı da yaşayıb. 2002-2004-cü illə aralığında İranın “Maşinsazi”sında çıxış edib. Azərbaycanda futbol dayanan vaxt. Milli çempionatlar tarixində 274 dəfə meydana çıxıb, 103 qol vurub. Yığmadakı statistikası isə belədir – 20 oyun, 1 qol. Hazırda “Qəbələ” Futbol Akademiyasında 14 yaşlı futbolçuların baş məşqçisidir. Xaqaninin kiçik qardaşı Fizuli də tanınmış futbolçu olub. Onun haqqında isə “Xəzər Lənkəran”ın çempionluğuna həsr olunmuş yazıda geniş məlumat vermişəm.

 

Komandanın ən yaşlı futbolçusu  Elxan Həsənov sayılırdı. Çempion olanda onun 41 yaşı var idi. Həsənov həm də SSRİ futbolunun dadını görmüş yeganə futbolçu idi.  Elxan Həsənov 1985-90-cı illər aralığından SSRİ çempionatında “Neftçi”nin şərəfini qoruyub (60 oyun, 69 qol). Daha sonra Gəncənin “Dinamo” komandasına keçib. Müstəqillik qazandıqdan sonra ilk komandası Sumqayıtın “Xəzər”i olub. 1993-97-ci illər aralığında “Neftçi”yə qadıyıb. “Flaqman”dan başqa müxtəlif vaxtlarda “Şəfa”, “Gənclərbirliyi” və “Karvan”ın, həmçinin, Finlandiyanın TPS və “Kotkan TP” klublarının qapısını qoruyub. 2007-ci ildə “İnter”ə keçib. 2009-cu ildə də karyerasını elə bu klubda başa vurub. Milli çempionatlar tarixində 203 oyunda qapıda durub, 133 qol buraxıb. Yığmada isə bu rəqəmlər uyğun olaraq 16 və 30-dur. Elxan Həsənov 3 dəfə Azərbaycan çempionu (2 dəfə “Neftçi”, 1 dəfə “İnter”) olmaqla yanaşı, 4 dəfə gümüş (“Xəzər”, “Neftçi”, “Karvan”, “İnter”) medallara layiq görülüb. Bundan başqa “Neftçi” ilə 2 dəfə 3-cü olub, 2 dəfə isə kuboka sahib çıxıb. Bu da hamısı deyil. 1988-ci ildə SSRİ Federasiyalar Kubokunun və 2000-ci ildə Finlandiya Kubokunun finalçısı olub. Daha bir nailiyyət isə fərdidir. Belə ki, “Neftçi”nin heyətində 2001-ci il aprelin 6-dan 2003-cü il mayın 18-ə kimi 943 dəqiqə qapısında qol görməyən qapıçı Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının tərtib etdiyi “ən yaxşı qapıçı” siyahısında 66-cı yerdə qərarlaşıb. Elxan müəllim hazırda “Qarabağ”ın məşqçilər korpusunda işləyir.

 

Komandanın digər qapıçısı Cahangir Həsənzadə isə hələ də futbolla məşğuldur. Onun ilk klubu 1995-ci ildə OİK olub. Daha sonra qısa müddət ərzində U-18, “Fərid” və “Bakılı”da çıxış edib. “Neftçi”dəki “ömrü” isə uzun olub. 1997/98-ci illlər mövsümünün 2-ci yarısında “Neftçi”yə qoşulan Cahangir arada qısamüddətli “Şəfa” “macərası”nı nəzərə almasaq, 2005-ci ilin yayına kimi Bakı klubunda çıxış edib. Ardından növbə ilə “Qarabağ”, “İnter” və AZAL-da oynayıb. Bu mövsümün əvvəlində təcrübəli qapıçıya ehtiyacı olan “Xəzər Lənkəran” 35 yaşlı qolkiperi heyətinə qatıb. “İnter”ə kimi “Neftçi” ilə hər üç əyar medal qazanan futbolçu bu klubla 2, “Qarabağ”la isə 1 dəfə kuboka da sahib çıxıb.  Statistikaya gəlincə, bu mövsümü nəzərə almasaq, 262 oyunda iştirak edib, 280 dəfə topun qapıdan keçməsinə mane ola bilməyib. Milli komandada isə 34 dəfə çərçivəni qoruyub, 48 qol buraxıb. Yeri gəlmişkən, Cahangir 2003-cü ilə legioner həyatı da yaşayıb. Onun xaricdəki ünvanı Ukrayna olub. Həsənzadə bir mövsümdə həm “Volın” (1 oyun), həm də “Tavriya”nın (12 oyun, 11 qol) formasını geyinib.

