"Bakı-2015": iki güləşçimiz finalda

14:06 - 13 İyun 2015

Yunan-Roma güləşi

 

Xəbər verdiyimiz kimi, "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

 

Sportal.az xəbər verir ki, 59, 71, 80 və 98 kq çəki dərəcələrində xalçaya çıxan Azərbaycan güləşçilərindən ilk olaraq Orxan Nuriyev mübarizəyə qoşulub.

 

98 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində isveçli Teodoros Tounosidislə  qarşılaşıb. Orxan rəqibini 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Orxan bu mərhələdə litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3.

 

59 kq çəki dərəcəsində Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Rəqibini 5:3 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə norveçli Stiq-Andre Berqe ilə üz-üzə gəlib. 7:6 hesabı ilə qalib gələn idmançımız yarımfinala çıxıb. O, yarımfinalda Rusiyanın təmsil edən Stepan Maranyanla qarşılaşın və 3:11 hesabı ilə məğlub olub.  E.Muxtarov bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

 

71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub.  Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. R.Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

 

80 kq çəki dərəcəsində 1/8 finalda  Mixael Vaqnerə (Avstriya) 11:0 hesabı ilə qalib gələn Rafiq Hüseynov növbəti mərhələdə Daniel Aleksandrova (Bolqarıstan) qarşılaşıb. O,  10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.  İdmançımız bu mərhələdə Türkiyə idmançısı Səlçuk Cebiyə 9:0 hesabı ilə qalib gələrək finala çıxıb.

Xəbər xətti