“Het-trik news” qəzetinin baş redaktoru İlqar Tağıyev Derbi.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Azərbaycan idman mətbuatında üzdə olan, sözün düzünü deməyi bacaran bir neçə mətbuat orqanı var ki, onlardan biri də “Het-trik news” qəzetidir.
Fəaliyyətdə olduğu müddətdə həmişə obyektivliyi ilə seçilən qəzet, araşdırma yazıları, eksklüziv müsahibələri və maraqlı layihələri ilə oxucuların diqqət mərkəzində olmağı bacarıb.
Derbi.az olaraq bu günlərdə 2 yaşını qeyd eləyən qəzeti təbrik eləmək və fəaliyyəti ilə bağlı daha dəqiq məlumat almaq üçün tanınmış jurnalist, qəzetin təsisçisi və baş redaktoru İlqar Tağıyevin qonağı olduq. Bir çox mətləblərdən söhbət elədik. Buyurun, siz də tanış olun.
“Yaxşı ki, o vaxt ayağım sındı…”
- Özünüzü oxuculara necə təqdim edərdiniz?
– Tağıyev İlqar Vaqif oğlu. 1977-ci il, fevralın 1-də Bakıda anadan olmuşam. Əslən Tovuz rayonundanıq və özümü tovuzlu hesab eləyirəm. Orta məktəbə hamı kimi 7 yaşımda getmişəm. Tovuzda, doğma Çeşməli kəndində bir il hazırlıq keçdikdən sonra, valideynlərim məni Bakıdakı 159 saylı orta məktəbə gətiriblər. Yaxşı oxuyurdum. Yadıma gəlir 7-ci sinifdə oxuyanda Sovet dövrü üçün ənənəvi olan divar qəzetləri hazırlayırdıq. Mən də sinif nümayəndəsi kimi qəzetin baş redaktoru idim. Adı “Bilik” idi. Olurdu ki, neçə gecə yatmırdım, qəzet üçün yazılar yazırdım, Azərbaycan Sovet Ensiklopediyasından maraqlı məlumatlar toplayırdım. Ümumiyyətlə, ASE-nin 10 cildinin hamısını bir neçə dəfə oxumuşam. Bu da dünya görüşümün artmasında çox böyük rol oynayıb.
Hər bir uşaq kimi mənim də futbola həvəsim var olub. 1989-cu ildə rəhmətlik Hüseyn İsmayılovun qrupuna yazıldım. Azərbaycan futbolsevərlərinin yaxşı tanıdığı Fərrux İsmayılovla birlikdə Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin nəzdində məşq eləmişik.
-Jurnalistikaya gəlişiniz necə olub?
-1993-cü ilin yayında. 10-cu sinifi bitirdikdən sonra həm bekar qalmamaq, həm də ailəmə maddi yardım eləmək üçün valideynlərimin də məsləhəti ilə “525-ci qəzet”in təsisçisi Rəşad Məcidin yanına getdim. Fikirləşirdim ki, Rəşad müəllim məni hansısa köşkünün birinə satıcı qoyacaq və qəzetləri pulsuz oxumaq arzuma çatacam. Bir haşiyə çıxım, uşaqlıqdan qəzetlərə meylim olub. O vaxt mənə verilən cib xərcliyinə qəzət alırdım. “Səhər” və “Zaman” qəzetlərinin daimi oxucusu idim. Xüsusilə, “Səhər”i birinci səhifədən axırıncı səhifəyə kimi cümlə-cümlə oxuyurdum. Ən çox xoşuma gələn də Hidayət Elvüsalın “ordan-burdan” rubrikası idi. “Zaman” qəzetini isə daha çox böyük krossvordlara görə xoşlayırdım.
