Milli üzvünü ehtiyatda saxlamaq alınmayacaq
Növbəti mövsüm üçün transfer çalışmalarına başlayan “Qarabağ” “Simurq”un yarımmüdafiəçisi Vüqar Musafayevin də keçidini həll etdi. Həm Mustafayevin, həm də “İnter”dən gələn Coşqun Diniyevin transferi daha çox 21 yaşa qədər futbolçularla bağlı olan tələbatın nəticəsidir. Eyni zamanda bu transferlər “Qarabağ”dan kiminsə ayrılacağı anlamına gəlir. Bəs, kimin?
Legionerlərə limit tətbiq olunan çempionatlara nəzər salsaq görərik ki, əksər iddialı komandaların məşqçiləri əcnəbiləri daha çox hücum xəttində istifadə etməyə çalışır, yerliləri isə axra xətdə. “Qarabağ” üçün ən uyğun müqayisə Rusiya ÇSKA-sı ola bilər: qapıda İqor Akinfeyev, müdafiədə Sergey İqnaşeviç, Vasili Berezutski, Kirill Nababkin üçlüyü, irəli xətdə isə Alan Dzaqoev. “Qarabağ”a fikir verin: müdafiədə Rəşad Sadıqov, Bədavi Hüseynov və Maksim Medvedev üçlüyü, onların önündə isə Qara Qarayev. İrəli xətdə yer almalı olan daha bir yerli futbolçuyla bağlı isə variantlar müxtəlifdir.
Azərbaycan Premyer Liqasının reqlamentinə görə, hər komandanın start heyətində 1 nəfər 21 yaşa qədər futbolçu olmadır. Son illər “Qarabağ” bu tələbi Qara Qarayevin hesabına yerinə yetirirdi. Növbəti mövsümdən Qara Qarayevin artıq bu yaş həddinə uyğun gəlmədiyi üçün Coşqun Diniyev və Vüqar Mustafayev transfer olundu. Və hər iki futbolçunun ampluası dayaq yarımmüdafiəçisidir, eynən Qara Qarayev kimi. Hələ bu mövqedə Namiq Yusifov da var, Hacı Əhmədov da. Əvvəllər də heyətə az-az düşən Hacı Əhmədovun gedişi artıq şübhə doğurmasa da, Qara Qarayevlə Namiq Yusifov arasında seçim edilməlidir.
Son transferlədən sonra bu qənaətə gəlmək olar ki, Qurban Qurbanov 21 yaşa qədər futbolçularla bağlı olan tələbi məhz dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu hesabına yerinə yetirməyi planlaşdırır. Deməli, iki dayaq yarımmüdafiəçisindən biri mütləq şəkildə ya Vüqar, ya da Coşqun olacaq. Bu mövqedə çıxış edən ikinci adam Riçard Almeydadır ki, o, nəinki bu mövqeyin, hətta bütün “Qarabağ”ın ən yaxşısıdır. Belə bir ehtimal da var ki, Riçard oyun qurucusu mövqeyində çıxış etsin, onun arxasında isə bir 21 yaşlı futbolçuyla Qara Qarayev. Ola bilər ki, mövsüm ərzində komanda meydana belə düzülüşlə də çıxsın. Ancaq çətin ki, Qurban Qurbanov bu varianta tez-tez əl atsın. Çünki oyun qurucusu mövqeyində çıxış etmək üçün Leroy Corc, Muarem, Quintana kimi futbolçular var heyətdə. Hələ Çumbinyonu heyətdə saxlasalar, həmin mövqedə də əməlli-başlı rəqabət olacaq.
İlk baxışdan düşünmək olar ki, “Qarabağ”dan yola salınacaq adam Namiq Yusifovdur. Ancaq indiki durumu incələyəndə, maraqlı məqamlar ortaya çıxır. Qara Qarayev komandada qalsa da, növbəti mövsüm onun oynamaq şansı az olacaq. Belədə, o, həm formadan düşə bilər, həm də millidəki yerini itirə bilər. Buna görə də, Qara Qarayevin ehtiyatda qalacağı təqdirdə “Qarabağ”ı tərk etmək istəyinə düşəcəyini artıq indidən demək olar. Karyerasının son illərini yaşayan Yusifovun isə ehtiyatda qalmasında elə bir ciddi qəbahət olmayacaq. İndi Qurban Qurbanov qərar verməlidir ki, onlardan hansı birini saxlasın. Qara Qarayevi, yoxsa Namiq Yusifovu.
Emin ABBASOV
saytlarin hazirlanmasi