 

Yaşlı futbolçulardan fərqli olaraq gəncləri yorucu olmasın deyə bir qədər fərqli təqdim edəcəm.

 

Samir Abasov

Futbola başlayıb: 1996-cı il.

Çıxış etdiyi klublar: “Viləş”, “Neftqaz”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “İnter”, “Sumqayıt”.

Hazırkı iş yeri: “Sumqayıt”da məşqçi işləyir.

Statistika: 267 oyun, 7 qol.

Yığmadakı çıxışı: 46 oyun.

Nailiyyətləri: 2 dəfə Azərbaycan çempionu (“Neftçi”, “İnter”), 2 gümüş (“Karvan”, “İnter”), 1 bürünc medal (“Qarabağ”), 2 kubok (“Şəfa”, “Neftçi”).

 

Xəyal Mustafayev

Futbola başlayıb: 1999-cu il.

Çıxış etdiyi klublar: OİK, “Kəpəz”, “Xəzər”, “Turan”, “Gəncə”, “Olimpik”, “İnter”, “Sumqayıt”.

Son klubu: “Kəpəz”. Ötən mövsüm başa çatdıqdan sonra karyerasını bitirib.

Statistika: 173 oyun, 5 qol.

Yığmadakı çıxışı: yoxdur.

Nailiyyətləri: 2 dəfə Azərbaycan çempionu, 1 gümüş medal (hamısı “İnter”).

 

Mahir Şükürov

Futbola başlayıb: 1999-cu il.

Çıxış etdiyi klublar: “Kimyaçı”, “Şəfa”, “Karvan”, “Neftçi”, “İnter”, “Olimpik”,  “Xəzər Lənkəran”, “Qəbələ”, “Antalyaspor” (Türkiyə), “Anji” (Rusiya).

Hazırkı klubu: “Karşıyaka” (Türkiyə).

Statistika: 212 oyun, 6 qol

Yığmadakı çıxışı: 75 oyun, 4 qol.

Nailiyyətləri: 1 dəfə Azərbaycan çempionu (“Neftçi”), 3 gümüş (“Karvan”, “Neftçi”, “Olimpik”), 1 bürünc medal (“Karvan”), 1 kubok (“Neftçi”).

Qeyd: 2007/08-ci illər mövsümündə Mahirin “İnter”lə çempion olamamasına səbəb çempionatın gedişində “Xəzər Lənkəran”a keçməsidir.

 

Mixail Kitelman

Futbola başlayıb: 1997-ci il.

Çıxış etdiyi klublar: U-18, “Şəfa”, “ANS Pivani”, “Olimpik” “İnter”.

Hazırkı klubu: dəqiq məlumat yoxdur.

Statistika: 119 oyun,  qol vurmayıb.

Yığmadakı çıxışı: yoxdur.

Nailiyyəti: 1 dəfə Azərbaycan çempionu (“İnter”).

Qeyd: Mixailin kiçik qardaşı Emil də uzun müddət futbolla məşğul olub, bir sıra ortabab Azərbaycan klublarında çıxışla yanaşı karyerasının 4 ilini İsraildə keçirib, 2 oyunda U-19 yığmamızın şərəfini qoruyub. Hər iki qardaş İsraildə yaşayır. Mixail ötən il İsrailin həvəskar komandalarından birində çıxış edirdi. Bu ilki vəziyyətindən xəbərsizəm.

 

Elvin Məmmədov

Futbola başlayıb: 2003-cü il.

Çıxış etdiyi klublar: “Turan”, “İnter”, “Qarabağ”, “Bakı”.

Hazırkı klubu: “İnter”.

Statistika: 203 oyun,  13 qol.

Yığmadakı çıxışı: 32 oyun, 7 qol.

Nailiyyətləri: 1 dəfə Azərbaycan çempionu (“İnter”), 1 gümüş (“İnter”), 2 bürünc medal (“Qarabağ”), 1 kubok (“Bakı”).