Rəşad müəllim məndən soruşanda ki nə bacarırsan, dedim ki, krossvord yazıram. Və mənim ilk imzam 1993-cü il, iyul ayının 22-də krossvordla çıxıb. Riyaziyyat dəftərinin vərəqində düzəltmişdim. Çox primitiv idi. İkinci dəfə isə imzam metropolitenin maşinistindən aldığım müsahibənin altında gedib. Sözün açığı, indi mən o müsahibəni oxuyanda gülməyim gəlir. Ancaq heç vaxt ilk işimə görə utanmamışam.
Sonra elə oldu ki, 93-ün avqustunda hər yay olduğu kimi Tovuza – babamgilə gedəsi oldum. Həmin vaxt “Turan”ın əvəzedicilərinə baxış keçirilirdi. Mən də toplanışa və seçildim. Ona görə də orta məktəbin son sinfini Tovuzda, Bozalqanlı kəndində oxuyası oldum.
-Futbolçu karyeranız haqqında daha sonra geniş danışacağıq. Hələlik isə davam edək. Bildiyimiz kimi ixtisasca riyaziyyatçısınız. Necə düşünürsünüz, riyaziyyatçıdan necə jurnalist olar?
-Ümumiyyətlə, riyaziyyatı bilən adam həyatdan baş çıxarda bilir. Həyat bütövlüklə hesablamalar üzərində qurulub. Hətta futbolçu da riyaziyyatı yaxşı bilməlidir.
- Gecə yuxudan oyadıb jurnalistikadan və riyaziyyatdan sual versələr hansını cavablamaq daha rahat olar?
-Əgər hesablama sualı olacaqsa təbii ki, riyaziyyatdan.
- Qayıdaq futbolçu karyeranıza. İlk gəlişiniz haqqında bayaq məlumat verdiniz. Bəs, necə oldu ki, futbolu davam etdirmədiniz?
-Futbola gəlişim haqında bir az danışdım, ancaq daha önəmli məqamlar da var. 90-cı illərdə yanvar hadisələri ilə əlaqədar olaraq uşaq futbolunda da müəyyən durğunluqlar oldu. Bir də 1992-ci ildə yenidən Hüseyn müəllimin yanına qayıtdım ki, futbolla məşğul olmaq istəyirəm. O da məni birbaşa Azərbaycanın gənclər yığmasının baş məşqçisi Valeri Hacıyevin yanına yolladı. İlk məşqdəcə Hacıyev oyunumu bəyəndi və komandaya götürdü. O da sürətimin və çevikliyiminə görə. Ancaq təəssüf ki, məni komandaya götürən adamın elə özünün haqsızlığı nəticəsində oradan uzaqlaşdım. Sonra da danışdığım kimi, Tovuza getdim, “Turan”ın seçmələrinə qatıldım və seçildim. Bir il sonra BDU-ya daxil oldum və təhsilimlə əlaqədar Bakıya qayıtdım. Birinci liqada oynayan “Naxçıvan”ın baş məşqçisi Hüseyn İsmayılov idi. Məni kəmandasına çağırdı. Karyerama da elə o komandada son verdim. Həmin vaxt mənimlə oynayan elə uşaqlar var idi ki, hələ heç 16 yaşları tamam olmamışdı. O uşaqlardan Samir Əliyev, Samir Musayev, Zaur Ramazanov, Fərrux İsmayılov, Rizvan Fərzəliyev və digərləri sonradan peşəkar futbolda tanınan simalar oldular. 1995-ci ilin noyabrın 1-də “Bakı Fəhləsi” ilə oyunda ağır zədə aldım. Ayağım üç yerdən sınmışdı. Zədəm sağaldıqdan sonra daha futbola qayıtmadım.
- Əgər ayağınız sınmasaydı…
– Yaxşı ki, o vaxt ayağım sındı və mən futboldan uzaqlaşdım. Onsuz da Messi və ya Ronaldo olası deyildim. Uzaqbaşı, ortabab bir futbolçu olacaqdım ki, indi çoxdan unudulub yaddan çıxmışdım. Məsələn götürək elə, Fərrux İsmayılovu, Samir Əliyevi, bir zamanlar Azərbaycan futbolunda “at oynadan” bu futbolçuların qədrini bilən varmı?
