Hazırlıqlar davam edir
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası iyunun 23-28-də Türkiyədə keçiriləcək Avropa çempionatına hazırlıqlarını Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir.
Sportal.az xəbər verir ki, baş məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərlik etdikləri təlim-məşq toplanışına yığma komandanın 21 üzvü qatılıb. Pəhləvanlarla gün ərzində keçirilən iki məşq prosesində texniki təlimlərə daha çox üstünlük verilir.
Gənclərdən ibarət Azərbaycan yığma komandası Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatında 8 idmançı ilə təmsil olunacaq.
Yığma komandanın baş məşqçi Şaban Donat müsahibəsində gənc güləşçilərimizin Avropa çempionatındakı şanslarını dəyərləndirib: “Avropa çempionatına qatılan 8 güləşçimizin hər birindən qızıl medal gözləyirəm. Bu yarışa çox ciddi hazırlaşırıq. Pəhləvanlarımız yarışın məsuliyyətini dərk edirlər. Avropa çempionatından 45 gün sonra isə biz Braziliyada keçirilən dünya birinciliyinə qatılacağıq. Hər iki mötəbər yarışda gənc güləşçilərimizin medal qazanmaq şanslarını yüksək qiymətləndirirəm”.
Gənc güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı iyunun 15-dək davam edəcək. Bundan sonra daha bir təlim-məşq toplanışının Bakıda keçirilməsi nəzərdə tutulub. (AzrTac)
saytlarin hazirlanmasi