 

Emin İmaməliyev

Futbola başlayıb: 1997-ci il.

Çıxış etdiyi klublar: U-18, “Şəfa”, “Qarabağ”, “Bakı”, “İnter”, “Kəpəz”.

Son klubu: “Araz Naxçıvan”.

Statistika: 263 oyun,  38 qol.

Yığmadakı çıxışı: 45 oyun, 2 qol.

Nailiyyətləri: 2 dəfə Azərbaycan çempionu (“Bakı”, “İnter”), 3 bürünc medal (hamısı “Qarabağ”),  3 kubok (1 dəfə “Şəfa”, 2 dəfə “Qarabağ”).

Qeyd: Təcrübəli futbolçu ötən mövsümü 1-ci Divizionda çıxış edən “Araz Naxçıvan”da keçirib və Naxçıvan təmsilçisinin Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub. Güman ki, karyerasını bitirib. 

 

Ramil Ağayev

Futbola başlayıb: 2000-ci il.

Çıxış etdiyi klublar: “Qarabağ”, “Dinamo”, MOİK, “Xəzər Lənkəran”, “MKT-Araz”, “Gənclərbirliyi”, “İnter”, “Simurq”.

Hazırkı klubu: məlum deyil.

Statistika: 104 oyun,  5 qol.

Yığmadakı çıxışı: yoxdur

Nailiyyəti: 1 dəfə Azərbaycan çempionu ( “İnter”).

Qeyd: Ramil Ağayev çempionluq ilində “İnter”in heyətində cəmi 2 oyunda meydana çıxıb, qol vurmayıb. Bu “işinə” görə ona qızıl medal düşüb-düşmədiyinin mühakiməsini apara bilmərəm. “Simurq”dan sonra onu “gördüm” deyənlə rastlaşmamışam.

 

Ramil Nəsibov

Futbola başlayıb: 1996-cı il.

Çıxış etdiyi klublar: U-18, OİK, “Neftqaz”, “Şəfa”, MOİK, “Bakı”, “Simurq”, “İnter”, “Olimpik-Şüvəlan”.

Son klubu: “Simurq” (2010/11).

Statistika: 183 oyun,  36 qol.

Yığmadakı çıxışı: yoxdur.

Nailiyyətləri: 1 dəfə Azərbaycan çempionu (“İnter”), 2 kubok (“Şəfa”, “Bakı”).

Qeyd: Ramil Ağayev kimi Ramil Nəsibov da çempionluq ilində “İnter”in heyətində az görünüb – 5 oyun. Qol vurmayıb. Maraqlıdır ki, “Bakı” ilə kuboku götürən il Nəsibov “zolaqlılar”a 2-ci dövrədə qoşulmuşdu.

 

Ruslan Abbasov

Futbola başlayıb: 1996-cı il.

Çıxış etdiyi klublar: “Turan”, “Neftçi”, MOİK, “İnter”.

Son klubu: “Turan” (2010/11).

Statistika: 240 oyun,  9 qol.

Yığmadakı çıxışı: 4 oyun.

Nailiyyətləri: 4 dəfə Azərbaycan çempionu (“Neftçi”, “İnter”), 1 gümüş, 1 bürünc medal (hər ikisi “Neftçi”).

Qeyd: 2003/04-cü illər mövsümünü “Neftçi”də başlayın Ruslan çempionatın gedişində MOİK-ə keçib və bu üzdən “Neftçi”nin çempionluğunu komanda ilə bayram edə bilməyib. Hazırda 1-ci Divizionda çıxış edən “Şəmkir”in baş məşqçisidir.

 

Cavid Hüseynov

Futbola başlayıb: 2004-cü il.

Çıxış etdiyi klublar: “Turan”, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”,  “Adana Demirspor” (Türkiyə).

Hazırki klubu: “Qəbələ”.

Statistika: 155 oyun, 22 qol.

Yığmadakı çıxışı: 41 oyun, 1 qol

Nailiyyətləri: 3 dəfə Azərbaycan çempionu (1 dəfə “İnter”, 2 dəfə “Neftçi”), 1 gümüş (“İnter”).

Qeyd: Cavid 2009/10-cu illər mövsümünü “İnter” ilə 2-ci dəfə çempion ola bilərdi. Gəl ki, birinciliyin ortasında “Neftçi”yə keçməsi onu “qızıl”sız qoyub.