Ancaq jurnalistikaya gəlməklə Azərbaycan dilini yaxşı öyrəndim, yazmağı, fikrimi ifadə eləməyi, mütaliəni, oxumağı öyrəndim. Və indi də öyrənirəm. Dolanışığım qəzetçilikdən çıxır. Siz təsəvvür eləyin ki, mənim futbolçu dövrüm “pirojki dövrü” deyilən vaxtın düz ortasına düşüb. Futbolda qalsaydım, bəlkə indi də “pirojki” yeyirdim.
-Belə demək olarmı ki, o vaxtın futbolçuları bu günkü futbolçulardan daha yaxşı idilər?
-Sizə bir şey deyim. Mən karyeram boyunca oynadığım mövqenin, sol cinah müdafiəçisinin oyun vaxtı nə etməli olduğunu futbolu atandan sonra bildim. O vaxt bizə taktika deyilən şey öyrətmirdilər. İndi mən 12-13 yaşlı uşaqların məşqinə baxıram, onlara elə gözəl öyrədirlər ki. Kimin nə etməli olduğunu indiki 12 yaşlı uşaq o vaxtkı 18 yaşlı İqar Tağıyevdən daha yaxşı bilir.
-Uşaqların məşqindən söz düşmüşkən, bilirik ki, iki övladınız var və hər ikisi də futbolla məşğul olur. Necə düşünürsünüz, onlar da ataları kimi futbolçu ola biləcəklər?
– Sözün düzü, mənim elə əlahiddə arzum olmayıb ki, uşaqlarım futbolçu olsunlar. Özlərinin istəkləri, maraqları var. Mənim də hər bir valideyn kimi borcumdur ki, onların bu istəklərini həyata keçirməkdə yardımçı olum. Mənim üçün onların futbolçu kimi yetişməklərindən çox sağlam böyümələri və pis vərdişlərdən uzaq olmalarıdır.
-Yəni, uşaqlarınız futbolçu olsalar məmnun olmayacaqsınız?
-Futbolçu olsalar təbii ki, çox sevinərəm. Kim istəməz ki? Məhəmməd və Əli əkizdilər. Hər ikisi “İnter”də məşq edir. Pis deyillər, “qablarında” nəsə var. Yüzlərlə valideynin arzusudur ki, övladı futbolçu olsun. Ancaq bu da hər adama qismət olmur axı. İstənilən halda mən onlara həmişə dəstək olacam. Əsas məsələ isə təhsilləri və tərbiyələridir.
-Bəs jurnalist olmaqlarını necə, istəyərsiniz?
-İstəyərəm. Jurnalist olmasalar belə çox istərəm ki, Azərbaycan dilini yaxşı bilsinlər, savadlı olsunlar, həmişə mütaliə etsinlər.
“İndiyə kimi ondan çox şey öyrənmişəm”
-Qayıdaq yenə sizin jurnalistlik fəaliyyətinizə. Özünüzü idman jurnalisti hesab edirsiniz, yoxsa futbol jurnalisti?
– Futbol jurnalisti.
-Nəyə görə? Futbolçu keçmişinizə görə, yoxsa digər idman növlərini maraqsız hesab elədiyinizə görə?
– Maraqsız yox, sadəcə vaxt məhdudiyyəti deyək. Deyim ki, ağlım kəsəndən basketbola, futzala, Sovet dövründə hokkeyə böyük marağım olub.
-Necə düşünürsünüz, hazırda idman jurnalistikasının əsas problemi nədir?
-İdman jurnalistikasında problem olmayan nəsə var ki?
-İdman mediası vahid birlik halında, cəmiyyət, həmkarlar təşkilatı və digər formada birləşə bilərmi? Ümumiyyətlə, siz belə bir təklif irəli sürmək istəyərsinizmi?
