"Neftçi"də tarix yenə təkrarlanır

14:35 - 9 May 2015

Eyni üsulla aparılan islahatlar

 

Müstəqillik dövrümüzün “Neftçi”si ən pis vaxtlarını Əkbər Hacıyevin rəhbərliyi altında yaşamışdı. Futboldan uzaq adamlarla dolan klubda biabırçılıq baş alıb gedirdi, “flaqman”ı göz görə-görə dağıdırdılar. Yurgen Gede kimi bir gədənin sözüylə Rəşad Sadiqov, Elnur Allahverdiyev, Georgi Adamiya, Aleksandr Çertoqanov, Rəşad Sadıqov kimi liderlər komandadan uzaqlaşdırılmışdı. O vaxtlar “Neftçi”nin autsayder halına gəlməsi təəccüblü deyildi. Bir klubun düşünən beyni İlqar Quluzadə olandan sonra o klubdan yaxşı nə isə gözləmək olmazdı…  

 

Pİs günə düşən “Neftçi”ni yenidən ayağa qaldırmaq üçün iş başına Sadıq Sadıqov gətirildi. “Neftçi” İSM kimi böyük bir idman müəissəsinə rəhbərlik edən bu şəxsin futbol klubunu da uğurla idarə edəcəyinə inam böyük idi. Eyni zamanda onun idmançılar arasında böyük nüfuza malik olması da nəzərə alınmışdı. Aylarla klubun bazasına gəlməyən Əkbər Hacıyevdən fərqli, Sadıq Sadıqov bütün işləri nəzarəti altına aldı və qısa zamanda “Neftçi”ni yenidən iddialı kluba çevirdi. Lakin İlk vaxtlar hamının rəğbət bəslədiyi klub prezidenti zamanla çoxları tərəfindən sevilməməyə başladı. Ki, bunun günahkarı Sadıq bəyin özü oldu. Onun gəlişi “Neftçi”də çox şeyi dəyişmişdi, komanda çempion olmasaydı belə, həmişə mükafatçılar arasında olacaqdı, avrokuboklarda da adından söz etdirəcəkdi. Ancaq Sadıq Sadıqov gördüyü işin nəticəsini səbrlə gözləmək əvəzinə, Ramin Musayevlə lazımsız “oyunlara” getdi. Əfqan Həmzəyev, Rövşən Əhmədov, Ramil Diniyev, Anar Salmanov, Elnur Muradov kimi hakimlər “Neftçi”yə “işlədiyinə” görə “yandılar”. Çox keçmədi ki, ölkə mətbuatında Sadıq Sadıqovun klubu kriminal üsullarla idarə etdiyinə dair xəbərlər yayılmağa başladı. Ki, bunun da günahkarı Sadıqovun özü idi. Əvvəlcə Karqbonu, sonra “Bakı”nın digər futbolçusu Elvin Əliyevi döydülər. Sonra bir klubun məşqçisinə əl qaldırdılar. Kubokun finalında yaşanan kütləvi dava isə bu qalmaqalların son həddi oldu. Məhz bu hadisədən sonra rəqibləri Sadıq Sadıqovu “Neftçi”dən uzaqlaşdırmaq üçün əla imkan əldə etdilər və bundan lazımınca yararlandılar. Sadıq Sadıqov bu illər ərzində nəticə qazanmağı hər şeydən üstün tutdu, ancaq indi onun çempionluqlarını can dərdi dilə gətirirlər, heç çox sağ ol da deyən yoxdur ona. Sadıqov vaxtında ətrafına futbolu bilən, ziyalı adamlar yığsaydı, daim işinin başında olan klub prezidenti kimi gec-tez nəticə qazanacaqdı. Qazanmasaydı belə, həmişə ölkə futboluna xidmət eləyən adam kimi xatırlanacaqdı. Əslində, o, ölkə futboluna xeyir verə bilərdi. Çox təəssüf…

 

“Neftçi” yenə dəyişir. Bu dəfə klubun başına ziyalı insanlar gətirilib. Heç şübhə etmirəm ki, onların təyinatı “Neftçi”ni qalmaqallı klub imicindən qurtarmağa hesablanmış kimi təqdim olunub ən yuxarılara. Ancaq yeni rəhbərliyin ilk addımları bizi yenidən Əkbər Hacıyevli dövrə qaytarır. Düzdü, o vaxtlar klubu idarə eləyən İlqar Quluzadə ilə indiki idarəçi Elnur Məmmədovu tərəzinin eyni gözünə qoymaq haqsızlıq olardı. Elnur bəy çox mədəni və kifayət qədər savadlı insandır. Ancaq “Neftçi” rəhbərlyinin iş metodikası peşəkarlığına görə o vaxtlardan heç fərqlənmir. O “Neftçi”də islahatlara Rəşad Sadiqov, Elnur Allahverdiyev və Rəşad Sadıqovla başlamışdılarsa, bu “Neftçi”də Elvin Yunuszadə, Rauf Əliyev və Mirhüseyn Seyidovla başlamaq istəyirlər. Bəzi futbolçular həqiqətən də, gözə yaxşı dəymirlər. Ancaq tək bu üçü yox, demək olar ki, komandanın bütün futbolçuları motivasiyalarını itiriblər. Onları qınamaq olarmı? Axı, onlar insandılar və son vaxtlar yuxarıların “Neftçi” uğrundan apardıqları savaşın bir hissəsi də onlar olublar. Yəni, “Neftçi” rəhbərliyi düşünür ki, indikiləri yola salıb, yerinə daha yaxşı yerli futbolçular tapacaqlar? Hadisələrin belə gedişi yaxşı heç nə vəd eləmir. Axı, Əkbər Hacıyevin vaxtında “Neftçi”ni məhz bu usulla dağıtmışdılar. Tarix yenə təkrarlanır?    

 

Emin ABBASOV

Xəbər xətti