 

Şəhriyar Rəhimov

Futbola başlayıb: 2007-ci il.

Çıxış etdiyi klublar: “İnter”, “Karvan”, AZAL, “Rəvan”.

Hazırki klubu: AZAL.

Statistika: 101 oyun, 4 qol.

Yığmadakı çıxışı: yoxdur.

Nailiyyətləri: 2 dəfə Azərbaycan çempionu, 1 gümüş medal  (hamısı “İnter”).

Qeyd: “İnter”lə hər iki çempionluqda Şəhriyar “bankirlər”in heyətində cəmi 1 oyunda meydana çıxıb. Gümüş medalları qazananda isə bu rəqəm 3 idi.

Yerlilərlə tanışlığı bitirib keçim legionerlərə. Onlardan 2-i Volodimir Levin və Daniel Axtyamov milliləşdirilmiş futbolçulardır. Hər ikisi əslən rusdur. Volodimir 1984-cü ildə Rusiyanın Arxangelsk şəhərində anadan olub.  Karyerasına 2001-ci ildə Odessanın “Çernomorets-2” komandasında başlayıb. 2004-cü ildə “İnter”ə transfer olunub. Bakı klubunda 2013-cü ilə kimi çıxış edib, sonra isə “Qəbələ”yə keçib və hələ də Qəbələ klubundadır. 2008-ci ildə milliləşdirilən Levin yığmamızın heyətində 28 dəfə meydana çıxıb.

 

Daniel Axtyamov 1985-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə dünyaya gəlib. İlk klubu Rusiyanın “Severstal”ı olub. Daha sonra Podolskun “Vityaz”, 2004-cü ildə isə “İnter”ə keçib. Azərbaycanda “bankirlər”dən savayı “Gəncə” (2005/06), “Olimpik” (2006) və “Simurq”un (2009/10) futbolçusu olub. Ölkəmizdən kənarda isə “Torpedo” (Moskva), “Şeksna” (hər ikisi Rusiya), “Minsk” (Belarus), “Cambay” (Özbəkistan), “Tiraspol”da (Moldova) çıxış edib. 2004-cü ildə milliləşdirilən Axtyamov Azərbaycan yığmasının heyətində  13 dəfə meydana çıxıb, hücumçu olmasına baxmayaraq, qol vurmayıb. Son 2 klubu Rusiyanın Allah bilir neçənci dəstəsində çıxış edən “Aist” (tərcümədə “Hacıleylək” (!) və “Titan” olub. Hələ də “Titan”dadır.

Statistikaya gəlincə, milli çempionatlar tarixində Levin 229 oyun (14 qol), Axtyamov isə 62 oyunda (7 qol) forma geyinib.

 

Yığmamızda çıxış etməsə də, “İnter”dəki oyunu ilə futbolsevərlərin yaddaşında qalan futbolçu  Milan Zaqoraç ölkəmizə 2005-ci ildə Ukraynanın “Krivbass”ından təşrif buyurmuşdu. Buna kimi Almaniyanın “Şvaynfurt 05”, Serbiyanın “Dinamo”, “OFK Belqrad” və Ukraynanın “Desna” klublarının heyətində oynayıb. 5 illik “İnter” karyerası ərzində komandanın qazandığı bütün uğurlarda yaxından iştirak edib. 2010-cu ildə ölkəsinə qayıdan Milan müxtəlif vaxtlarda “Zemun”, “Srem”, “Radniçki”nin futbolçusu olub. 34 yaşlı müdafiəçi hazırda “İnciya”da çıxış edir. “İnter”də oynadığı 5 mövsüm ərzində 53 oyunda iştirak edib, 2 qol vurub.

 

Zaqoraç kimi Əliyar İsmayılov da 5 il “İnter”li olub. Ad və soyadı sizi çaşdırmasın,  Əliyar azərbaycanlı yox, dağıstanlıdır. Amma Milandan fərqli olaraq Azərbaycana daha tez 1998-ci ildə gəlib. İlk klubu “Turan” olub. Daha sonra “Qarabağ”da da forma geyib. “İnter”ə 2005-ci ildə dəvət olunub. Ölkəmizə gələnə kimi Rusiyanın bir neçə aşağı divizion təmsilçisində top qovan Əliyar Rusiyaya 2010-cu ildə qayıdıb və “Bioloq”la anlaşıb. 2013-cü ildən “Dağdizel”dədir. Statistikaya gəlincə, milli çempionatlarda 98 dəfə adı protokola düşən yarımmüdafiəçinin aktivində 6 qol var.