-Bu, mümkün deyil. Bir neçə il bundan əvvəl belə bir təklif olmuşdu. İdman Jurnalistləri Assosasiyası formasında nəsə təşkil eləmək üçün bir nəfər təklif irəli sürmüşdü. Mən də dəstəkləmişdim. Ancaq indiki halda bu, mümkün olası iş deyil. Çünki indiki gənclərin əksəriyyəti heç cür yaşlı nəsillə uzlaşmaq istəmir. Ona görə də jurnalistlərin bir təşkilat halında hansısa bir problemi həll eləməsi qeyri-mümkündür.
-Ancaq bu yaxınlarda Berti Foqtsla bağlı məsələdə az da olsa jurnalistlərin həmfikir olduğu göründü.
-Əgər jurnalistə qarşı kimsə kobudluq, haqsızlıq edibsə, yaşlı-gənc demədən hamı bir nəfər kimi həmin adama qarşı olmalıdır. Kimliyindən asılı olmayaraq hamı hərəkətinə görə cavab verməlidir.
Bir şeyi də mütləq deyim, indiki gənclər bir sayt açıb elə bilirlər ki, dünya onlarındı. Və yaxud bir köşə yazıb özlərini dahi hesab eləyirlər. Son vaxtlar yazılan köşələrə fikir versək görərik ki, bunların 90 faizi felyeton janrında yazılıb. Hər hansı problemi araşdırmağı, onun həll yolllarını göstərməyi hər adam bacarmır.
Ancaq mən, məsələn, Etibar Cəbrayıloğlunun yazılarını çox böyük ləzzətlə oxuyuram. Üslubu o qədər gözəldi ki, həm həqiqəti deyir, həm də heç kim incimir. Üstəlik, bunu çox gözəl yumoristik bir dillə edir.
Son vaxtlar isə “komanda.az” saytından Emin Tarverdiyevin yazıları çox xoşuma gəlir. Lətifələrlə yaratdığı bənzətmələr çox gözəl alınır. Onunla tanışlığım, münasibətim yoxdur. Ancaq bir yazar kimi məmnuniyyətlə oxuyuram.
Ceyhun Əliyevin də yazılarında yumor hissi çox yaxşıdır. Asif Bağırov və Emin Abbasovu da qeyd eləməsəm olmaz. Analiz eləmək qabiliyyətləri çox güclüdür. Asifdən çox şey “oğurlamışam”. Məndən yaşlı nəslin məqalələrini oxumaqla onlardan indi də nəsə öyrənməyə çalışıram. Heç soruşmadınız kimi müəllimim hesab edirəm. Yusif Rzayevi. İndiyə kimi ondan çox şey öyrənmişəm. İndi də nəyisə bilməyəndə, dəqiqləşdirmək lazım olanda Yusif müəllimi axtarıram. Ancaq təəssüf ki, indiki gənclərin 90 faizi belə şeyləri qəbul eləmirlər. Bir-iki yazıları çıxan kimi hamsı olurlar “müəllim”.
-Bu sözü ilk dəfə sizdən eşitmişəm, indi də özünüzdən soruşacam. Siz ev tikən jurnalistsiniz, yoxsa ev yıxan?
-Ev yıxan deyiləm. Xüsusən futbolçulara bunu rəva görmərəm. Axı, özüm də futbolçu olmuşam və onların çətin anlarda nə hiss elədiklərini çox yaxşı anlayıram. Onları qınayarkən özümü onların yerinə qoymağı bacarıram.
Ancaq ev tikənlik eləmişəm. Məsələn, hansısa futbolçudan müsahibə götürəndən sonra gündəmə gəlib, yolu açılıb. Və yaxud hansısa futbolçu üçün kimdənsə xahiş eləmişəm. Ad çəkmək düzgün deyil deyə istəmirəm konkret danışım.
