Qurban Qurbanov: "Bu durum onu qane eləsəydi, maliyyə şərtlərində Vüqara güzəştə gedib ortaq məxrəcə gələcəkdik"

18:33 - 10 İyun 2015

"Leroy "Qarabağ"dan getdi"

 

“Qarabağ”ın baş məqşçisi Qurban Qurbanovun sportal.az saytına müsahibəsi

 

Mövsümü “qızıl dubl”la başa vurdunuz. Demək olarmı ki, komandanın qarşısına qoyulan məqsədlər 100 faiz yerinə yetirildi?   

Həm ölkə çempionluğunu, həm də ölkə kubokunu qazandıq. Ancaq bu o demək deyil ki, bu titulları rahatlıqla əldə etdik. Hamı müqavimət göstərir, hamı nəticə qazanmaq üçün meydanda sona qədər savaşır. Allaha çox şükürlər olsun ki, uğurlu nəticə alındı.  

 

Azərbaycan futbolunun transfer gündəminin zəbt eləyən klublardan biri də “Qarabağ”dır. Yeni futbolçular gəlir, bəzi futbolçular artıq klubu tərk edib, elələri də var fikirləşir. Nə baş verir?

“Qarabağ”da ilk dəfə deyil ki, heyətdə dəyişikliklər olur. Əvvəlki illərdə də bəzi futbolçular gedib, yerlərinə başqaları gəlib. İndiki halda daha yaxşı çıxış etmək üçün yeni futbolçular cəlb edirik. Təbii ki, belə olduqda gedənlər də olur.

 

Corc Leroy “Qarabağ”da qalır, yoxsa gedir?

Leroy “Qarabağ”ın aparıcı futbolçularındandır. Çox istəyərdim ki, onu komandada saxlayım. Lakin Leroy ona etdiyimiz təkliflə razılaşmadı və daha böyük məbləğ istədi. Biz isə imkanlarımıza uyğun davranmaq məcburiyyətindəyik. Buna görə də, onu saxlaya bilmədik. O, “Qarabağ”dan getdi.

 

Milli komandamızın üzvü Vüqar Nadirov da komandanı tərk etdi. Onun da gedişi maliyyə məsələləri ilə bağlı oldu?

Məlum səbəblərdən bütün klublarda maliyyə çətinlikləri var. Bu durum bizə də təsirsiz ötüşməyib. Hamıya olduğu kimi Vüqara da əvvəlki illərlə müqayisədə daha aşağı məbləğdə müqavilə təklif etdik. Amma onunla aramızda əsas söhbət mövzusu maliyyə deyildi. Özünüz də görürdüz ki, bu mövsüm Vüqar bir çox oyunlarda ehtiyatda qaldı. Ona bildirdim ki, ola bilər ki, qarşıdakı mövsümdə də əsas heyətə az-az düşsün. Əgər bu durum onu qane eləsəydi, maliyyə şərtlərində Vüqara güzəştə gedib ortaq məxrəcə gələcəkdik. O isə getmək qərarına gəldi. Mən də onun bu qərarını anlayışla qarşıladım. Bu 6 ildə komandaya çox xeyiri dəyib. Düşünürəm ki, mənim də bir məşqçi kimi onun bu səviyəyə çatmasında əməyim olub. Ona gələcək karyerasında uğurlar arzu edirəm.  

 

Bəs, Teli, İlqar Qurbanov və Namiq Yusifovla bağlı durum nə yerdədir?

Hər üç futbolçuya yeni müqavilə təklif etmişik. Telini təklif etdiyimiz məbləğ bir qədər qane etmir. İlqara digər klublardan təklif var. Namiq də hələ heç nə deməyib. Onların üçündən də cavab gözləyirik.

 

Qarşıda “Qarabağ”ı avrokuboklarda mübarizə gözləyir. Azarkeşlər yenə ümidlidir...

Elədir. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Biz də çalışırıq ÇL-ə yaxşı hazırlaşaq. Ona görə də, transfer siyasətimizi düzgün qurmalıyıq ki, ÇL-in təsnifat mərhələsinə qədər tam hazır olaq. Azarkeşlərin ümidlərini doğrultmağa çalışacağıq.

 

Şahin OĞUZ

Xəbər xətti