 

Zaqoraç və İsmayılovdan başqa daha 2 gəlmə sərasər 5 il “İnter”in uğuru üçün çalışıb. Bunlar Branislav Çervenka və Peter Zlatinov idi. Branislav karyerasına 1996-cı ildə Çexiyanın “Drnovise” klubunda başlayıb. Daha sonra “Banik”də çıxış edib. “İnter”ə 2007-ci ildə “Teskoma”dan gəlib. 2012-ci ilə kimi “bankirlər”in heyətində 129 oyunda forma geyinən müdafiəçi 8 qol vurub. 2012-ci ildə Bakıdan ayrılan çex futbolçu Zlinin “Fastav” ilə anlaşıb və ötən il karyerasına bu komandada son qoyub. Peter isə hələ də futbol oynayır. Əslən bolqar olan Zlatinov “İnter”ə kimi “Pirin”, “Vihren”, ÇSKA, “Çerno More” (hamısı Bolqarıstan), “Dinamo” (Minsk, Belarus) komandalarında çıxış edib. Azərbaycana 2007/08-ci illər mövsümündə “Liteks”dən gəlib. Ötən il “İnter”dən ayrılaraq yenidən bu kluba dönən mərkəz müdafiəçisi milli çempionatlarımızda 129 oyunda meydana çıxıb, 8 dəfə fərqlənib.

 

Qoran Arnaut ilk çempionluq ilində “İnter”ə transfer olunub. Buna kimi Serbiyanın “OFK Belqrad” və “Partizan”, “Primorye” kimi adlı-sanlı klublarının üzvü olan Qoran Bakıya gələnə kimi bir neçə yerli komandada icarə əsasında çıxış edib. “İnter”də 3 il futbol oynayıb, 32 dəfə forma geymək şansı qazanıb, amma qol vurmayıb. Müdafiəçi 2010-cu ildə Macarıstanın “Vasas” komandasına keçib və növbəti il karyerasını bitirib.

 

Zlatinovun həmyerlisi Svilen Semyonov da “İnter”ə 2007-ci ildə dəvət alıb.  Bolqar qapıçı 2 mövsümdə 21 dəfə qapıda durub, 13 qol buraxıb. “İnter”ə kimi ölkəsinin “Dobrudja”, “Neftoximik” komandalarında çıxış edən Svilen “İnter”dən sonra “Spartak” və “Nesebar”da çıxış edib. Karyerasını 2011-ci ildə “Neftoximik 1986”da bitirib.

 

Nikola Yoloviç də “İnter”də 2 il oynayıb (11 oyun). Digərlərindən fərqli olaraq Yoloviçin karyerası daha təmtəraqlı olub. 1997-ci ildə Serbiyanın “Zemun” komandasında peşəkar futbola başlayan Nikola 5 il Rusiyanın yüksək dəstəsində çıxış edən “Torpedo” (Moskva) və “Saturn”da legioner həyatı yaşayıb. Azərbaycandan ayrıldıqdan sonra “Çukariçki”, oradan isə “OFK Belqrad”a keçib və 2009-cu ildə futbolla vidalaşıb. Futbolçu həyatını başa vurduqdan sonra bizneslə məşğul olmağa başlayıb.

 

2006-2008-ci illər aralığında “İnter”də çıxış edən Tomaş Razanauskas əsl səyyah idi. Litvalı futbolçu karyerası ərzində nə az, nə çox düz 9 ölkəni təmsil edən  18 komandanın futbolçusu olub. Onların arasında tanınmışlardan “Torpedo” (Moskva),  “Servett” (İsveçrə), “Malmö” (İsveç) və “Anartosis”in  (Kipr) adlarını çəkmək olar. Bakı klubunda 20 oyunda meydana çıxmaq imkanı qazanan Tomaş cəmi 1 dəfə fərqlənib ki, bu da yarımmüdafiəçi üçün yaxşı göstərici sayıla bilməz. 1995-2011-ci illərdə Litva millisinin üzvü olan futbolçu 41 oyunda meydana çıxıb, 7 qol vurub. Karyerasını 2012-ci ildə ölkəsinin REO klubunda bitirib. Azərbaycandan başqa 2 dəfə “Flora” ilə Estoniya, “Servett”lə İsveçrə, “Anartosis”lə Kipr çempionu olub.  2013-cü ildən məşqçiliklə məşğuldur, Riqanın “Dauqava” komandasının məşqçilər korpusunda çalışır.