“Məqsədim müsahibin “sıxıb, suyunu çıxarmaq” olub”
-İndi də bir az “Het-trik news” qəzetindən danışaq. Qəzet açmaq, idman qəzeti yaratmaq ehtiyacı nədən yarandı?
-Müəyyən yazılar yazmaq istəyirdim, hansı ki, o yazıları “525-ci qəzet”də vermək olmurdu. Yəni qısa deyim özüm üçün fikirlərimi çatdıra biləcəyim bir tribunaya ehtiyacım var idi. Həm də qəzetçı kimi özümü təsdiqləmək istəyirdim.
-“Het-trik news” “525-ci qəzet”in idman əlavəsidir, yoxsa tam müstəqil qəzetdir?
-Xeyr, tamamilə müstəqil, ayrı yolu olan bir qəzetdir. “525”lə “Het-trik”i birləşdirən tək amil mənəm.
-Bəs yaxşı, nəyə görə məhz qəzet? Sayt yox.
-Özümü heç vaxt saytda görməmişəm. Mənə elə gəlir ki, sayt işlətməyi bacarmaram. Qəzet isə sırf mənim bacardığım işdir. Mən qəzetin korrekturasından tutmuş çapına qədər hər bir işi təkbaşına eləyə bilərəm. Ona görə də bildiyim işdən yapışdım.
-Yeni qəzetin yaranması, bazarda yer tutmaq çox çətin işdir. Siz buna necə nail oldunuz?
-Əlbəttə, bu, o qədər də asan olmadı. Ancaq biz də çox işlər gördük. Xüsusilə saytlara, onlara rəhbərlik eləyən dostlara təşəkkür edirəm ki, bizim yazıları paylaşdılar, reklamımızı elədilər. Və bunun qəzetə çox xeyri dəydi. Hər yayımlanan yazıdan sonra qəzetin adının yazılması bizim üçün çox xeyirlidir. Çünki, oxucu bilir ki, belə bir qəzet var, nəşr olunur və fəaliyyət göstərir.
-Qəzetin yaranması prossesində yanınızda kimlər var idi? Bu yola kiminlə çıxmısınız?
-Qəzeti üç nəfər – mən, Vüsal Gözəlov və İbrahim Cəfərov birlikdə yaratmışıq. Daha sonra Vüsal işlərinin çoxluğu ilə əlaqədar bizdən ayrılsa da, İbrahimlə hələ də bir yerdəyik. O cümlədən qəzetin tanınmasında, populyarlaşmasında mənə yardımı dəymiş bütün dostlara, ola bilsin ki, kiminsə adı yadımdan çıxa bilər, bəri başdan deyim ki, yaddan çıxanlara bir qonaqlıq məndən, Etibar Cəbrayıloğlu, Amil Hacıyev, Asif Bağırov, Ceyhun Əliyev, Yusif Nəzərli, hamsına təşəkkür edirəm. Elə anlar olub ki, “yıxılmışam”, əlimdən tutub qaldırıblar.
-Nəyə görə həftədə yeddi yox, bir gün?
-Onda gərək yeddi İlqar Tağıyev olsun.
-“Het-trik news”, yoxsa “525-ci qəzet”? Seçim qarşısında qalsanız hansını seçərsiniz?
-Heç düşünmədən “525”i.
-Səbəbi?
-Bir az obrazlı şəkildə bu cür ifadə eləmək olar. Məni İlqar Tağıyev eləyən “525-ci qəzet” olub. “Het-trik news”u “Het-trik news” eləyən isə İlqar Tağıyev. Mən başqa “525” tapa bilmərəm. Ancaq “Het-trik news” kimi 10 qəzet çıxara bilərəm.
-Nəyə görə daha çox statistik və araşdırma yazılarına üstünlük verirsiniz?
