Avropa Oyunlarının məşəli Oğuzda

18:17 - 25 May 2015

Minlərlə sakin küçələrə axışıb

 

Birinci Avropa Oyunlarının məşəli mayın 25-də qədim Oğuz rayonuna aparılıb.

 

Sportal.az xəbər verir ki, mərasimi izləmək üçün minlərlə sakin küçələrə axışıb.

 

Günorta saatlarında Ulu Öndərin adını daşıyan prospektdə birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəli qəbul edib. Avropa Oyunlarının məşəlini növbə ilə bir-birinə ötürən 10 məşəlçi prospekt boyunca 2,3 kilometr məsafə qət edərək Olimpiya İdman Kompleksinin stadionuna gəliblər. Stadiona toplaşan minlərlə rayon sakini məşəl estafetinin iştirakçılarını sürəkli alqışlarla qarşılaşıblar. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.

 

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirilən videoçarx nümayiş etdirilib.

 

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Olimpiya İdman Kompleksinə təhvil verilib.(AzərTac)

Xəbər xətti