3 əsas məsələ müzakirə olundu
Bu gün AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların nümayəndələri iştirak edib, ölkə futbolunun inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Toplantı başa çatdıqdan sonra keçirilmiş brifinqdə Klublar Komitəsinin sədri Tuyqun Nadirov müzakirə olunmuş məsələlər barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
"Bir sıra problemlər müzakirə olundu. Əsas üç məsələ sənəd halında AFFA İcraiyyə Komitəsinə göndərildi. Bunlardan birincisi legionerlərə görə üzvlük haqqı ilə bağıdır. Əcnəbi futbolçu 21 yaşdan kiçikdirsə, onlara görə üzvlük haqqını 50 faizə endirmək də olar.
İkinci məsələ klubların öz yetirmələrinə görə kompensasiyası ilə bağlıdır. Klublar öz yetirmələrinin komandadan getməsinə görə kompensasiyasız qalmamalıdır.
Üçüncü məsələni isə "Bakı" qaldırdı. Bu, növbəti 10 il üçün ölkə futbolunun və klubların inkişafına dair dövlət proqramının hazırlanmasıdır.
Teleyayıma gəlincə, "İdman Azərbaycan" çempionat oyunlarını kifayət qədər keyfiyyətli nümayiş etdirir. Amma orada klubların sponsorlarının reklamını da görmək yaxşı olardı.
Bütün bu məsələlərin İK-nın iclasında müsbət dəyərləndiriləcəyinə ümid edirik"
saytlarin hazirlanmasi