-Ümumiyyətlə, araşdırma yazısı mənimçün ən vacib olan bir şeydi. Əgər qəzetin bir nömrəsində araşdırma yazısı getməyibsə, hesab edirəm ki, nəsə yarımçıq iş görmüşəm. Bu gün idman mətbuatında araşdırma aparan jurnalist barmaqla sayılası qədərdir. Ancaq hansısa problemi araşdırmaq, onun həlli yolunu tapmaq mütləq lazımdır.
-Sizin fikrinizcə iki yaşlı “Het-trik news”un ən yadda qalan xəbəri, reportajı və yaxud məqaləsi hansı olub?
-Belə yazılar çox olub. Ancaq biri var ki, o yazını hazırlayana qədər çox əziyyət çəkmişdim. Rəhmətlik Alim Malikoğlu haqqında yazdığım yazını nəzərdə tutram. Bir neçə dəfə Sumqayıta gedib gəldim, ailəsi ilə görüşdüm. Yazı hazır olandan sonra özümə sual verdim ki, İlqar, dəyərdimi bu qədər əziyyətə? Belə bir yazını redaksiyada da yazmaq olardı. Ancaq qəzet çap olundu, həmin gün axşamüstü Alimin atası Malik dayı zəng eləyib mənə təşəkkür elədi. Bax, onda anladım ki, dəyərmiş.
-Hansısa klub və ya klub nümayəndəsi “Het-trik news”a təzyiq edibmi. Və yaxud buna cəhd göstıribmi?
-Bir dəfə qalmaqalla üzləşmişəm. O da Şuşa”nın baş məşqçisi Nadir Qasımovla. Qəzetdə bir yazı getmişdi və telefon söhbətimiz bir az qaba alındı. Sonradan görüşdük, problem həll olundu. Bu gün Nadir müəllimlə çox yaxşı münasibətlərimiz var.
Bir dəfə də “Turan”ın prezidenti Namiq Məstanov məni məhkəmə ilə hədələmişdi. Ancaq biləndən sonra ki, mən də vaxtilə “Turan”ın bir parçası olmuşam, əslən Tovuzdanam və həmin xəbər də doğrudur, onunla da münasibətlərimiz qaydasına düşdü. Başqa elə ciddi bir problemimiz olmayıb.
“…yaxınlaşıb salam belə verməmişəm”
-Qəzetçilikdə əsas prinsipiniz nədir?
-Birinci növbədə təhqirdən uzaq olmaqdır. Çalışıram ki, çox vaxt yazarların köşələrini çapdan qabaq oxumayım. Çünki istəyirəm ki, qəzet çıxandan sonra da oxumağa nəsə qalsın. Ümumiyyətlə, bütün yazarlara güvənirəm. Onlara demişəm ki, təhqir olmasın, ancaq sağlam şəkildə kimi necə istəyirsiniz, elə də tənqid eləyin.
Mənimçün qəzetçilikdə əxlaqlı olmaq əsasdır. Əgər oxucu qəzeti evinin kandarındakı zibil yeşiyinə atmayıb, rahatlıqla evinə gətirə bilirsə, deməli yaxşıdır. “Het-trik news”un ilk oxucuları övladlarımdır. Gecə evə gələndə hərəsinə bir qəzet gətirirəm. Səhər yuxudan oyananda qəzeti oxuduqlarını görürəm. Öz uşaqlarıma məsləhət görmədiyim yazı və şəkilləri başqalarına neçə rəva görə bilərəm?
-İki ildə ən uğurlu layihəniz hansı olub?
– Ceyhun Əliyevin hazırladığı “Qarabalanın qara-qurası” adlı rubrika. Təəssüf ki, Ceyhunun bizdən ayrılmasından sonra o layihə yarımçıq qaldı. Davam etdirməyə cəhd etsəm də, məndə alınmadı.
-Bəs “Əlifba dərsi” niyə yarımçıq qaldı?