 

Onun həmyerlisi  Andrius Qedqaudas da 2006-08-ci illər aralığında “İnter”də oynayıb (17 oyun, 1 qol). Andrius da “gəzəyən” idi.  Onun çıxış etdiyi komandaların adlarını yazmaqla sizi bezdirmək istəmirəm. Təkcə bir faktı qeyd etmək lazımdır. Litvalı yarımmüdafiəçi 2002-ci ildə Ermənistanın “Spartak” komandasında çıxış edib. Amma cəmi 1 oyunda meydana çıxıb. Qeqdaudas 2003-07-ci illər aralığında Litvanın millisində çıxış edib, 12 oyunda 2 qol vurub. 2004-cü ildə “Kaunas”la Litva çempionu adını da qazanan futbolçu həmin il ölkəsinin ən yaxşı futbolçusu adına da layiq görülüb. Karyerasını 2011-ci ildə ölkəsinin “Silute” klubunda başa vurub.

 

Qalanlardan 2-i – Həm  Georgi Vladimirov, həm də  Roman Qoela paytaxt klubunda cəmi bir mövsüm çıxış ediblər. Georgi bolqardır və hücumçu idi. “İnter”in heyətində 11 oyunda 2 dəfə fərqlənmişdi. Daha çox ehtiyatda qalan Vladimirov heç də pis futbolçu olmayıb. “İnter”ə kimi bir çox bolqar klublarının uğuru üçün çalışıb. Onun karyerasının zirvə nöqtəsi “Slaviya”da olub. 2001-05-ci illərdə “Slaviya”nın əsas heyətində çıxış edən hücumçu 114 oyunda 34 qol vurub. Bolqarıstan millisinin formasını cəmi 1 dəfə geyinib. Karyerasını 2010-cu ildə Bolqarıstanın aşağı divizionlarının birində çıxış edən “Çavdar” komandasında başa vurub.

 

Roman Qoela da hücumçu olub. Çempionluq mövsümünün 2-ci yarısında “İnter”ə cəlb olunub. Cəmi 9 oyunda forma şansı qazanan futbolçu 2 dəfə fərqlənib. Qoelaya daha çox kubok oyunlarında şans verilirdi. Uruqvaylı forvardın “Qarabağ” ilə iki oyunda vurduğu 3 qol hələ də yadımdadır. Təəssüf ki, bir vaxtlar Ekvador, Çili, Peru, İsveçrə birinciliklərində oynayan forvard haqqında ətraflı məlumat toplaya bilmədim.

 

Nəyahət, sonuncu futbolçu haqqında. Valter Quqlemon  Roman Qoelanın həmyerlisidir. “İnter”ə 2007-ci ildə Montevideonun “Liverpul” komandasından gəlmişdi. 2001-ci ildə 2 dəfə Uruqvay millisinin heyətində çıxış edən futbolçunun səviyyəsinə söz ola bilməzdi. “Bankirlər”in heyətində oynadığı 2 ildə 28 qol (44 oyun) vurmuşdu. 2009/10-cu illər mövsümündə “Neftçi”yə keçən Quqlemon daha sonra ölkəsinə qayıtmışdı. Karyerasını 2012-ci ildə Çinin “Beijinq Texnoloji” klubunda bitirən Valter Azərbaycan çempionu olmaqla yanaşı, 2 dəfə də (2002-ci il “Nasyonal”, 2004-cü il “Danubio” ilə) Uruqvay birinciliyinin qızıl medallarına layiq görülüb. 2008/09-cu illər mövsümündə Premyer Liqamızın bombardiri olub. Quqlemon haqqında ən maraqlı fakt isə ondan ibarətdir ki, o, hazırda PSJ-nin şərəfini qoruyan Edinson Kavaninin böyük qardaşıdır.

