Qurban Qurbanovdan 6 il sonra yenə kubok, üstəlik də çempionluq

00:18 - 4 İyun 2015

"Qarabağ" üçün əla mövsüm

 

“Qarabağ” o vaxt da ölkə kubokunu qazanmışdı, Qurban Qurbanovun bu klubda işə başladığı birinci ildə. O qələbədən bu qələbəyə qədər 6 il keçdi. Düz 6 illik bu yolu Qurban Qurbanov  elə düz də keçdi. Düzdə qalacağını düşünənlər olsa da, adam 6 ildən sonra yenə bu kuboku qazandı. Və tək kuboku yox. Kubokla birlikdə ölkə çempionluğunu “qızıl dubl” şəklində bəxş elədi “Qarabağ” azarkeşlərinə.

 

“Neftçi” ilə final oyununun elə əvvəllərindən aydın idi ki, “flaqman” indiki vəziyyətdə “Qarabağ”a güc gələcək halda deyil. Bir-iki dəfə ofsayddan vurulan təhlükəli zərbələr və qarmaqarışlıqdan vurulan qol. Oyun ərzində “Neftçi”nin yaratdığı təhlükəli hücumları bundan artıq təsvir eləmək çətindir. “Qarabağ”da isə təkcə Reynaldo het-trik də edə bilərdi, lap elə poker də.  

 

Bu “Qarabağ” klub tarixinin (həm də Azərbaycan futbolunun) ən yaxşı komandası olduğunu Avropa Liqasının qrupunda da hamıya göstərmişdi. Onu hamı tanıdı. Sevənlər də, sevməyənlər də. Qurban Qurbanov çempionluq və kuboku qazanmaqla bu mövsüm qapını arxasınca möhkəm çırpdı.

 

Qurban Qurbanovun şah əsəri olan “Qarabağ” haqqında yeni nə isə yazmaq çətindir. Demək olar ki, hər şey yazılıb, hər şey deyilib. Deyinənlər də olub onun haqqında danışanda. Çempionat zəifdi, rəqiblər zəifdi, lap elə kimlərinsə ürəyi və ya əsəbləri zəifdirsə, bu, mahiyyəti dəyişmir. “Qarabağ” bu ölkənin vətəndaşları üçün uzun illərdi  üz qarası olan futbolda möhkəm dolanmış qara bağı qıran, azarkeşləri stadionlara qaytaran, onlara qürur anları bəxş edən komandadır.

 

“Qarabağ” bu mövsümü birnəfəsə keçsə də, Qurban Qurbanovun işi bitmədi. Mövsüm bitdi, amma Qurbanov yeni mövsüm üçün indidən hazırlıqlara başlamalıdı. Qarşıda avrokubok oyunları olacaq. Azarkeşlər isə ondan yeni zəfərlər gözləyir...

 

Emin ABBASOV    

Xəbər xətti