24 saat fəaliyyət göstərən radio
AAAF Park Yaşayış Kompleksində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə fəaliyyətə başlayan “Bestfm.az” internet radio və televiziyasının yaranmasının 2 illiyi qeyd edildi. İnternet radio və televiziya dahi şəxsiyyət Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın inkişafı istiqamətində gördüyü işləri təbliğ edir. Eyni zamanda, “Bestfm.az” dünyada və ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mədəniyyət, şou, idman və hava haqqında məlumatlar, bir-birindən maraqlı verilişlər, layihələr, milli və xarici musiqilərlə dinləyicilərin və tamaşaçıların görüşünə gəlir.
Radio və televiziya iki il ərzində gündəlik, 24 saat peşəkar komanda ilə fəaliyyət göstərir. “Bestfm.az” fəaliyyəti dövründə kifayət qədər dinləyici auditoriyası toplayıb. Yeni mövsümdə internet radio və televiziyada ictimaiyyət üçün maraqlı və aktuallıq kəsb edən layihələr yayımlanacaq.
Mayın 15-də AAAF Park Yaşayış Kompleksinin ərazisindəki konsert məkanında keçirilən tədbirdə iştirak edən Abşeron mədəniyyət evinin nümayəndəsi Hürü Səmədova çıxışında gənc kollektivin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. Hürü Səmədova “Bestfm.az” kollektivinin həyata keçirəcəyi bütün layihələrdə onlara hər zaman dəstək olacaqlarını nəzərə çatdırdı. Respublikanın xalq artisti Bilal Əliyev isə ulu öndər haqqında vətənpərvərlik ruhunda bir neçə mahnı ifa etdi. Mərasimə dəvət olunan telejurnalist Azər Qismət kollektivdə çalışan həmkarlarına uğurlar arzuladı. Azər Qismət nitqində bir daha qeyd etdi ki, peşəkarlar olan yerdə hər zaman inkişaf var və onların səyi nəticəsində “Bestfm.az”ın yaxın gələcəkdə böyük rəğbət qazanacağına əmindir. “Bestfm.az”ın rəhbəri Aqil Məmmədov tədbirdə onlara dəstək olan hər kəsə təşəkkür etdi. Fiziki məhdudiyyətlərinə baxmayaraq, Aqil Məmmədov bu iki il ərzində ruhdan düşmədiyini, birgə çalışdığı kollektivlə çox arzularını gerçəkləşdirmək niyyətində olduğunu diqqətə çatdırdı.
Tədbirə Faytonçu Nazim, Nadir Bayramlı, Boris Bayramov, Elxan Qaraxanoğlu, Günel Məhərrəmova və digər gənc müğənnilər ifaları ilə rəng qatdılar. “Bestfm.az”ın rəhbəri Aqil Məmmədov, müavini Teymur Bayramov, baş redaktoru Aynur Nadirqızıdır. Tədbiridə Turan Novruz və Əli İsmayılov aparıcılıq etdilər.
saytlarin hazirlanmasi