Sumqayıtlı veteranlar polislərə qalib gəldi və turnirin qalibi oldu

12:25 - 15 May 2015

Matçda 11 qol

 
"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında keçirilmiş futbol turniri başa çatıb.
 
 
Sportal.az xəbər verir ki, dünən "Kapital Bank Arena"da yarışın son iki oyunu keçirilib.
 
 
3-cü yer uğrundakı qarşılaşmada Sumqayıt Texnologiyalar Parkının komandası Sumqayıt şəhəri 17-ci mikrorayon komandasını 3:2 hesabı ilə üstələyib.
 
 
Final görüşündə isə Sumqayıtın veteranlardan ibarət komandası Sumqayıt Şəhər Baş Polis İdarəsinin komandasına 7:4 hesabı ilə qalib gələrək çempion olub.
 
 
Daha sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev, Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov, klubun baş meneceri Ceyhun Sultanov, veteran futbolçu Telman Salahov və media nümayəndələri iştiak edib. Qaliblərə kubok, diplom, medal və müxtəlif hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
 
 
Xatırladaq ki, 12 komandanın iştirak etdiyi turnirə aprelin 30-da start verilmişdi. Yarışda ümumilikdə 150-ə yaxın həvəskar futbolçu iştirak edəcək.

Xəbər xətti