Klublarımız teleyayımdan pul qazana bilərlər
Bu illər ərzində Azərbaycan futboluna xeyli vəsait yatırılsa da, qarşılığı çox cüzi olub. Az-çox klub futboluna ümid oyanıb, ancaq klublarla bağlı durum da pisə doğru dəyişməyə başlayıb.
İş adamları sanki minnətlə klub saxlayır. Bölgə klublarına ümumiyyətlə yaxın duran yoxdur. Gəncə, Tovuz, Şəmkir kimi bölgələrdə futbolun ölməməsi, heç olmasa həvəskar səviyyədə yaşaması üçün Rövnəq Abdullayev bu klubları özü maliyyələşdirir. Ancaq bölgə klubları Premyer Liqada olmalıdı, səviyyəsi həvəskarlara bənzəyən 1-ci divizionda yox!
Bu gedişlə yaxşıya doğru dəyişən heç nə olmayacaq. Çünki Azərbaycan futbolu gəlir gətirən sahə deyil. Bizim futbol biznes yox, sosial layihədir. Sosial layihələrə böyük pullar xərcləmək isə bizim əksər iş adamlarının təfəkkür səviyyəsi deyil.
Çempionatın, klubun səviyyəsinə görə rəqəmlər dəyişsə də, hər yerdə pul qazanmağın yolları eynidir: Teleyayım gəlirləri, bilet satışları, sponsor müqavilələri, oyunçu satışı və s.
Misal üçün, İngiltərənin ortabablarından olan “Fulhem”i götürək. Ötən ilə qədər Premyer Liqada mübarizə paran klubun büdcəsi 103 milyon funt təşkil edirdi. Klub bu pulun 12 milyonunu bilet satışından, 5 milyonunu sponsor müqavilələrindən, daha 3 milyonunu isə oyunlar zamanı içki və qidalardan, klub atributikasının satışından qazanırdı. Büdcəni formalaşdıran qalan 80 milyon isə teleyayımdan gəlirdi.
Hələ bir neçə il əvvəl bu barədə fikir söyləsəm də, AFFA buna lazımi reaksiya vermədi. Nə qədər təəccüblü səslənsə də, Azərbaycanda klublar teleyayımdan pul qazana bilərlər. Sadəcə, bu layihəni dərindən incələmək və mahiyyətinə varmaq gərəkir. Rövnəq Abdullayev bunu gerçəkləşdirə bilsə, bununla kiçik klubların da maliyyə sabitliyini təmin etmiş olacaq.
İlk növbədə futbol telekanalı yaratmaq lazımdır. Bu layihəni elə Rövnəq Abdullayevə məxsus “CBC” telekanalının nəzdində də yaratmaq olar. Misal üçün, “CBC-Futbol”. Kanal pullu olsun və kabel televiziyalarında bu kanala baxmaq istəyənlər aylıq əlavə 3 manat ödəniş etməli olsunlar. Eyni zamanda, Gəncə, Tovuz, Şəmkir, Qusar, Mingəçevir və digər bölgə klublarını Premyer Liqaya gətirməklə klubların sayını 14 və ya 16-a çatdırmaq lazımdır. Futbolun sərhədləri böyüdükcə, maraq da böyümüş olacaq. İlk ildə Bakı və bölgələrdə 100 min abonent yığılsa, bu, artıq müəyyən qazanc demək olacaq. Bu izləyici kütləsinin yarısını elə Lənkəran, Gəncə kimi futbol şəhərlərindən yığmaq mümkün olacaq. Layihə özünü doğrultsa, hətta xaricdə yaşayan azərbaycanlılar da bu kanala baxa biləcək.
Hər turun yalnız bir oyunu dövlət televiziyası (idman kanalı) vasitəsilə yayımlansın. Bütün qalan oyunları izləmək istəyənlər isə futbol kanalına baxmalı olsunlar. Futbol kanalında həmçinin maraqlı verilişlər, layihələr, xarici futbol çempionatları da yer alsın.
Hər kluba teleyayım hüququna görə, 1,5 milyon manat ödənilsə, kiçik klublar bu vəsaitlə çempionatda normal mübarizəni təmin edə biləcəklər.
Bu layihə ilk illərdə ziyana işləyəcək. Ancaq bir neçə ildən sonra bu layihənin sayəsində klublarımız qazanc əldə edəcəklər. Bu yazıda layihəni bir qədər səthi təqdim etdim. AFFA-ya maraqlı gəlsə, daha dəqiq məlumatlar verə bilərik. Ancaq istənilən halda, Elxan Məmmədov bunu Rövnəq Abdullayevə izah etsin. Klublar futboldan pul qazanmasa, yaxşıya doğru heç nə dəyişməyəcək.
Emin ABBASOV
saytlarin hazirlanmasi