 

İlk çempionluqda futbolçularla yanaşı məşqçi və texniki heyətin də payı az olmayıb. Bu üzdən onları da xatırlamaq lazımdır. Komandanın baş məşqçisi Valentin Xodukin idi. Xodukin hələ də “İnter”dədir. Amma bildiyiniz kimi klubda məşqçi kimi yox, uşaq futboluna cavabdeh şəxs kimi çalışır. Onun köməkçilərindən olan kiçik qardaşı Viktor Xodukin də klubdadır. 6 il əvvəl olduğu kimi yenə də “abi”sinə kömək eləyir. Valentin Mixayloviçin digər köməkçisi, qapıçılarla işləyən məşqçi Camaləddin Əliyev də heç hara getməyib. Hazırda Kaxaber Sxadadzenin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 3-cü məşqçi Elxan Abdullayev isə “İnter” 2-ci dəfə çempion olduqdan sonra klubdan ayrılıb. Bir müddət Qazaxıstanın “Atırau” və bizim AZAL-la yanaşı aşağı yaş qruplarından ibarət yığma komandamızda məşqçi kimi çalışıb. İndi də bu işlə məşğuldur.

 

Klubun prezidenti Georgi Nikolov və mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov işlərini davam etdirirlər. Komandanın həkimi Səhhət Rüstəmzadə də həmçinin. Səhhətin köməkçisi Andrey Kupçov isə kollektivdən çoxdan ayrılıb. Məncə, kifayətdir.

 

Sonda 2-ci çempionluqda zəhməti olan futbolçuların da siyahısını təqdim etməyi lazım bildim. Tanış olun, 2009/10-cu illər mövsümündə “İnter”in uğurları üçün tər tökmüş futbolçular və göstəriciləri.

 

Kim oynadı, kim vurdu – 2009/10-cu illər mövsümü

 

                                 

Branislav Çervenka     y       22.09.975           31(3)             Çexiya

Andrey Rubin               y      26.11.1978         30(3)              Latviya

Volodimir Levin            m     23.01.1984         30(1)            Az/Ukrayna

Petar Zlatinov               y     13.03.1981          29(6)            Bolqarıstan

Aleksandr Çertoqanov y      08.02.1980         25(0)           Az/Ukrayna

David Odikadze            y       14.04.1981        25(2)           Gürcüstan

Robertas Poşkus          h       05.05.1979       25(12)          Litva

Samir Abasov              m       01.02.1978        25(3)          Azərbaycan

Assioli Danildo            m       30.03.1981         24(0)          Braziliya

Georgi Lomaya           q         07.03.1979       22(–18)      Gürcüstan

Leonardo Roşa Da Silva h  07.03.1985           21(5)          Braziliya

Kaxaber Mjavanadze m    02.10.1978              20(1)       Gürcüstan

Girts Karlson               h  07.06.1981    19(8)    Latviya

Anxel Qustavo Qutyerres y  12.01.1980    18(1)    Uruqvay

Lubomir Kubiça y  10.03.1979    18(0)    Çexiya

Asif Məmmədov y  05.08.1986    16(0)    Azərbaycan

Mahir Şükürov m 12.12.1982    15 0     Azərbaycan

Georgi Navalovski m 28.06.1986    13(1)    Gürcüstan

Vilson Raymundo q  27.10.1976    11(–9)  İtaliya/Brazil.

Paulius Paknis m 10.05.1984    6(0) Litva

Xəyal Mustafayev m 22.12.1980    5(0)      Azərbaycan

Cavid Hüseynov y  09.03.1988    4(0)      Azərbaycan

Milan Zaqorats m 15.06.1980    3(0) Serbiya

Əliyar İsmayılov m 11.04.1976    2(0) Rusiya

Filippe Jose Maçado y  13.03.1984    2(0) İtaliya/Brazil.

Qoran Arnaut y  22.08.1979    2(0) Serbiya

Rövşən Əmiraslanov y  18.03.1986    2(0)      Azərbaycan

Elnur Abdulov y  18.09.1992    1(0)      Azərbaycan

Şəhriyar Rəhimov y  06.04.1988    1(0)      Azərbaycan

Tofiq Mikayılov y  11.04.1986    1(0)      Azərbaycan

 

İlqar TAĞIYEV/“Het-trik news” qəzeti

 

Xəbər xətti