-“Əlifba dərsi” dayanmayıb. Sadəcə müsahiblərə görə müsahibənin şəkli də dəyişir. Məsələn, Arif Əsədov 5 nömrəli futbolçu olub. Ondan 5 fərqli müsahibə alıb, sonra birləşdirmişəm. Uşaq, gənc, futbolçu, məşqçi və ailə başçısı Arif Əsədov. Elə futbolçu olub sırf “Əlifba dərsi”nə müraciət eləmişəm. Ancaq həmişə əsas məqsədim müsahibin “sıxıb, suyunu çıxarmaq” olub.
-Müsahiblərinizin daha çox köhnə futbolçuların arasından seçilməsinin özəl bir səbəbi varmı?
-Uşaqlıqda “Neftçi” azarkeşi olmuşam. O vaxtkı futbolçular mənim üçün əlçatmaz idi. Ancaq indi onların çoxu ilə dostluq münasibətim var. Həmin müsahibələri onları daha yaxından tanımaq üçün, iç dünyalarını daha yaxşı açmaq üçün alıram. Həm özüm üçün, həm də oxucularıma tanıtmaq üçün. Bu yaxınlarda Nazim Süleymanovla birgə övladlarımın məşdini izləyirdim. Onlardan Nazim müəllimi tanıyıb-tanımadıqlarını soruşdum. Nə mənimkilər, nə də digər uşaqlar tanımadı. İndiki nəsil Messi, Ronaldonu tanıyır. Olsun. Amma bizim də özümüzə görə messilərimiz, ronaldolarımız var axı. Onları balacalara kim tanıtmalıdı? Bir nəfər var ki, mən ondan heç vaxt müsahibə götürməyəcəm.
-Kim?
-Maşallah Əhmədov.
-Səbəb?
-O, mənim uşaqlıq kumirim olub. Futbol oynayarkən özümü həmişə Maşallah Əhmədova oxşadırdım. Hətta qaçarkən belə boynumu onun kimi əyirdim. İndi ondan müsahibə almağa, daha yaxından tanımağa risk eləyə bilmirəm. Hətta olub ki, neçə dəfə qarşılaşmışıq. Ancaq yaxınlaşıb salam belə verməmişəm. Bunun da səbəbi odur ki, sanki içimdə saxladığım, düşündüyüm bir mif var və o mifin dağılacağından qorxuram. Bəlkə də onunla söhbətləşsəm, danışsam daha yaxşı olacaq. Ancaq risk eləyə bilmirəm. İstəyirəm ki, o mənim yadımda məhz uşaqlıqda olduğu kimi qalsın.
-“Het-trik news”da bu vaxta kimi hansısa bir yazı “bu yazılmalıdır” deyə, dərc olunubmu?
– 1-2 dəfə olub. Yox desəm, səmimiyyətdən uzaq olaram. Kiminsə xətrinə hansısa yazı yazılıb. Kiminsə işinin düzəlməsi üçün elə yazılar olub.
-Bir tovuzlu olaraq, həm jurnalist, həm də köhnə futbolçu kimi “Turan”ın indiki acınacaqlı halı sizə necə təsir edir?
– Tovuz futbolunda hal qalıb ki? Nəinki Tovuzda, Gəncəbasar zonasında futbol çöküb. İki dəfə “Şəmkir”, dörd dəfə “Kəpəz”, bir dəfə də “Turan” çempion olub. Üst-üstə 7 çempionluq qazanan komandalar indi birinci dəstədə gün keçirməklə məşğuldurlar.
-Əgər təklif olsa, hansısa bir klubda mətbuat xidmətində işləmək istərdinizmi?
-Xeyr. Mən düşünürəm ki, hansısa bir klubda istənilən vəzifədə çalışa bilərəm. Ancaq təklif olsa belə, “525”i heç bir kluba dəyişmərəm. Hətta “Turan”a da. Lap “Barselona”ya da olsa… Yox, “Barselona” variantını fikirləşərəm (gülür).
-Son sual: “Het-trik news” ailənizin üçüncü övladıdır, yoxsa gəlir mənbəyi?
-Qonağı.
saytlarin hazirlanmasi